“Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib. Rusiyadakı vəziyyəti nəzərə alsaq, bu layihənin gələcəyi böyük sual altındadır. Təbii ki, Rusiya prezidenti Vladimir Putin ümidsiz şəkildə olsa da, özünü göstərməyə çalışır və hər şeyin nəzarət altında olduğu barədə görüntü yaradır. Xüsusilə, sübut etməyə çalışıb ki, Rusiya neftinə qiymət tavanının tətbiqi heç də qorxunc hadisə deyil və hətta müəyyən mənada Rusiya iqtisadiyyatı üçün müsbətdir”.
Bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb. Müəllif Putinin öz uydurulmuş dünyasında yaşadığına diqqət çəkir: “Ukraynada xüsusi əməliyyat davam edir. Hər şey stabildir və bizim orada heç bir problemimiz yoxdur”. Putin bu fikirləri Ukraynada 100 minə yaxın rus hərbçisinin həlak olduğu, “Kiyevi üç günə alacağıq” ifadəsinin gerçəkləşmədiyi, Qara dəniz donanmasının flaqmanı sayılan Moskva kreyserinin məhv edildiyi bir vaxtda səsləndirir. İzyumun təslim olmasından sonra Xerson da Ukraynanın nəzarətinə qayıdıb. Ukrayna tərəfdən Rusiyaının ərazisinə zərbələr endirilir, ruslar müxtəlif ölkələrə qaçır, Putinin müttəfiq hesab etdiyi Qazaxıstan, Özbəkistan və hətta Tacikistan prezidentləri bir il əvvəl eyham vurmağa cəsarət etmədikləri sözləri dilə gətirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan da İrəvanda keçirilən sammitdə özünü lazımı şəkildə göstərdi, KTMT-nin yardımını qəbul etmədi. Bəs indi niyə Bişkekə getdi? Axı Putin indi dünyanın ən iyrənc fiqurudur. Hətta Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə dekabr ayına planlaşdırılan təkbətək görüşünü ləğv edib. Çünki Hindistanın baş naziri belə təmasların heç bir fayda verməyəcəyini anlayır. Bəs Paşinyan niyə anlamır ki, Putinlə indiki görüşdən Ermənistan üçün heç bir fayda ola bilməz?” – erməni müəllif məqaləsində vurğulayır.
Qriqoryan daha sonra fikirləri belə davam etdirir: “Çin hakimiyyəti Xabarovskdan 65 kilometr aralıda yerləşən Fuyuandakı Amur çayının sahillərinə tikanlı məftillər çəkmək qərarına gəlib. Dekabrın 1-də çəkilmiş fotoşəkillərdə Çin rəhbərliyinin Amur sahili yaxınlığında xüsusi tikanlı məftillər çəkdiyini görmək olar. Həmçinin tikanlı məftillərin üzərində sərhədi keçməməyə çağıran pankartlar, sərhədi qanunsuz keçənlərin cəzalandırılacağına dair yazılar var. Reallıq göz qabağındadır, Çin anlayır ki, Rusiya batmaq üzrədir və ondan maksimum uzaqlaşmaq lazımdır”.
“Təəssüf ki, son vaxtlar biz Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını müşahidə edirik. Azərbaycan Laçın dəhlizini bağlayıb və Xankəndidə bununla bağlı çox böyük narahatlıq var. Paşinyan Rusiya prezidentinə bu barədə deyib. Ancaq Putin güclü və zəhmli Ankara və Bakıya heç nə edə bilmir. Ona görə də sadə bir sual yaranır. Bişkekdəki bu görüş Ermənistana nə verdi?! Bu sualın cavabı yoxdur” – deyə erməni analitik fikirlərini tamamlayıb. \\KONKRET.az
Paylaş: