Xəbər lenti

 

Fazil Mustafa: “Belə olarsa, deputatların məsuliyyəti ikiqat artar”; Tahir Kərimli: “Ümumiyyətlə, heç kim imtiyazla yaşamamalıdır”

Ukrayna Ali Radası deputat toxunulmazlığını ləğv edib. Belə ki, Ukrayna Konstitusiyasının 80-ci maddəsinə (Ukrayna xalq deputatlarının toxunulmazlığı ilə əlaqədar) dəyişikliklər edən 7203 nömrəli qanun layihəsi Ali Radada ikinci oxunuşda təsdiqlənib. Qanun layihəsinin təsdiqlənməsi üçün minimum 300 səs tələb olunsa da, parlamentin iclasında 373 deputat qanun layihəsinin lehinə səs verib. Yeni düzəliş Ukrayna Konstitusiyasının 80-ci maddəsindən millət vəkillərinin toxunulmazlığı, habelə deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna və həbs oluna bilməyəcəyinə zəmanət verən bəndin çıxarılmasını nəzərdə tutur. Konstitusiyanın 80-ci maddəsində yalnız təhqir və böhtan üçün məsuliyyət istisna olmaqla, deputatların parlamentdə və onun orqanlarında səsvermənin nəticələrinə və ya iradlara görə qanuni cavabdeh olmadığı müddəası yer alacaq. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Azərbaycanda da deputatların toxunulmazlıq hüququ var. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır.

Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

İndiyə qədər ölkə təcrübəsinə görə bir neçə deputatın toxunulmazlıq hüququ ləğv edilib. Onlara misal olaraq Hüseyn Abdullayevin, Gülər Əhmədovanın, İqbal Ağazadənin toxunulmazlıq hüquqları ləğv edilərək həbs ediliblər.

Bəs, deputatların bu hüquqları onlara nə verir? Deputatlar toxunulmazlıq hüquqlarının ləğvini istəyərmi?

Tahir KÉrimli ile ilgili görsel sonucu

Bu suallarla bir neçə deputata müraciət etdik. “Yeni Müsavat”a danışan deputat Tahir Kərimli bildirdi ki, toxunulmazlıq hüququnun ləğvinin tərəfdarıdır: “Birmənalı şəkildə toxunulmazlığın ləğv edilməsinin tərəfdarıyam. Hətta bu barədə 1990-cı illərdə çıxış etmişəm. Hesab edirəm ki, ümumiyyətlə, heç kim imtiyazla yaşamamalıdır. Düşünürəm ki, heç kim heç kimdən artıq deyil. Bu toxunulmazlıq mənim nəyimə lazımdır? Əgər qanunu pozuramsa, hamı kimi mən də məsuliyyətə cəlb olunuram. Yox, əgər pozmuramsa, o zaman kiminlə nə işim var ki? Dəfələrlə bu barədə məsələ qaldırmışıq ki, deputatlıq toxunulmazlığımız olduğu halda, yol polisi bizi saxlayır. Ancaq toxunulmazlıq hüququ olmayan o qədər vəzifəli adamlar var ki, onları saxlayan yoxdur. Toxunulmazlıq hüququ statusdur və təmin olunmursa, kimə lazımdır ki? Yəni ilk növbədə tərəfdarı deyiləm ki, kiminsə imtiyazı olsun. İkinci növbədə isə bu imtiyazlar olsa belə, bunu təmin etməyimiz mümkün deyil. Bu da bir daha məsələni aktuallaşdırır ki, toxunulmazlıq hüququnun olması lazımsızdır. Hamımız Azərbaycan vətəndaşıyıq və heç kim də kimsədən seçilmir, seçilməli də deyil. Ona görə də toxunulmazlığın ləğvinin tərəfdarıyam və əvvəlcədən də bu mövqedə olmuşam”.

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa da bildirib ki, toxunulmazlıq hüququna gərək yoxdur: “Mənim üçün toxunulmazlıq hüququnun heç bir mənası yoxdur. Ona görə də toxunulmazlıq hüququnun aradan qaldırılmasının tərəfdarıyam. Düşünürəm ki, deputat qanunlara hamıdan çox əməl etməlidir. Cəmiyyətin müəyyən etdiyi qəliblərə, davranış  stereotiplərinə daha çox tabe olmalıdır. Ona görə də şəxsən mənim üçün toxunulmazlıq hüququ heç bir əhəmiyyət daşımır. Qanunlara maksimum səviyyədə əməl etməyə çalışıram. Deputat kimi də öz funksiyamı vicdanla yerinə yetirirəm. Ukrayna bizdən fərqlidir və orada cəmiyyətin də bu barədə gözləntiləri var. Zelenski də seçkilər ərəfəsində vəd etmişdi ki, bu hüququ qaldıracaq. İndi də vədinə əməl edir. Azərbaycanda da bunu qaldırmaq prinsipcə mümkündür. Hətta deyərdim ki, bu, çox zəruri məsələdir. Hər halda belə olarsa, deputatların məsuliyyəti ikiqat artar”.

Deputat FÉzail AÄamalı ile ilgili görsel sonucu

Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirib ki, hər bir ölkənin yanaşması fərqlidir: “Tərəfdarı deyiləm ki, hansısa ölkədə atılan addımı biz də təkrarlayaq. Ancaq, təbii ki, maraqlı yanaşmadır. Deputat toxunulmazlığı odur ki, Azərbaycanın Konstitusiyasına görə konkret cinayət üstündə yaxalanmırsa, ona cinayət işi açmaq, toxunulmazlığı aradan qaldırmaq mümkün deyil. Bunun üçün Respublika Prokurorluğunun təqdimatı olmalıdır. Uzun illərdir ki, deputatam və mənim bu və ya digər şəkildə toxunulmazlığım üçün heç bir situasiya olmayıb. Adi vətəndaş kimi davranış və hərəkətlərimdə qanunçuluğu əsas götürmüşəm. Beləliklə də, toxunulmazlıq məsələsi gündəmə gəlməyib. Bir qayda olaraq toxunulmazlıq odur ki, orada deputatın mülkiyyətinin və digər sahələrdə yoxlanılması üçün Respublika Prokurorluğunun sanksiyası olmalıdır. Toxunulmazlıq fərqləndirici bir haldır. Ola da bilər, olmaya da bilər. Bu yanaşma da konkret olaraq reallığa, həmin ölkənin sosial sifarişi və digər amillərə söykənməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 387          Tarix: 6-09-2019, 09:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma