"Vicdanla söyləmək lazımdırsa, Prezident Tramp FBİ-nin direktoru Ceyms Komini istefaya göndərməyi seçildiyi gündən bəri düşünürdü".
Ovqat.com xəbər verir ki, bunu Ağ evin sözçülərindən olan Sarah Hakkabi Sanders gündəlik mətbuat brifinqində deyib.
O, Federal Təhqiqat Bürosu (FBI) direktoru ilə əlaqədar sualları cavablandırarkən bildirib ki, Ceyms Komi son aylarda etibarını itirmişdi və və bu güvənin yenidən bərpa edilməsi üçün istefa qərarı verilib.
Trampın bu qərarında "FBİ-in Rusiya istintaqının" təsirli olub-olmadığı iddialarına münasibət bildirən sözçüyə görə, "Prezident Nümayəndələr Palatası və Senatın çıxaracağı qərarın nəticəsindən asılı olmayaraq, yoxlamaların davam etməsini istəyir”.
Qeyd edək ki, Ceyms Kominin 2013-cü ildən bəri rəhbərlik etdiyi Federal Təhqiqatlar Bürosu Rusiyanın son ABŞ prezidenti seçkilərinə müdaxiləsini araşdırırdı. İstintaqın əsas hədəfində isə Trampın özü dayanırdı. Odur ki, Ceyms Kominin işindən qovulması bütün dünyada birmənalı qarşılanmamışdı. Ağ ev sözçüsünün son etirafı isə həmin mübahisələri daha da artıra bilər.
Paylaş: