Xəbər lenti

Türkiyə Cümhuriyyəti xarici və daxili siyasətin izdivacını doğuran strateji maraqlar prizmasından həlledici bir sınaqla qarşı-qarşıyadır.

Mayın 14-də ölkədə keçiriləcək prezident və parlament seçkilərinin nəticələri təkcə dövlətə kimin rəhbərlik etməsinə deyil, həm də onun necə idarə olunacağına, iqtisadiyyatın hara gedəcəyinə, Ankaranın regional və qlobal siyasətdə hansı rol oynaya biləcəyinə qərar verəcək.

Türkiyədə dövlətin ali kürsülərində əyləşənlərin partiya mənsubiyyəti xarici siyasətin ana kursuna o qədər dərin təsir edən deyil.

Lakin Türkiyə daxilindəki proseslərin məcrası dəyişə bilər ki, bu da onun xarici siyasət prioritetlərinin praktiki müstəvisinə təsir edə bilər.

Ona görə də Türkiyənin mövcud genişlənən xarici siyasət konsepsiyasının geri çevrilməsi ehtimalları mövcuddur.

Seçkinin başlanma gününə qədər Türkiyənin regiondakı və beynəlxalq siyasətdəki cari statusunu dəyişdirmək istəyənlərlə bu xəttin sadiq qalmasına tərəfdar olan güclər arasında mübarizənin şiddəti güclənəcək.

Türkiyənin mövcud iqtidarının əlində xarici təsirləri azalda biləcək üç vacib amil var.

Birincisi - İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi Ankaranın iradəsindən asılı vəziyyətdə qalmaqdadır. Deməli, Türkiyə hökuməti seçkilərdə kənardan dəstək qazanmaq üçün bu kartı əlində bərk saxlayır.

İkincisi, Türkiyə ilə üzvü olduğu NATO arasında fikir ayrılıqları olsa da, o, Alyansın genişlənmə siyasətinə əhəmiyyətli töhfələr verir.

Xüsusilə Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda Türkiyə Qərbin maraq dairəsində olan, amma girməyə cəsarət etmədiyi regionlara – Mərkəzi Asiya və Cənubi Qafqaza təsir imkanlarını genişləndirir.

Üçüncüsü, Rusiya da Türkiyə iqtidarının xarici siyasətdəki rolundan məmnundur, hərçənd ki, iki ölkənin baş-başa gələn maraqları da mövcuddur.

Bu, Ankaranın son 20 ildəki fəthlərinin nəticələridir və belə durum Qərbin də, Rusiyanın da, hətta Çinin də strateji maraqları baxımından qəbulediləndir.

Rusiya-Ukrayna müharibəsinin həlli üçün Türkiyənin səyləri, Qərbin Moskvaya təsir imkanlarının Ankara vasitəsilə reallaşdırılması da NATO-nun böyük planlarında sərfəli gedişlərdir. 

Ancaq Türkiyənin Suriyada, İraqda oynadığı rolda, Yunanıstanla gərgin münasibətlərdə Qərb Ankaraya nə açıq, nə də gizli dəstək verir. Hərçənd ki, Böyük Britaniyanın mövqeyi ABŞ, Fransa, Almaniya kimi ölkələrdən xeyli dərəcədə fərqlənir. 

Türkiyə xarici siyasətinin Yaxın Şərq cəbhəsini sabit saxlamaq üçün Qərbin rəqibləri olan Rusiya və Çinin sakitcə təqdim etdiyi tezislərə bel bağlaya bilər.

Türkiyədə seçkilərə beynəlxalq diqqət Ankaraya rəqabətlə ona yaxınlıq əhvali-ruhiyyəsinə uyğunlaşdırılır.

Türkiyədə prezidentliyə namizədlər kampaniyalarının mərkəzinə daxili və xarici siyasətin qarışığını gətirə bilərlər. Çünki Türkiyədə əhali iqtisadi-sosial vəziyyətlə yanaşı, ölkədəki sabitliyə və xarici siyasətdəki uğurlara da həssaslıqla yanaşır.

Bu baxımdan seçkilərin “döyüş xətləri” aydın şəkildə çəkilib: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidarının özünəməxsus düzgün yerdə olduğunu

göstərməkdə davam edəcək.

Onun rəqibləri, əsasən, “altılı masa”nın vahid namizədi Kemal Kılıçdaroğlu isə ölkənin mövcud problemlərinin çoxunu daxildəki idarəetmə və xarici siyasətlə əlaqələndirəcək.

Bununla belə, dünyanın qalan hissəsi üçün əsas diqqət xarici siyasətə yönələcək və Türkiyənin mühüm strateji oyunçu olduğu nəzərə alınacaq.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 618          Tarix: 29-03-2023, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma