Xəbər lenti

ABŞ prezidenti Donald Trampın impiçment məsələsi yenidən gündəmə gəlib. Hələ prezidentliyə yeni başladığı dönəmdə yerli CNN kanalı tərəfindən Trampın yaxın çevrəsinin Rusiya kəşfiyyatı ilə əlaqələrinə dair görüntülər ortaya atılmışdı. Bu kimi məlumatlar səbəbindən o zamanlar ABŞ-da siyasi və ictimai gərginlik yaşansa da, Tramp fəaliyyətinə davam edə bilmişdi. İndi isə ABŞ kəşfiyyatı Tramp-Rusiya əlaqələrinə dair araşdırma nəticələrini ortaya qoyub və onun istefası yenidən tələb edilir.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, seçildiyi ilk gündən Trampın ABŞ kimi dövlətin prezidentliyinə o qədər də uyğun olmadığı bəlli idi: “Əvvəla, siyasi təcrübəsi yoxdur, xarici siyasət məsələlərini də, demək olar ki, çox zəif bilir. Amerika üçün töhmət olan ən başlıca səbəbi isə ondan ibarətdir ki, Trampın seçilməsinə Rusiyanın köməyi olması faktları meydana çıxıb. Bu faktları araşdırmaq Federal Təhlükəsizlik İdarəsinə tapşırılmışdı, Trampın idarənin sədrini bu məsələ ortaya çıxan kimi istefaya göndərməsi də xeyli şübhələrə yol açdı. Həmin şəxs Klintonun prezident seçilməsinə əngəl törədən başlıca şəxslərdən olmuşdu və Klintonu nüfuzdan salan məlumatların yayılmasında önəmli rol oynamışdı. İndi isə həmin adama Trampa bağlı məsələnin araşdırmasını tapşırmışdılar. Ümumiyyətlə, Rusiya sevgisi Trampın seçkiqabağı çıxışlarında da hiss olunurdu. İndi isə məlum olur ki, Trampın xeyli adamı seçkiqabağı dönəmdə Rusiya ilə əlaqə saxlayırmış və ortada da pul məsələsi varmış. Hətta iddia irəli sürülür ki, Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsində Putin də iştirak edib. Trampın seçilməsi onsuz da şübhəli idi. Rusiya faktorunun bu məsələyə əlavə edilməsi isə şübhələri daha da artırır. İndi isə Demokratlar Partiyasından xüsusi qrup Trampın impiçment məsələsi ilə bağlı faktlar toplayırlar. Ən qəribəsi budur ki, senatorlar, konqresmenlər, Respublikaçılar Partiyasından şəxslər də Trampla bağlı pozitiv fikirlərə malik deyillər. Xüsusilə yaxınlarını Ağ Evdə vəzifələrə təyin etdikdən sonra Tramp haqqında fikirlər birmənalı olaraq mənfiyə istiqamətləndi. Lakin ola bilər ki, Səudiyyə Ərəbistanına səfəri zamanı Tramp öz imicinə xallar gətirən hərəkətlər etsin. Hər halda bu da faktdır ki, Tramp vəzifədə olduğu 4 ay müddətində nə daxili, nə də xarici siyasətə dair konseptual xarakterli heç nə irəli sürməyib. Bunlar göstərir ki, Tramp prosesləri zəif bilir və idarəçilik üçün yetərli intellektual hazırlığa malik deyil”.
Politoloq Trampın istefasının Azərbaycana təsirləri barəsində də danışıb: “Amerikanlar bilirlər ki, 4 illik hakimiyyət dönəmində Trampa görə başları çox ağrıyacaq. Ona görə də demokratların köməyi ilə Trampın impiçment məsələsini reallaşdırmaq istəyirlər. Yaxın zamanlarda bu, Amerikada bir nömrəli məsələ olacaq. Azərbaycan üçün isə düşünürəm ki, Trampın yerinə kim gələrsə, fərqli olar. Nəzərə alaq ki, Tramp, Türkiyə prezidenti ilə görüşü zamanı onu o qədər də xoş qarşılamadı. Eyni zamanda Türkiyə prezidentinin Yaxın Şərqlə bağlı qaldırdığı məsələlərin də heç birinə müsbət cavab vermədi. Qısası demək olar ki, Tramp Türkiyəyə yuxarıdan aşağı baxaraq, bu cür münasibət bəslədi. Ona görə də hesab edirəm ki, NATO üzvü olan ölkəyə belə münasibət bəslənirsə, Azərbaycan üçün onun fəaliyyətinin o qədər də səmərəsi ola bilməz. İndiyədək fəaliyyətdə olduğu dövrdə Tramp bir dəfə də olsa Dağlıq Qarabağ probleminin adını çəkməyib, Minsk Qrupuna yeni həmsədr təyin edilsə də problemin həlli ilə bağlı iş görməyib. Özü də nəzərə alaq ki, son dövrlər bölgədə çox təhlükəli bir mənzərə yaranıb. Buna isə bir kəlmə də olsun fikir söylənilməyib. Tramp Rusiyadan, Avropadan danışır və hətta Gürcüstanla bağlı da Konqresdə ciddi qərar qəbul edildi. Lakin Azərbaycanın problemləri nədənsə nəzərə alınmır. Hesab edirəm ki, bu, Trampın çox ciddi çatışmazlıqlarından biridir. İstənilən başqa bir adam Azərbaycan kimi strateji əhəmiyyətə malik olan ölkə ilə bu cür davranmaz. Bəllidir ki, Azərbaycan və Gürcüstanın strateji əhəmiyyəti Qərb üçün eyni ola bilməz. Neftdən, qazdan tutmuş, bölgənin geosiyasi əhəmiyyətinə qədər bu, belədir. Ona görə də indiyə qədər Azərbaycanla maraqlanmayan bir şəxsin bundan sonra da Dağlıq Qarabağ probleminə köməyi olacağını söyləmək çətindir”.

 




Ana səhifəyə qayıt        Baxış: 818          Tarix: 22-05-2017, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma