“Azərbaycanın Skripal məsələsində mövqeyi ilk gündən etibarən bundan ibarət olub ki, məkanından və zamanından asılı olmayaraq, biz kimyəvi silahların istifadəsinin əleyhinəyik”.
Bu sözləri Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə APA-ya verdiyi müsahibədə Rusiya xüsusi xidmətinin sabiq əməkdaşının zəhərlənməsi və bununla bağlı İngiltərə-Rusiya arasında yaranmış problemi şərh edərəkən bildiirb.
Onun sözlərinə görə, Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsi məsələsində Azərbaycanın mövqeyi aydındır: “Azərbaycan Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü kontekstində dəfələrlə qeyri-ənənəvi silahlardan böyük əziyyət çəkib. Misal üçün, Ermənistan uzun illərdir ki vaxtı keçmiş və təhlükəli Metsamor Atom Elektrik Stansiyasından regional münasibətlərdə bir təsir (hətta şantaj) vasitəsi kimi istifadə etməyə çalışır. Daha sonra, təmas xəttində Ermənistan tərəfindən qəsdən törədilən və söndürülməsinə imkan verilməyən yanğınlar, su və hava məkanlarının çirkləndirilməsini də mən ölkəmizə qarşı qeyri-ənənəvi silah vasitəsilə şantaj və təzyiq kimi qiymətləndirirəm”.
Səfir bildirib ki, beynəlxalq birliyin üzvü və müvafiq Konvensiyalara tərəf çıxmış dövlət kimi Azərbaycanın Skripal məsələsində mövqeyi ilk gündən etibarən bundan ibarət olub ki, məkanından və zamanından asılı olmayaraq, biz kimyəvi silahların istifadəsinin əleyhinəyik. “Artıq həmin prosesin implementasiyası, onun mənbələrinin təsdiqlənməsi və ona aid olan detalların aydınlaşdırılması isə Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın portfoliyasındadır. Bu cür situasiyalarda Azərbaycan hansısa ikitərəfli, ya da məhdud xarakter daşıyan addımların tərəfdarı deyil. Beynəlxalq ictimaiyyətin bir üzvü olaraq hesab edirik ki, bu cür vəziyyətlər üzrə qərarlar çoxtərəfli və ideal şəkildə universal xarakter daşımalıdır. Bu baxımdan, Azərbaycan ilk gündən bu məsələdə KSQT və onun baş katibinin rolunu vurğulayır. Mənə elə gəlir ki, qeyd olunan təşkilatın bəhs olunan məsələ üzrə addımları kifayət qədər şəffaf və konstruktiv idi. KSQT-nin məsələ ilə bağlı hesabatı çıxdıqdan sonra isə Azərbaycan öz mövqeyini həmin hesabata uyğun tutur”.
Paylaş: