Xəbər lenti

İyulun 4-də Avropa Parlamenti Avropa İttifaqı – Azərbaycan yeni sazişi üçün şərtlər siyahısını qəbul edib. Gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır.

Strateq.az Amerikanın Səsinə istinadla xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.

“Avropa İttifaqı (Aİ) əsas dəyərlərinə və hüquqlara hörmətin təmin edilməsi Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsi şərtlərindən biridir”,–  Avropa Parlamentinin deputatları çərşənbə günü bildiriblər.

Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə danışıqların iştirakçıları üçün parlamentin tövsiyəsi 564 səs “lehinə”, 69 “əleyhinə” olmaqla qəbul edilib, 47 nəfər bitərəf qalıb.

Tövsiyələr Avropa Komissiyasının və Aİ xarici siyasət idarəsinin rəhbərini aşağıdakılara çağırır:

– gələcək sazişin hər iki tərəfdə təkcə iri şirkətlərə deyil, həm də Aİ və Azərbaycan vətəndaşlarına konkret fayda gətirməsi təmin edilsin;

– Aİ və Azərbaycan arasında münasibətlərin demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, insan hüquqları və əsas azadlıqlara əməl olunması ilə şərtləndirilməsi təmin edilsin;

– Azərbaycan hakimiyyəti yadda saxlamalıdır ki, əgər Aİ əsas dəyərlərinə və hüquqlarına əməl etməsə, heç bir hərtərəfli saziş ratifikasiya edilməyəcək;

– danışıqlar başa çatana qədər Azərbaycanın öz siyasi və vicdan məhbuslarını azad etməsi vacibdir;

– insan hüquqlarının müdafiəsini, əsas azadlıqları və dinc toplaşma azadlığı hüququnu təmin etmək üçün Azərbaycana yardım göstərmək lazımdır;

– məhkəmə sisteminin qərəzsizliyini və onun icra hakimiyyətindən asılı olmamasını təmin etmək üçün məhkəmə sistemində islahatları dəstəkləmək lazımdır;

– iqtisadi cinayətlərə, korrupsiyaya, pulların yuyulmasına, vergidən yayınmaya qarşı mübarizəyə dair konkret tədbirlər görməli, “Laundromat” işi çərçivəsində pulların yuyulmasını araşdırmaq lazımdır;

– gələcəkdə Azərbaycanda azad və plüralist KİV-i dəstəkləmək, onun üstün siyasi və oliqarx qruplardan asılı olmamasını təmin etmək lazımdır.

Avropa parlamentinin deputatları ümid edirlər ki, əgər danışıqlar cəld gedərsə və bütün əsas şərtlər yerinə yetirilərsə, 2019-cu ildə Aİ-Şərq Tərəfdaşlığı sammitinə qədər yeni saziş imzalana bilər.

Onlar həmçinin təkidlə Aİ-ni Avropa parlamenti öz razılığını verməyincə, yeni sazişin ilkin qaydada qüvvəyə minməməsini təmin etməyə çağırırlar.

Parlamentin Azərbaycan üzrə məruzəçisi Norika Nikolay deyib: “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycan isə Aİ-nin energetika üzrə strateji tərəfdaşıdır. Hərtərəfli saziş ilə münasibətlərimizin çərçivəsini yeniləməyin vaxtı çatıb. Bugünkü səsvermə göstərir ki, Avropa parlamenti Azərbaycanda baş verən hadisələrə çox diqqətlə yanaşacaq. Ümid edirəm ki, demokratik standartlardan tutmuş danışıqların başa çatmasına qədər lazımi irəliləyişin əldə olunması üçün birgə fəaliyyət göstərə biləcəyik”.

Hazırda Aİ və Azərbaycan arasında münasibətlər 1999-cu il tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişlə tənzimlənir. Yeni saziş üzrə danışıqlar 2017-ci ilin fevralında başlayıb. Aİ Azərbaycanın iri ticarət tərəfdaşı və onun iri ixrac-idxal bazarı (Azərbaycanın ümumi ticarətinin 48,6%-i bunun payına düşür) , birbaşa xarici investisiyaların əsas mənbəyidir.

 




Ana səhifəyə qayıt        Baxış: 543          Tarix: 5-07-2018, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma