Xəbər lenti
13-05-2024, 20:31

Prokurorluq-məhkəmə sistemində, nazirliklərdə ermənilər daha çox işlədiyi halda soydaşlarımız yüksək postlara qaldırılmır; Natiq Cəfərli: “Əsas səbəb dil öyrənməmək və hərbi xidmətdən yayınmaqdır, amma son vaxtlar irəliləyiş var”

Gürcüstanın keçmiş azərbaycanlı millət vəkili, Gürcüstan Naminə Siyasi Partiya  və Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurasının sədri Fazil Əliyev maraqlı bir statistika açıqlayıb. “Yeni Müsavat”ın məlumatına görə, o, Gürcüstanda milli tərkibə görə dövlət vəzifələrində çalışanların arasında türklərin (Azərbaycan türklərinin) ən az göstəriciyə malik olduğunu bildirib. Belə ki, prokurorluq orqanlarında erməni 40 nəfər, kürd 25 nəfər çalışdığı halda, 1 nəfər də olsun türkün işləmədiyi iddia olunub. Məhkəmə sistemində də eynilə, 25 erməni, 15 kürd işlədiyi halda, 1 nəfər türk çalışmır. Prezident Aparatında isə 3 erməni çalışdığı halda, 1 nəfər də olsun türk yoxdur. F.Əliyev nazirliklərdə də oxşar vəziyyətin olduğunu bildirib. Həmçinin iş adamları arasında da böyük biznesi olan, milyarder olan 1 nəfər türkün olmadığını qeyd edib. O, həmçinin dini məsələdə Gürcüstandakı soydaşlarımıza təsirlərin çox olmasına, fars rejiminin təsirlərinin artdığına dair həyəcan təbili çalıb.

Gürcüstandakı soydaşlarımız niyə dövlət orqanlarında vəzifələrə aparılmırlar? Bu bir siyasətdir, yoxsa soydaşlarımız özləri dil öyrənib, vəzifələrə getmirlər? Özümüzün də günahımız varmı? Amma bəzi nümunələr gətirmək də olar. Misal üçün, hakim “Gürcü Arzusu” partiyası Qadınlar Təşkilatında İdarə Heyətində Nigar Orucova Gürcüstanın azərbaycanlı icmasını təmsil edir.

Natiq Cəfərli: “Hakimiyyət ReAl-ın MSK-da təmsilçiliyinə mane oldu”

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, burada düzəlişə ehtiyac var. Onun sözlərinə görə, Gürcüstanda dövlət orqanları bələdiyyə və parlament də sayılır: “Ona görə hər ikisində azərbaycanlılar var. Hətta yerli özünüidarəetmədə azərbaycanlı rəhbər də var. Buna misal kimi Marneuli rayonunu göstərmək olar. Amma hüquq-mühafizə sistemində azərbaycanlılar azdır. Yəni polis, prokurorluq, məhkəmə sistemində vəzifə daşımırlar. Buna da əsas səbəb dil məsələsidir. Soydaşlarımız yeni-yeni gürcü dilini öyrənməyə həvəs göstərirlər. Əvvəl dil öyrənməyə maraq yox idi. İndi isə yeni nəsil gürcü dilini bilir. Çünki qabaq azərbaycanlılar kənd təsərrüfatı ilə məşğul olurdular deyə dil öyrənməyə həvəsli deyildilər”.

N.Cəfərli hüquq-mühafizə orqanlarında azərbaycanlıların az olmasının ikinci səbəbi kimi hərbi xidmət keçməyi göstərir: “Açığı, bizimkilər orduda xidmətdən əsasən yayınırdılar. Rusiya və ya Azərbaycanda olaraq hərbi xidmətə getmirdilər. Bu da hüquq-mühafizə sistemində işləməyə mane olur. Amma burada da müəyyən irəliləyiş var. Son vaxtlar Gürcüstanda azərbaycanlılar orduda xidmətə başlayıblar. Hətta dövlətin mükafat verdiyi azərbaycanlı zabit və əsgərlər var. Sadəcə, biz gecikmişik. Bunu çoxdan başlamaq lazım idi. Amma yavaş-yavaş irəliləyiş var. Yəni günahı özümüzdə daha çox axtarmalıyıq, Gürcüstan hakimiyyətini ittiham etmək olmaz. Əksinə, azərbaycanlılara ermənilərdən fərqli olaraq, daha çox simpatiya bəslənir. Çünki Cavaxetiyada ermənilərin ərazi iddiaları var və bu da gürcülərin xoşuna gəlmir”.




Ana səhifəyə qayıt        Baxış: 2 751          Tarix: 27-04-2023, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma