Rəsmi Bakı Moskvada son sözünü dedi - erməni oliqarx-dələduz nə qədər tez cəhənnəm olsa, Qarabağ erməniləri üçün yaxşı olar; ekspertlər: “Əks-həmlələr barədə düşünməli, Vardanyan amilinin zəifləməsinə çalışmalıyıq”
Keçən həftə rəsmi Bakı erməni oliqarx-dələduz Ruben Vardanyan haqda son və qəti sözünü Moskvada bəyan etdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdə açıqladı ki, bu zatıqırıq Qarabağdan rədd olub getməlidir. “Azərbaycan Ruben Vardanyanın Qarabağı tərk etməsini tələb edir. Onun fəaliyyəti cinayətkar-avantürist xarakter daşıyır. Biz hesab edirik ki, buna son qoyulmalıdır. Bu insan regionu nə qədər tez tərk etsə, hər kəs üçün bir o qədər yaxşıdır. Bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Onun regionda peyda olmasına qədər yaxşı əlaqələr, reinteqrasiya ilə bağlı müsbət faktlar vardı”, - deyə Bayramov söyləyib. Azərbaycan XİN başçısı onu da vurğulayıb ki, Vardanyan nə qədər tez cəhənnəm olsa, bir o qədər oradakı erməni əhali üçün yaxşı olar. Yəni faktiki Bakı bununla həm də Azərbaycan vətəndaşları olan dinc ermənilərə mesaj verib ki, getmək istəməsə, onu özləri qovsunlar.
Məlumdur ki, az öncə Azərbaycan Prezidenti İlham Əliyev bu məxluqla bağlı öz mövqeyini ifadə edərək demişdi ki, Rusiyadan konkret gündəliklə Qarabağa göndərilən Vardanyanla Bakı heç bir danışıq aparmayacaq. Bəs Vardanyan Qarabağdan xoşluqla getməsə, Azərbaycan dövlətinin cavab tədbiri nə olacaq? Bakının səbr limiti hara kimidir?
Vardanyan son sözünü dedi: Bakının cavabı necə olacaq?
Qeyd edək ki, Vardanyan Bakının bu tələbinə də həyasız bir reaksiya sərgiləyib. Sitat: “Sevinirəm ki, mənim şəxsim ətrafında belə bir maraq var. Bu o deməkdir ki, mən "artsax" xalqı və ölkəmiz üçün hər şeyi düzgün edirəm. Bütün bunlara son qoymağın vaxtıdır. Artıq yolu açmaq və "artsax" hakimiyyəti ilə danışıqlar masasına oturmağın vaxtıdır". Fransa mediasına müsahibəsində də o, başından yekə həyasız iddialarını davam etdirib: “Əgər ətraf mühit Bakını həqiqətən narahat edirsə, o zaman "artsax" ekoloji məsələlər üzrə BMT tərəfindən təhqiqat apara biləcək beynəlxalq ekspertlər komissiyasını qəbul etməyə hazırdır".
Erməni tülkülüyünə bax. Diqqət edin, söhbət Azərbaycanın yoxlama komissiyasından yox, "BMT ekspertləri"ndən gedir. Sanki Qarabağ yiyəsiz, sahibsiz bir yer, mifik “artsax” da BMT-nin tam hüquqlu üzvü imiş deyə, Vardanyanın razılığı lazımdır! Azərbaycan öz suveren ərazisində niyə də özü monitorinq apara bilməsin və bunu hansısa BMT-yə həvalə eləsin ki? Doğrudanmı bu zat xəyal edir ki, Bakı buna razılıq verə, üstəlik, “artsax”ın beynəlxalq hüququn subyekti kimi tanınmasına şərait yarada bilər?! Göründüyü kimi, Ruben bizə diş göstərməyə davam edir. Onun dişini sındırmaq zamanı gəlmədimi?
Belə fikir də var ki, Rusiya vətəndaşlığından rəsmən məhrum olandan sonra Kremlin “Vardanyan layihəsi” sürətlənəcək və yaxın dövrdə o, separatçı rejimə “rəsmən rəhbər” olacaq, Vardanyanın Bakı ilə təmaslarda erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi cəhdləri artacaq. Hesab edilir ki, bu planlara qarşı ən effektli addım Vardanyanın neytrallaşdırılması ola bilər. Yəni ya onu həbs etmək, zərərsizləşdirmək, ya da Qarabağdan çıxışı zamanı geri qayıtmasına imkan verməmək və s.
Əlavə edək ki, R.Vardanyan-A.Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Qarabağdakı sakinləri faktiki girov saxlayır. Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir, təftiş edilir, onlara təzyiqlər edilir, hətta döyüb işgəncə verirlər. Bundan əlavə, Laçın-Xankəndi yolu açıq olsa da bandit dəstəsi saxta böhran görüntüsü yaratmaq üçün sıravi insanların o yoldan istifadə etməsinə imkan vermir. Yeri gəlmişkən, kriminal Ruben-Araik cütlüyü Qarabağın Azərbaycana “dəxli olmadığını sübut eləmək” üçün Xankəndidə müxtəlif şirnikləndirici və təzyiq üsulları ilə mitinq təşkil ediblər. Lavrov isə Bayramovla görüşdə bildirdi ki, Rubenin Rusiyaya aidiyyəti yoxdur. Onda rus hərbçiləri Vardanyanı ərazilərimizə necə buraxmışdısa, elə də qovub çıxarsınlar. Bu cinayətkar cütlüyü neytrallaşdırmaq zamanı gəlmədimi?
Ermənistanın təxribatlarına qarşı gücdən istifadə etmək məcburiyyətindəyik" - ELXAN ŞAHİNOĞLU
Politoloq Elxan Şahinoğlunun dediyinə görə, Vardanyan Qarabağa sentyabrda gəlib və cəmi 4 ay içərisində separatçıların lideri halına gəlib, o, Araik Arutyunyanı arxa plana keçirib: "Ruben Vardanyan şəxsi reklamına xüsusi diqqət ayırıb. Gəldiyi 4 ayda müxtəlif ölkələrin nəşrlərinə müsahibələr verib, onun tez-tez Rusiyanın televiziya kanallarında müsahibələri yayımlanır. Rusiya xarici işlər naziri Sergey Lavrov “o, bizdən deyil” desə də, Kremlin nəzarətindəki media Vardanyana informasiya dəstəyini artırıb. Vardanyan Xankəndidəki bugünkü mitinqin piarını da təşkil edib, elə indicə “Euronyus” kanalında geniş reportaj yayınlandı, proqramda ermənilərin mövqeyi işıqlandırılıb.
Əlbəttə, biz haqlıyıq və doğru bildiyimiz yolla gedirik, müxtəlif istiqamətlərdən təzyiqlər qərarımıza təsir etmir. Ancaq qızışan informasiya müharibəsində geri qala bilmərik, bu, hərbi qarşıdurma ilə yanaşı həm də bir beyin yarışmasıdır, əks-həmlələr barədə düşünməli, Vardanyan amilinin zəifləməsinə çalışmalıyıq".
“Vardanyanı iti qovan kimi Qarabağdan qovmaq lazımdır. Bu avantürist separatçı bölgəyə qızışdırıcı məqsəd üçün gəlib. Əgər Lavrov onun Rusiyaya aidiyyəti olmadığını bəyan edirsə, sülhməramlılar onu Xankəndidən çıxarmalıdır, əks halda, Azərbaycan xüsusi xidmət orqanları məsələni həll edə bilər”. Bu fikirləri qəzetimizə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Lavrov-Bayramov görüşündə erməni oliqarx Ruben Vardanyan haqda səslənən bəyanatlara münasibət bildirərkən deyib. Partiya sədri hesab edir ki, Moskva ondan imtina edirsə, Bakı tamamilə Qarabağdakı xunta rejiminin əsas fiqurunu rədd edə bilər. F.Əliyev Vardanyan məsələsində daha tələbkar və sərt mövqe tutmağa çağırıb. Onun fikrincə, bu şəxsin mədənləri talan etməsinə yol vermək olmaz: “Azərbaycan ərazisində erməni dövləti ola bilməz. Laçın yolunda aksiya separatçıların əl-qolunu bağladığımızı ortaya qoydu. Nə Xankəndidən çıxa, nə Ermənistandan ora qayıda bilirlər. Dinc erməni əhalisinə yol humanitar məqsədlər üçün açıqdır. Amma separatçılar keçə, hərbi texnika, mina daşıya bilməzlər. Odur ki, Ruben və Araik adlı quldurların erməni əhalisinə yalanları ayaq tutub yerimir. Biz məsələni köklü həll edəcəyik”.
Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Xankəndidə keçirilən mitinq Vardanyanın timsalında separatçı-terrorçu rejimin “tərəf” olaraq qəbul etdirilməsi istiqamətində ikinci cəhddir: “Birincisi, oktyabrın 3-da edildi: bir gün sonra - 31 oktyabrda Soçidə Əliyev-Putin-Paşinyan görüşü keçirilirdi və İrəvan və Qərbdə bəlli ölkələrin dəstəklədiyi, Moskvanın təşkilinə yardım etdiyi mitinqlə Bakıya "əzələ nümayişi" etdirildi. İkincisi, Sankt-Peterburqda gözlənilən görüşdən öncə edildi: 26-27 dekabr tarixində İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirakı gözlənilir, üçtərəfli görüş planlaşdırılmasa da, Putin-Əliyev görüşünün olacağı və Rusiyanın Laçın yolundakı aksiyanı da müzakirəyə çıxaracağı istisna deyil. Və mitinq ruslara Əliyevin “Vardanyan kartı”nı qəbul etməməsinə qarşı “erməni əhalisi Rubenin liderliyi altında birləşib” tezisini irəli sürmək imkanı yaradacaq. Əliyevin Laçın yolu ilə bağlı “mövqeyimiz zərrə qədər də dəyişməyəcək” mesajı da bu həftə məsələni müzakirəyə çıxaracaq Qərb ölkələri ilə yanaşı, həm də Rusiyada mümkün görüşdən öncə Moskvaya ünvanlanmışdı".
Ekspert hesab edir ki, Xankəndi mitinqi eyni zamanda Avropada Azərbaycana qarşı planlaşdırılan müzakirələrə “Qarabağ əhalisi Bakını istəmir” mesajını ötürməyə də hesablanıb: “Və bəllidir ki, Vardanyan kütləviliyi təmin etmək üçün "əlindən gələni" etdi. Ən riskli məqam Laçın yolu məsələsində, ümumilikdə Qarabağdakı separatçı-terrorçu rejimin müdafiəsində bütün tərəflərin - Qərb ölkələri, Ermənistan və Rusiyanın ortaq mövqeyə malik olmasıdır. Vardanyanın özündən əmin davranışlarının arxasında da bu dəstək dayanır. Ruben mitinqdə deyib ki, üç yolları var: “Birincisi, tabe oluruq və gec-tez Azərbaycana inteqrasiya edirik, ikincisi, çıxıb gedirik, üçüncüsü, döyüşürük. Mən tabe olmayacam, getməyəcəm, burada qalıb döyüşəcəm”. Bu, Bakıya qarşı açıq müharibə elan etməkdir. Mövcud şərtlərdə separatçılara da, Ermənistan da daxil olmaqla, üçüncü tərəflərə də veriləcək cavab Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər".
Müsavat .com
Paylaş: