Xəbər lenti

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet, nəhayət ki, Çində uyğurların vəziyyətinə dair hesabatını dərc edib.

Mişel Baçelet aylar uzunu Sincan Uyğur Muxtar Rayonuna məhdudiyyətsiz giriş tələbindən sonra bu ilin may ayında Çinə səfər edə bilmişdi. Bu, BMT-nin insan haqları komissarının 17 ildə Çinə ilk səfəri idi.

Baçeletin səfəri Pekin rejiminin ciddi nəzarəti altında gerçəkləşdiyinə, komissar Sincanda baş verən qanunsuz hallar barədə kəskin fikir söyləmədiyinə və hesabatı dərc etmədiyinə görə hüquq müdafiəçiləri dairəsində, o cümlədən BMT-nin İnsan Hüquqları Şurasında sərt tənqidlərlə üzləşirdi.

Tənqidlərə məruz qaldığına görə Mişel Baçelet növbəti müddətə insan haqları üzrə ali komissar vəzifəsinə seçkiyə qatılmayacağını, namizədliyini irəli sürməyəcəyini bəyan etmiş, eyni zamanda avqustun sonuna, yəni istefaya gedənə qədər Sincan Uyğur Muxtar Rayonu üzrə hesabatını dərc edəcəyi vədini vermişdi.

Novator.az saytı “Forbes” jurnalına istinadla bildirir ki, Baçelet vədini yerinə yetirib, həm də özünəməxsus tərzdə. O, Çində uyğurların vəziyyətinə dair hesabatını istefaya getməzdən bir neçə dəqiqə qabaq dərc edib.

Hesabatda deyilir ki, Çin hakimiyyəti 2017-2019-cu illərdə terror və ekstremizmə qarşı mübarizə adı altında Sincan bölgəsində sərt kampaniya aparıb, müsəlman uyğurların hüquq və azadlıqları xüsusilə bu kampaniya dövründə ciddi şəkildə tapdanıb.

Hesabatda ali komissar uyğurların insanlıq əleyhinə cinayətlərin qurbanı olduğuna dair məlumatları birmənalı təsdiqləməkdən çəkinir, ancaq uyğurların beynəlxalq cinayətlərin, o cümlədən insanlıq əleyhinə cinayətin qurbanı olmasının mümkünlüyünü də istisna etmir.

Hesabatın gecikməsi də, Baçeletin onu yalnız ali komissar postunu tərk etməzdən bir neçə dəqiqə əvvəl açıqlaması da Çin hakimiyyətinin təzyiqləri ilə əlaqələndirilir.

Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

Neçə ildir dünyanın nüfuzlu hüquq müdafiəsi təşkilatları Pekin rejimini Sincanda müsəlman uyğurların hüquqlarını nümayişkaranə şəkildə pozmaqda, sərt repressiyalar aparmaqda ittiham edir. Hakimiyyət orqanlarının uyğurları işgəncələrə, digər qəddar, qeyri-insani rəftara, cinsi zorakılığa məruz qoyduğu, məcburi əməyə cəlb etdiyi, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, uşaqların valideynlərdən zorla ayrıldığı bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 2 961          Tarix: 1-09-2022, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma