Xəbər lenti

ABŞ Avropa İttifaqına əsas neft ixracatçısı kimi Rusiyanı əvəz edib, Aİ rus qazının idxalını da kəskin şəkildə azaldıb; ekspertin fikrincə, müharibənin gerçək səbəbləri üzə çıxır

Dünyanın qlobal güclərinin savaşının arxasında əsasən iqtisadi maraqların dayanması kimi bəsit, amma tam gerçək olan fikirlərlə hər kəs tanışdır. Elə Ukraynada 1 il 3 aydır davam edən Qərb-Rusiya savaşı da bu maraqlardan qaynaqlanır.

Rusiya ilə ticarət dövriyyəsinə, xüsusən onun neft-qazına qoyulan embarqolar bu müharibədə əsas maraq dairəsidir. Bir vaxtlar belə fikirlər vardı ki, Amerika öz ərazilərində olan böyük neft və qaz yataqlarını istismar etmir, gələcək nəsillərə və neftin dünyada tükənəcək dövrünə saxlayır. Ancaq indi dünya alternativ enerji - yaşıl enerjiyə keçir. Belə iddialar var ki, ABŞ perspektivdə neft və qazın dəyərsiz bir məhsula çevriləcəyi səbəbindən ixracatı artırır və xüsusən Avropa bazarlarına satmaq istəyir. Bir qədər mübahisəli olsa da, beynəlxalq qurumların açıqlamaları bu yöndə maraq kəsb edir.   

Misal üçün, “Eurostat”ın açıqladığı rəqəmlərə görə, ABŞ Avropa İttifaqına əsas neft ixracatçısı kimi Rusiyanı əvəz edib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, dekabrda Aİ-nin neft idxalının 18 faizi ABŞ-ın payına düşüb. Bu yaxınlara qədər Avropanın ən böyük neft tədarükçüsü olan Rusiyanın payı ötən ilin dekabrında 31 faizdən 4 faizə düşüb. Bir il əvvəl ABŞ-ın payı 13 faiz idi. Aİ ölkələrinə ikinci ən böyük neft tədarükçüsü Norveç olub. Neft tədarükünün 17 faizi bu ölkənin payına düşüb. Aİ Rusiya təbii qazının idxalını da kəskin şəkildə azaldıb. İdxal 31 faizdən 19 faizə düşüb. Avropa İttifaqının əsas qaz tədarükçüsü kimi Rusiyanın yerini Norveç tutub. Aİ ölkələrinin istehlak etdiyi qazın 31 faizi hazırda Norveçdən idxal edilir. ABŞ təbii qazın ikinci ən böyük ixracatçısı olub. Aİ-nin təbii qaz idxalının 20 faizi onun payına düşür. “2022-ci ilin sonunda ABŞ, Norveç və Qazaxıstan Aİ ölkələrinə ən böyük neft tədarükçüləri olub. Bununla da Aİ neft bazarında dəyişən situasiyaya uyğunlaşmaq və praktiki olaraq Rusiya neftindən asılılıqdan xilas olmaq qabiliyyətini nümayiş etdirib”, - “Eurostat”ın açıqlamasında deyilir.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli məsələyə fərqli prizmadan yanaşır. Onun sözlərinə görə, Qərbdə, Qərbin lokomotivi olan ABŞ-da son illər ciddi ideoloji, strateji planlama böhranı yaşanır, onillərlə öz siyasətlərinin təməlini təşkil edən yanaşmalardan imtina edərək özləri-özlərinə problem yaradır, sonra da o problemlərin həlli yolları haqqında baş sındırırlar: “Ağlı başında olan hər kəsə məlum idi ki, eyni anda həm Rusiyanı, həm də Çini hədəf alsalar, bu iki monstr ölkə yaxınlaşacaq. İki avtoritar ölkənin yaxınlaşması isə dünyaya əlavə problemlər yaradacaq. Bundan başqa, Rusiya onillərlə Qərbin ucuz xammal bazası, yanacaqdoldurma stansiyası" idi, 2-ci Dünya müharibəsindən sonra Qərbin yüksək templə inkişaf etməsinin əsas səbəblərindən biri Rusiyanı öz xammal bazasına çevirmələri idi. İndi isə öz mənasız davranışları ilə (söhbət həm də Çinə qarşı aqressiv siyasətdən gedir) Rusiyanı Çinin ucuz xammal anbarına çevirdilər - çevirirlər. Yaxşı, biz məlumatlara məhdud çıxış imkanlarımıza rəğmən bu mənzərəni 9-10 il öncədən görüb-proqnozlaşdıra bilirdiksə bu qədər xüsusi xidmət orqanları, milyardlarla dollar büdcəsi olan “beyin mərkəzləri” olan Qərb bunları görə bilmirdi?! Axı məhz Qərbin ən güclü fikir babaları onillər öncə bu haqda xəbərdarlıq etmişdilər, yazıb - danışmışdılar, nədən bu proqnozları iqnor etdilər (məsələn, Henri Kissincer dəfələrlə yazmışdı ki, Qərbin ən strateji hədəfi Rusiya ilə Çinin yaxınlaşmasına imkan verməməkdir)?!"

Ekspertin fikrincə, əgər bu, çoxgedişli əməliyyat deyilsə, Qərbin strateji səhvidir: “Bu gün Rusiyanın Ukraynaya vəhşi hücumundan ən çox udan ölkə məhz Çindir. Rusiya getdikcə Çinə daha çox möhtac olur, daha çox asılı vəziyyətə düşür, Çin Rusiyanın tükənməz təbii sərvətlərinə çox asan və ucuz yolla sahib olur. Ona görə də bir çox dünya analitiklərinin fikirləri ilə razı deyiləm (dünya mətbuatında onlarla yazı var ki, Çin müharibəni guya dayandırmağa çalışır) - müharibənin uzanması Çinin hədəflərinə və məqsədlərinə tam uyğundur. Rusiya zəifləyir - Çin üçün bu çox önəmlidir, zatən Rusiyanın ağlı olsaydı Qərbdən yox, Çindən qorxardı, Qərb deyil də məhz Çin Rusiya torpaqlarına sahib olma şansına malikdir. Moskva Pekindən o dərəcədə asılı vəziyyətə düşür ki, Çin bir qərarla Rusiyanı dizi üstə qoya bilər - iqtisadi münasibətləri kəssə, maliyyə axınlarına mane olsa, Moskva çökər. Rusiya ilə yaxınlıq Çin üçün ən gözəl aktivdir - Qərblə danışıqlarda bu aktivi çox baha sata bilər, yəni Qərblə olan öz problemlərini həll etmək üçün Rusiyanı hər an güdaza verə bilər. Bütün bu amilləri, Çinin müharibədən ən karlı çıxan ölkə olduğunu nəzərə alaraq düşünürəm ki, bu gün Çin müharibənin uzanmasında da ən maraqlı ölkədir. Bir daha: Qərbin bizim bilmədiyimiz çox mürəkkəb, çoxgedişli planı-proqramı yoxdursa, son illər eyni anda Rusiya və Çinə saldırması ən böyük səhvinə, strateji probleminə çevriləcək...”

Emil SALAMOĞLU,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 571          Tarix: 31-03-2023, 10:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma