Xəbər lenti

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində siyasi, iqtisadi, sosial, təhlükəsizlik, regional və qlobal əməkdaşlıq və digər bütün aktual məsələlərə dair geniş açıqlamalar verdi. Dövlət başçısı faktiki olaraq bütün istiqamətlər üzrə 2023 və sonrası üçün “Yol xəritəsi”ni təqdim etdi.

Prezidentin xüsusilə vurğuladığı məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı oldu. O dedi ki, Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır: “Zəngəzur dəhlizi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil. Bu bizim üçün strateji layihədir. Biz tam əminik ki, bunun reallaşması bizim təbii hüququmuzdur. Bundan əlavə, Zəngəzur dəhlizinin reallaşması 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda da öz əksini tapır. Düzdür, orada Zəngəzur dəhlizi termini yoxdur. Bu termini mən ondan sonra geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanın nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq bu bizi dayandırmayacaq”.

Prezident bu kontekstdə habelə qeyd edib ki, Azərbaycan ərazisində həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb: “Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırır”.

Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını bildirən dövlət başçısı deyib: “Biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”.

Bəllidir ki, Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Dünyanın bütün qütblərinin marağında olan sözügedən dəhlizlər Zəngəzur dəhlizi işə düşmədən öz məqsədlərinə tam nail ola bilməz. Bu baxımdan Prezident Əliyevin Zəngəzur dəhlizi ilə bağlı konkret fikirlər söyləməsi, Ermənistanın təxribatlarına rəğmən bu işin baş tutacağını bir daha ifadə etməsi həm də bütün tərəflərə bir mesajdır, duyurudur.

Əslində bu dəhlizin işə düşməsi Ermənistanın iqtisadi və sosial, habelə siyasi xilası deməkdir. Ancaq rəsmi İrəvan hələ də hansısa güclərin, o cümlədən İranın təhdidləri, yaxud hiylələri ilə intihar yolundan çəkilməməkdə israr edir.

O da sirr deyil ki, hazırda proseslər o mərhələdədir ki, şərtləri əsasən Azərbaycan diqtə edir və əksəriyyət də onunla - haqlı və qalib tərəflə hesablaşmaqdan başqa optimal yol olmadığının fərqindədir. Bu səbəbdən hesab etmək olar ki, Zəngəzur dəhlizi ilə bağlı dirənişlər faydasızdır və tezliklə bu istiqamətdə konkret addımlar atılacaq? Ekspertlər ilkin olaraq bu yöndə hansı qərarların veriləcəyini, addımların atılacağını proqnozlaşdırır?

Tofiq Zülfüqarov: “Zəngəzur dəhlizi açılacaq və bölgənin çox vacib kommunikasiya, tranzit mərkəzi olacaq”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin Zəngəzurda Naxçıvana yolun, kommunikasiyanın açılacağı barədə fikirləri bu məsələnin həll olunacağına əminliyin olduğunu nümayiş etdirdi: “Prezident bu məsələdə əminliyini ortaya qoydu. Çünki bu məsələ Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bu məsələnin həlli üçün ciddi siyasi irada olması faktoru çox vacibdir ki, belə bir iradəni Azərbaycan, onun Prezidenti ortaya qoyur. İkinci çox vacib amil ondan ibarətdir ki, əslinə qalsa, Zəngəzur dəhlizi mövzusu kommunikasiya kimi regiondakı ölkələr üçün çox mühüm məsələdir. Burada Azərbaycanın maraqları, Rusiyanın, Türkiyənin, İranın və Ermənistanın özünün də maraqları mövcuddur. Ona görə də bu layihənin həyata keçirilməsi qaçılmazdır. Azərbaycan Prezidenti həm də bu faktorları nəzərə alaraq əminliklə bəyan edir ki, Zəngəzur yolu açılacaq. Gəlin baxaq, Orta Dəhlizin açılmasında maraqlı tərəflər kimlərdir? İlk növbədə Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, Rusiya. İran və Ermənistan da əslində bu dəhlizin açılmasında maraqlıdır. Şimal-Cənub dəhlizini götürsək, bu dəhlizin önəmi bu hadisələrdən çox-çox öncə özünü göstərirdi. Azərbaycan, Rusiya və İranın dövlət başçıları bir neçə dəfə bu məsələyə həsr olunan sammitlər keçiriblər. Şimal-Cənub dəhlizinin əhəmiyyəti barədə çox danışılırdı və görürdük ki, İranın da burada maraqları açıq-aşkar mövcuddur. Əminəm ki, bu maraqlar hələ də gündəmdədir. İndi İranın hazırkı mövqeyi müvəqqətidir və dəhlizə qarşı olan münasibət dövlət maraqları deyil, hansısa qrupun maraqları çərçivəsindədir. Əminəm ki, gec-tez dövlət maraqları İranın mövqeyinin dəyişməsinə gətirib çıxaracaq. Azərbaycan tərəfinin Zəngəzur dəhlizi məsələsində israrlı olması digər ölkələrin də bu məsələdə maraqlı olmasına əminlik yaradır. Yəni Azərbaycan bu məsələdə tək deyil. Zəngəzur dəhlizi açılacaq və bölgənin çox vacib kommunikasiya, tranzit mərkəzi olacaq. Burada açıq dənizə çıxışlar təmin olunması məsələsi də cənab Prezident tərəfindən qeyd olundu. Ermənistanın özünə bu kommunikasiya böyük imkanlar yaradacaq. Odur ki, Ermənistanın da indiki siyasi konyukturası müvəqqətidir və məntiqdən uzaqdır”.

Fikrət Yusifov: “Bu dəhlizin açılmaması Ermənistanın bir dövlət kimi məhvinə aparacaq bir gerçəklikdir”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan rəhbərliyi və Ermənistandakı radikal müxalifət anlamaq istəmir ki, Zəngəzur dəhlizinin açılması nə deməkdir və bu dəhliz nə üçün mütləq açılmalıdır. Anlaşılan budur ki, bu gün Ermənistan hökuməti ona şahmat taxtası üzərində “şah” elan edildiyinin və “mat” olduğunun fərqindədir, lakin Zəngəzur dəhlizi açıldıqdan sonra Ermənistandakı radikal qüvvələrin özünü necə aparacağından qorxur: “Əslində reallıq tam başqadır. Zəngəzur dəhlizinin açılması ilə Ermənistanda Paşinyanın hakimiyyətdən getməsi erməni dövləti üçün bir fəlakət olmayacaq. Dəhlizin açılmaması isə Ermənistanın bir dövlət kimi məhvinə aparacaq bir gerçəklikdir. Bu gün Ermənistanda iqtidarlı müxalifətli bütün ermənilər bu gerçəyi dərk etmək zorundadırlar. Prezident İlham Əliyev heç də əbəs yerə "Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq" demir. Çünki dəhlizin açılması tək Azərbaycanın istəyi deyil. Söhbət bu dəhlizin açılışı ilə regionda baş tutacaq yüz milyardlarla dollar dəyərində yüklərin Qərblə Şərq, Şimalla Cənub yollarının kəsişdiyi bir məkan üzərindən daşınmasından gedir. Bunun üçün regionda nəqliyyat dəhlizlərinin tam və maneəsiz çalışması vacib şərtdir.

Bu yerdə yadıma Ermənistanın israrlı dirənişini xatırladan olduqca mühüm bir hadisə düşür. Çox insanlar vaxtilə Yuqoslaviya Sosialist Federativ Respublikasının darmadağın edilməsinin və onun yerində müstəqil dövlətlərin yaranmasının əsl səbəbini bilmir. Bu dövlətin Qərb banklarından götürdüyü, lakin Qərbin israrlı tələblərinə baxmayaraq geri qaytarmaq istəmədiyi bir borc öhdəliyi yaranmışdı. Yuqoslaviya dövlətinin o vaxtkı rəhbəri bu borcu ödəməkdən açıq şəkildə imtina etmişdi. Bundan sonra baş verənləri isə hər kəs bilir. Bu gün Ermənistan da eyni durumdadır. Ermənilər anlamalıdırlar ki, Zəngəzur dəhlizinin açılması məsələsində ortada tək Azərbaycanın istəyi dayanmır. Burada söhbət böyük güclərin iri kapitalının hərəkətindən, yüz milyardlarla dollar vəsaitin qazanılmasından və ya əksinə, itirilməsindən gedir. Ona görə də bu yol açılacaq-hətta Ermənistan bir dövlət kimi ləğv olunsa da, bu dəhliz açılacaq".

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 197          Tarix: 12-01-2023, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma