Xəbər lenti

Araik Arutyunyan Xankəndidə, Ruvben Vardanyan Ağdərədə təcili görüşlər keçidilər: “Mübarizə müharibə deyil…”

 Xankəndidəki separatçıların “dövlət naziri” Ruben Vardanyan ermənilərin Qarabağdakı Azərbaycan torpaqlarından köçmək istəmələri xəbərlərindən ciddi narahat olub. Belə ki, Ağdərə rayonundakı erməni icmalarının nümayəndələrini başına yığan Vardanyan yenə də “blokadanın yaratdığı böhranlı vəziyyət və onun təsirləri barədə danışıb”.

Sualları cavablandıran Ruben Vardanyan deyib ki, “mümkün vasitələrlə mübarizəni davam etdirmək lazımdır”. O, erməniləri qorxutmamaq üçün “mübarizə müharibə demək deyil” deyib: “Mübarizə o deməkdir ki, biz Azərbaycanın təklif etdiyi yolla razı deyilik. Çətinliklərə baxmayaraq buranı tərk etməyəcəyik”.

Vardanyan iddia edib ki, indi dünyada əksər güclər Laçın yolunun açılmasını tələb edirlər. Gözlənilən yardımla bağlı sualı cavablandıran “dövlət naziri” bildirib ki, kiməsə arxalanıb, boş oturmağa ehtiyac yoxdur: “Biz əvvəlcə öz işimizi görməliyik, yalnız bundan sonra kömək gözləməliyik. Heç bir şey etməsən, yalnız başqalarına güvənsən, heç nə alınmayacaq, amma mübarizə aparıb iş görsən, tamam başqa vəziyyət yaranır”.

Vardanyanla bərabər “ərazi idarəetmə və infrastruktur naziri” Suren Qalstyan, “daxili işlər nazirliyi”nin nümayəndəsi Karen Avetisyan da iştirak edib.

 Separatçı rejimin “rəhbəri” Araik Arutyunyan da qondarma “parlamentin” sədri Artur Tovmasyanla birlikdə Xankəndidəki Mədəniyyət və Gənclər Sarayında mövcud vəziyyətlə bağlı görüş keçiriblər. Arutyunyan öz Facebook səhifəsində görüşlə bağlı bunları yazıb: “Cəmiyyəti narahat edən bir sıra problemləri, onların həllinə yönəlmiş addımların prioritetini müzakirə etdik. Mən çıxışımda vurğuladım ki, mövcud çağırışlara qarşı durmaq üçün möhkəm birlik, müxtəlif xarici və daxili qüvvələrin separatçı təxribatlarına uymamaq əzmi lazımdır, əks halda biz dövlətçiliyimizi itirmək təhlükəsi ilə üzləşəcəyik .”

Bu arada Rusiya sülhməramlılarının komandanlığı “Laçın dəhlizi ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpasına dair Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”deyə, xəbər yayıb.

Bu gün isə Ermənistanda “ordu günü” qeyd edilir. Amma baş nazir Nikol Paşinyan hakim fraksiya nazirləri və müavinlərinin müşayiəti ilə erməni hərbçilərin dəfn olunduğu əraziyə gəlib. Ölən hərbçilərin valideynləri Nikol Paşinyanı “türk”, “ermənilərin qatili”, “satqın” adlandırıblar, müxtəlif təhqiramiz sözlər səsləndiriblər.Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Ermənistsanın sabiq prezidenti Serj Sərkisyan isə “ordu günü”ilə bağlı müraciətində Paşinyana sataşıb: “Ordu yoxdursa, dövlət də yoxdur və olmayacaq. Orduya qorxaq rəhbərlik edərsə, yox olmağa məhkumdur. Biz qalib ordu istəyirik - ölkəni və ordunu pis idarəçiliyə məhkum edən zəif iradəli, əxlaqsız liderlərimiz olmamalıdır. Orduya şərəfli, milli ləyaqət sahibi olan mərd şəxsiyyətlər rəhbərlik etdikdə məğlubedilməzdir”.

Orxan ƏLİYEV,

Musavat.com   




Ana səhifəyə qayıt        Baxış: 3 182          Tarix: 28-01-2023, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma