Xəbər lenti

 

Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı dövrdə xalqa verdiyi vədləri bir-bir yerinə yetirir. O, Azərbaycanın gələcəkdə sosial rifah dövlətinə çevriləcəyi ilə bağlı öz mesajlarını vermişdi. Sosial rifah təkcə insanların əməkhaqlarının, pensiya və müavinətlərinin artırılması demək deyil. Sosial rifah dövləti odur ki, vətəndaşın sosial problemlərinin həlli ilə bərabər, eyni zamanda məişət və ətraf mühit də sağlamlaşsın, gözəlləşsin, inkişaf etsin.

Ovqat.com bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Bakının ən mərkəzi yerləri – Basin (Füzuli küçəsi), Çapayev (Təbriz küçəsi) Sovetski, Kubinka, Alatava adlanan ərazilər yaşayış üçün yararsız yerlər idi:

“Azərbaycan xalqının sərvəti 70-80 il sümürülmüşdü, amma xalq pis gündə yaşayırdı. İnsanlar iki-üç əsr əvvəlin kommunal standartlarına cavab verməyən şəraitdə yaşayırdılar. Bu gün isə Bakı möhtərəm prezidentin oktyabrın 1-də Atatürk parkının açılışı zamanı dediyi kimi parklar, bağlar, xiyabanlar şəhərinə çevrilib. Bakı Bulvarı cənab prezidentin dediyi kimi dünyada ən uzun, ən yaraşıqlı bulvarlardan biridir. Heydər Əliyev Mərkəzinin ətrafında insanlar üçün 20 hektardan artıq ərazidə insanlar üçün istirahət parkı yaradılıb. Mən özüm həmin ərazidə yaşayıram. Axşamlar insanlar orada əsl piknik mədəniyyəti nümayiş etdirirlər. Bütün bunlar həqiqətən də sosial dövlət olmağın bir nümunəsidir. Elə oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verildi. Bundan savayı həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Bütün bunlara görə cənab prezidentə və birinci vitse-prezidentə təşəkkür etməliyik. Onların gündəmində hər bir məsələ eyni dərəcədə əhəmiyyətlidir”.

M.İbrahimqızı bildirib ki, Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlığı zamanı Prezident İlham Əliyevin sakinlərlə görüşündə Bakı şəhərində liftlərin təmiri üçün vəsait ayrıldığını deyib:

“Bakı şəhərinin meri də dedi ki, ilin axırınadək 500-dək lift təmir olunacaq. Bu liftlər dövlət vəsaiti hesabına təmir olunacaq. Liftlərin dövlət tərəfindən təmir edilməsi çox nadir ölkələrdə olur”.
Deputat bir məqama da diqqəti yönəldib:

“Atatürk prospektində Atatürk parkının yenidənqurmadan sonra bu günlərdə istifadəyə verilməsi də mən deyərdim ki, təsadüfi deyil. 10 il öncə Naxçıvanda Türk Şurası quruldu. Okrtyabrın 3-ü Türk Günü kimi elan olundu. Bir neçə gündən sonra Türk Şurasının 10 illiyi Azərbaycanda möhtəşəm şəkildə qeyd olunacaq. Türkdilli dövlətlərin liderləri ölkəmizdə toplaşacaq. Bu da 3 oktyabr – Türk Gününə möhtərəm prezidentimizin verdiyi böyük töhfədir. Həqiqətən də prezidentimizin bu fədakarlığı, öz vətəndaşına, türk dünyasına, Azərbaycan xalqına olan sevgisidir. Xalq da onu dəstəkləyir. Möhtərəm prezidentimiz hər zaman deyir ki, mən uğurlarımı xalqın dəstəyini hiss edərək əldə edirəm. Ona görə də ölkəmizdə bu nailiyyətlər qazanılır.
Türk dünyası, türk xalqları bütövlükdə bəşər mədəniyyətinə çox böyük övladlar veriblər. Nəsimi, Nizami, Füzuli, Yunus Əmrə, Əhməd Yasəvi bizim dünya mədəniyyətinə bəxş etdiyimiz ümumi tarixi dəyərlərimizdir. Sözsüz ki, dünyanın dövlətçilik tarixinə də türk xalqları, o cümlədən Azərbaycan, Türkiyə, digər türk dövlətləri adı mühüm şəxsiyyətlər də veriblər. Mən böyük məmnuniyyətlə onların arasında böyük Atatürkü və ulu öndər Heydər Əliyevin adını qeyd edərdim. Həqiqətən də bu iki şəxsiyyət türk dünyasının qüruru, qürur mənbəyidir və əminəm ki, türk xalqları gələcəkdə də dünya mədəniyyətinə və dövlətçilik tarixinə bir çox insanların adlarını yazacaq. Bu mənada içində yaşadığımız həftəyə türkçülük həftəsi demək olar. Bu parkın açılması çox yerinə düşdü”.




Ana səhifəyə qayıt        Baxış: 286          Tarix: 2-10-2019, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma