Xəbər lenti

Bu son günlərdə ordumuzun çox ciddi uğurları olub. Məlum səbəblərdən bu uğurlar çox da reklam olunmadı. Amma belə məlum oldu ki, Azərbaycan ordusu Ermənistandan Dağlıq Qarabağa gedən bütün yolları, xüsusən də Laçın dəhlizini tamam nəzarətə götürüb.

Bu, qətiyyən sıradan bir hadisə deyil, Dağlıq Qarabağ hərbi teatrının taleyini birdəfəlik həll edən hadisələrdən biridir. Bundan sonra qalır müzəffər ordumuzun Xankəndiyə daxil olması ki, heç şübhəsiz, bu da bir gün olacaq və Xankəndidəki erməni hərbi birləşmələri tamamilə tərksilah ediləcək.

Qeyd etdik ki, bu, sıradan bir hadisə deyil. Yaxşı yadımdadır ki, təxminən otuz il bundan əvvəl, münaqişənin ilk illərində hamı deyirdi ki, Qarabağ problemini həll etməyə nə var ki? Ermənistandan Dağlıq Qarabağa gedən yolları bağlayırsan, bununla da məsələ tamam bitir!

İndi belə görünür ki, elə həqiqətən də belədir. Amma bunun üçün, nə az, nə çox, düz otuz il gözləmək lazım gəldi! Çünki bir neçə mühüm şərt vardı.

Birincisi, Bakıdakı silsilə “siyasi müharibə”lərə son qoymaq lazım gəldi. Bəli, otuz il keçəndən sonra mən o vaxtki insanları yamanlamaq istəmirəm. Bəlkə də onlar “Dağlıq Qarabağ münaqişəsi Bakıda həll olunur” deyəndə həqiqətən də səmimi idilər. Bəlkə də onlar həqiqətən də belə hesab edirdilər ki, o vaxtki hakimiyyətlər problemi həll etmək üçün yetərincə səy göstərmirdilər.

Amma çox təəssüf ki, “münaqişə Bakıda həll olunur” deyib müharibənin ağırlığını Bakıya transfer etmək istəyənlərin, münaqişənin həllinin Bakıdakı “siyasi müharibə”lərdən keçdiyini güman edənlərin siyasi fəlsəfəsi, tələbləri və şüarları məzmunca olmasa da, ən azı formaca ermənilərin “Bakını Beyruta çevirəcəyik”kimi məşhur çağırışlarını xatırladırdı.

İkincisi, bu otuz ildə dövlət qurmaq, ordu yaratmaq, iqtisadi cəhətdən ayağa qalxmaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün keçiriləcək hərbi əməliyyatlardan ötrü siyasi-diplomatik fon yaratmaq lazım gəldi...

Qərəz, bütün bunlar arxadadır və Azərbaycan ordusu addım-addım hədəflərinə doğru addımlayır. Düzdür, son uğurlara Ermənistanın və Rusiyanın reaksiyalrı hələ tam bəlli deyil. Amma onların nə reaksiyası ola bilər ki? Üç il bundan əvvəl əldə olunmuş Noyabr razılaşmalarının şərtlərinə əməl olunmur, erməni silahlı birləşmələri Qarabağdan çıxmaq əvəzinə Ermənistandan separatçı bölgəyə silah-sursat daşınır və burada bölgədəki rus sülhməramlılar mühüm rol oynayırdılar. İndi demək çətin məsələdir ki, rus sülhməramlılarının bu məsələ də motivi nə idi? Bunu onlara Kreml tapşırırdı, yoxsa bütün bunlar karlı pulun müqabilində edilirdi?

Düşünürük ki, bunların hər ikisi vardı. Əsas odur ki, dəfələrlə belə bir məqam vurğulanıb ki, Moskva problemin həll olunmasında, sülh sazişinin imzalanmasında qəti maraqlı deyil, çünki bu halda bölgədə ona ehtiyac qalmayacaq...

Yeri gəlmişkən, sülh sazişi ilə bağlı məsələ nə yerdədir? Siyasi müşahidəçilər müxtəlif fikirlər səsləndirirlər. Bəzisi hətta dəqiq tarix söyləyir və sazişin mayın 15-dən sonra imzalanacağını bildirirlər. Biz dəqiq tarix deyə bilmərik. Birincisi, 15 mayın Türkiyədəki prezident seçkilərilə bağlı meydana çıxdığını güman edirik. İkincisi, Paşinyan gündə bir şərt irəli sürür. Əvvəl deyirdi ki, Brüssel prosesində Fransa prezidenti də iştirak etməlidir. İndi buyurur ki, prosesə separatçı bölgənin təmsilçiləri də qatılmalıdır. Axırıncı dəfə də bir daha oxşar bəyanatla çıxış etdi və dedi ki, danışıqların formatı dəyişilməlidir. Bu günlərdə isə daha bir xəbər gəldi. Deyildi ki, apreldə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedəcək. Moskva ilə Ankara arasında müzakirə ediləsi çox problemlər var: Suriya məsələsi, Ukrayna problemi və s. Amma ən əsas problemlərdən biri də Azərbaycan-Ermənistan münaqişəsidir.

Burada qeyd edək ki, Avropa İttifaqının təmsilçiləri də regiona intensiv səfərlər edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, sülh çox da uzaqda deyil...

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 226          Tarix: 1-04-2023, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma