Xəbər lenti

 

Milli azadlıq hərəkatının fəallarından olmuş “Şimal Xəbərləri” qəzetinin baş redaktoru, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Azərbaycan torpaqlarının işğalına dair maraqlı detalların açıqlandığı məqalə ilə çıxış edib.

Həmin məqaləni təqdim edir:

“Əvvəldən başlayıram. 1991-ci ilin avqustunda baş vermiş hərbi qiyamın (QKÇP) əsas məqsədi Sovet İmperiyasını qoruyub saxlamaq idi. Həmin ayın 19-da səhər yuxudan oyanan sovet vətəndaşları Sovet İttifaqı Teleqraf Agentliyinin bəyanatını eşidib şoka düşdülər. Dövlət çevrilişi baş vermişdi. Mətndə bildirilirdi ki, Mixail Qorbaçov xəstələndiyi üçün prezident səlahiyyətləri ondan alınaraq vitse-prezident və yeni yaradılmış Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (QKÇP) sədri Gennadi Yanayevə verilir. Yanayevlə birlikdə komitəyə müdafiə şurası sədrinin birinci müavini Oleq Baklanov, DTK sədri Vladimr Kryuçkov, baş nazir Valentin Pavlov, daxili işlər naziri Boris Puqo, kəndlilər ittifaqının sədri Vasili Starodubsev, dövlət müəssisələri assosasiyasının prezidenti Aleksandr Tizyakov və müdafiə naziri Dimitri Yazov da daxil idilər. SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov da QKÇP-ni dəstəklədi. Vəziyyət çox ağır idi, vətəndaş müharibəsi başlaya bilərdi. Tezliklə Moskvaya yeridilən qoşun hissələri strateji məntəqələri tutaraq dayandı. Bu zaman Rusiya prezidenti Boris Yeltsin Moskvada QKÇP əleyhinə izdihamlı mitinqlərə başladı. Ertəsi gün üç aksiyaçı öldürüldü. Avqustun 21-də isə QKÇP üzvləri həbs edildilər, çox çəkmədən daxili işlər naziri B.Puqo özünü güllələdi. Yeltsin bu mübarizədən qalib çıxdı. Bəs necə oldu ki, Rusiya prezidenti paytaxta daxil olaraq aksiya keçirməyə nail oldu? Bir çox mənbələrdə göstərilir ki, bu məsələdə Yeltsinə DTK sədrinin müavini, birinci baş idarənin rəisi Leonid Şebarşin kömək edib. Onun “Alfa” xüsusi təyinatlılarına mitinqi dağıtmamaq barədə göstəriş verdiyi yazılır. Həqiqətən də bu şəxs QKÇP zamanı aksiyaçıların tərəfinə keçib. Lakin doğrudanmı Boris Yeltsin paytaxta gələrkən onu nə gözlədiyini bilmirdi?

İllər öncə Rusiyada olarkən çox mötəbər və məlumatlı mənbədən aldığım informasiyaya görə, QKÇP yaradılan gün Boris Yeltsin Moskva ətrafında olub. Bununla belə, paytaxt əhalisini mitinqə çağıra bilib. Təbii ki, QKÇP rəhbərliyi məsələdən xəbər tutub. Lakin SSRİ DTK-nın 7-ci idarəsi (Narujka) rəisinin birinci müavini, general-mayor Valeri Badamyans çox məxfi şəkildə Boris Yeltsinlə əlaqə yarada bilib. O, Rusiya prezidentini xəbərdar edib ki, onun həbsi ya da məhv edilməsi barədə göstəriş var. SSRİ Hava Desant Qoşunlarının komandanı və sonradan Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsində işləyən Pavel Qraçov da eyni hərəkəti edir. Onun tabeliyindəki hissələr hərbi çevriliş planını pozurlar. Belə bir vəziyyətdə Boris Yeltsin gizli yolla paytaxta daxil olur və tankın üzərinə çıxaraq aksiyaçılar qarşısında çıxış edir.

Aylar ötür, əfqan xalqına divan tutan və buna görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Pavel Qraçov Rusiya prezidenti Boris Yeltsin tərəfindən müdafiə naziri təyin edilir. Valeri Badamyans isə “KQB”-nin xeyir-duası ilə böyük biznes imperiyası qurur, “Keriban” QSC-ya baş direktor təyin edilir və bir neçə şirkətin rəhbəri olur. 2004-cü ildən sonra Rusiya xüsusi xidmət orqanlarından təqaüdə çıxmış veteranları birləşdirən Ümumrusiya İctimai Fondunun şura üzvü də seçilir.

QKÇP zamanı Azərbaycan paytaxtında baş verən hadisələr də xüsusi diqqət çəkirdi. Belə ki, həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi, prezident Ayaz Mütəllibov İranda səfərdə olarkən QKÇP-ni dəstəkləyən bəyanat verdi. Bununla da siyasi cəhətdən savadsızlığını və başçılıq etdiyi dövlətin yerini göstərdi. Hərbi qiyamdan dərhal sonra Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, AXC sədri Əbülfəz Elçibəyin rəhbərliyi ilə Moskvaya Boris Yeltsini dəstəkləyən teleqram vuruldu. Ayaz Mütəllibovsa daha mürtəce mövqe nümayiş etdirdi. Avqustun 23-də Əbülfəz Elçibəyin və AXC-dən olan millət vəkillərinin başçılığı ilə Bakının keçmiş Sovetski küçəsində yerləşən AXC qərargahı önündə mitinq təşkil edildi. Mən və bacım Yeganə də oradaydıq. Qaldığımız ev qərargaha yaxın idi. Çox keçməmiş Ayaz Mütəllibovun tərəfdarları olan “Qardaşlıq” və “Tövbə” cəmiyyətlərinin üzvləri çoxsaylı milis işçilərinə qoşularaq aksiyaçılara hücum etdilər. Mülki geyimli mütəllibovçular armaturlarla və taxta dəyənəklərlə silahlanmışdılar. Əbülfəz Elçibəyin başı yarıldı və böyrəklərinə ciddi xəsarət yetirildi. Sabir Rüstəmxanlı, Pənah Hüseyn, Bakı kəndlər birliyinin sədri Nəsir Ağayev və başqaları çox ciddi yaralandılar. Pənah Hüseynin qolu sındırıldı, Sabir Rüstəmxanlının başı yarıldı. Əllidən çox aksiyaçı müxtəlif dərəcəli bədən xəsarəti aldı. Mitinq iştirakçılarının əlindən yerə salınan Boris Yeltsinin şəkilləri də qana bulandı. Bu AXC-yə qarşı törədilən ən böyük vəhşiliklərdən biri idi. İmperiya köləsi Ayaz Mütəllibov belə hərəkəti ilə sonrakı rus imperiyası başçısının gözündən birdəfəlik düşdü.

Hadisələrin qızğın vaxtında Naxçıvanda olan Heydər Əliyev “Azadlıq” radiosuna müsahibəsində QKÇP-ni kəskin pislədi və AXC-ni müdafiə etdi. O, eyni zamanda Azərbaycana rəhbərlik edən A. Mütəllibovu mürtəce və cinayətkar adlandırdı. Təbii ki, A.Mütəllibov Kremlin siyasətini Heydər Əliyevdən yaxşı bilə bilməzdi. Təcrübəli siyasətçi hələ QKÇP-dən əvvəl SSRİ-nin dağılacağı proqnozunu vermişdi. Hərbi qiyamın nəticəsi Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi.

Maraqlı bir sual ortalığa çıxır. Bəs niyə Boris Yeltsin QKÇP zamanı ona dəstək verən AXC hakimiyyətini müdafiə etmədi? Bunun üçün ciddi təhlilə ehtiyac yoxdur. Boris onu ölümdən xilas edən, ermənilərin SSRİ KQB-nin əfsanəsi və “görən gözü” adlandırdıqları V.Badamyansa və onun tərəfdarlarına borclu idi. Elə hakimiyyəti illərində də erməni mafiyası ilə sıx təmaslar qurmuşdu. Digər tərəfdən, müdafiə naziri Pavel Qraçov heç də indi Rəhim Qazıyevin iddia etdiyi kimi Azərbaycanın dostu deyil, əsl düşməni idi. Ermənilərin əhatəsində ölkəmizə qarşı məkrli planlar quran və cinayətlərin başında duran Pavel Sergeyeviç ömrünün sonunadək daşnaklara sədaqət bəsləyib. Şuşanın və Laçının işğalı, Xocalı qətliamı, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ermənilərə təhvil verilməsi Qraçovun Ermənistan qarşısındakı xidmətləridir. Lakin 1993-cü ilin 4 iyununda Boris Yeltsinin, Pavel Qraçovun, Badamyansların və digərlərinin Azərbaycanı tam işğal etmək üçün qurduqları plan boşa çıxdı. Millətinin azadlığı üçün canından keçməyə və bu yolda prezident kürsüsünü düşünmədən təhvil verməyə hazır olan Əbülfəz Elçibəy Kreml divarlarını onun sahibindən daha yaxşı tanıyan, bizlərə daim yuxarıdan aşağı baxanların xislətlərini gözəl bilən dövlət adamı Heydər Əliyev və Türkiyə siyasətində “Yıxılmaz qala” kimi tanınan Süleyman Dəmirəlin BÖYÜK DÖVLƏT OYUNU sayəsində Azərbaycan müstəqilliyini itirmədi”. \\Publika




Ana səhifəyə qayıt        Baxış: 439          Tarix: 30-08-2019, 23:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma