Xəbər lenti

Belə situasiyalarda, bir qayda olaraq, bütün ambisiyalı adamların, siyasətçilərin, politoloqların, jurnalistlərin, fəalların içindəki eqo vulkanı oyanır.

Bir xeyli adam özünün nə dərəcədə ağıllı və uzaqgörən olduğunu təsdiqlə(t)mək üçün nəsə yazır, deyir və ortaya bu kimi mülahizələr çıxır: “Mən demişdim ki, orada post qoyulmalıdır”; “İlk gündən deyirdim ki, Laçın yolu kəsilməsə, mümkün olmayacaq”; “Biz deyəndə ki, bu işi yarımçıq qoymaq olmaz, Ermənistanla Xankəndi arasındakı yol kəslməlidir, bəziləri gülürdülər”; “Yaxşı ki, gec də olsa, biz deyənə gəldilər” və s. və i.a.

Söz yox, belə deyənlər, yazanlar vardı və onlar öz sözlərinin doğruluğunu vaxtında kəsib saxladıqları skrinşotları yayaraq, yaxud sosial şəbəkələrdəki səhifələrinin arxivində qalan statusları kopyalayaraq sübut edə bilərlər.

Reallıq budur ki, burada dərin ağıl məhsulu ola biləcək bir şey yoxdur. Birdən-birə və eyni zamanda kütləvi şəkildə minlərlə adamın ağlına gələn şey o qədər də müdhiş təhlil predmeti, proqnoz nümunəsi deyil. Ancaq xeyli adamın ölkəmizin gələcəyi və maraqları baxımından eyni düşüncədə olması təqdirəlayiqdir.

Zatən, hələ 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs (başqa sözlə və mahiyyətcə, kapitulyasiya) aktı imzalananda bəlliydi ki, bu iş burada bitməyəcək, bitə bilməz.

Çünki həmin saziş Ermənistan rəhbərliyinin Kreml qarşısında dizüstə düşərək yalvarmasından, RF prezidenti Putinin israrlı xahiş və tələbindən (bir qədər də şantajından) sonra imzalanmışdı və əsas məqsəd Azərbaycanın sürət yığmış hərb maşınını durdurmaq idi.

Ermənilər hələ noyabrın 5-də anlamışdılar ki, o maşın bu sürətlə Xankəndiyə də girəcək və ermənilər üçün hər şey itiriləcək.

Ona görə də onlar əllərində nəsə bir şey saxlamaq, nəfəs dərmək, özlərinə gəlmək, vaxt udmaq üçün o səviyyədə alçaldıcı razılığa getdilər və uzun illərdən bəri işğal altında saxladıqları, alınmaz bastion hesab etdikləri Ağdamı, Kəlbəcəri və Laçını tərk etmək öhdəliyi götürdülər. Bu, onları təlaşa qapılmalarından qaynaqlanmırdı, əllərindəki kəşfiyyat məlumatlarından çıxış edirdilər.

Çox yox, 44 günlük müharibədən cəmi 10 gün sonra Xankəndidən, Kəlbəcərdən başlanmış qaçqın seli səngiyənsə, əsgər tabutlarının axınının ardı kəsiləndə ermənilər verdikləri sözü dəbbələməyə, qaçıb bənd aldıqları yerlərdə möhkəmlənməyə çalışdılar, əks həmlələr üzərində düşündülər, partizan savaşına girişməyə cəhd etdilər. Ancaq daha bir erməni rotası diricə əsir götürülüb zərərsizləşdiriləndə anladılar ki, yox, onlara hələ bir az da vaxt lazımdır.

O zaman bizdə “hücumu niyə yarımçıq saxladıq, axıracan getməliydik” fikri populyar idisə, Ermənistanda “niyə sona qədər müqavimət göstərmədik, nə üçün dirənişi yarımçıq saxladıq” etirazı əsas qənaət idi.

Fəqət, hər iki tərəfdə əldə olan real gücün, imkanın, mövcud şəraitin nə hücumu davam etdirməyə, nə də hücuma müqavimət göstərməyə yetərli olmadığı ortadaydı.

Bununla belə bizdə bir çox adamlar optimist idilər, hesab edirdilər ki, müharibənin taleyi aşağı-yuxarı həll olunsa da, bu, hələ münaqişənin çözümü deyil, proses yeni mərhələyə keçir və yarımhərbi-yarımsiyasi müstəvidə sona qədər davam edəcək. Bu qənaətə müxalif fikir bundan ibarət idi ki, xeyr, fürsət qaçırıldı, ermənilər möhkəmlənəcəklər, status-kvonu qoruyacaqlar, vədlərinə riayət etməyəcəklər.

Ermənistan rəhbərliyində gerçəkdən də elə düşünürdülər, niyyətləri vədə xilaf çıxmaq idi. Ancaq bu ölkənin müxalifəti pessimist ovqatdaydı, bildirirdilər ki, Azərbaycan öz məqsədinə çatana qədər əl çəkməyəcək, hərbi əməliyyatlar, basqılar bu və ya digər şəkidlə davam edəcək.

İndi ortada olan odur ki, bizdə pozitiv düşünənlərlə Ermənistanda neqativ düşünənlərin gözləntisi doğrulub. Münaqişənin tam və qəti həlli istiqamətində gedən proses öz yeni mərhələsinə adlayıb.

Gerçəkdən də 10 noyabr 2020-ci ildən bəri Qarabağın ermənilər yaşayan və Azərbaycan hərbçilərinin nəzarətində olan nahiyəsində dəfələrlə lokal toqquşmalar baş verdi, ermənilərin təxribatının qarşısı alındı, bizim hərbçilər onların əlindəki torpaqlarımızı hektar-hektar, sot-sot geri aldılar.

Nəhayət, növbə Azərbaycanın öz qanuni ərazisində post qoymasına çatanda, əvvəlcə bunu mülki fəalların vasitəsilə həyata keçirdik, sonra səhnəyə hərbçilər çıxdı. Ekofaəlların Laçın yolunda keçirdikləri aksiyanın 10 günü tamam olanda və aksiya davam etdiriləndə artıq bu işi bilənlərə aydın idi ki, axırda prosesə xaki mundirlilər qoşulacaqlar. Bu gün o gündür.

İndi kim deyirsə ki, mən demişdim, belə olmalıydı, eybi yox, qoy desinlər. Təki “bu nəyə lazımdır, bu, sülhə ziddir” deməsinlər.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 103          Tarix: 25-04-2023, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma