Xəbər lenti

 
 
Nazir Əhmədli,
2000-ci ildən bitərəf tədqiqatçı-jurnalist
 
Hər il 1993-cü ildə AXC – Müsavat hakimiyyətinun devrilməsi ilə nəticələnən 4 iyun hadisələrinin ildönümündə o dövrün tanınmış şəxsləri ilə müsahibələr keçirilir, hadisənin iştirakçıları, politoloqlar, sadə vətəndaşlar, jurnalistlər olub-keçənləri xatırlayır, təhlil edir, kimin səhv, kimin cinayət, kimin səhlənkarlıq etməsi haqqında mülahizələrini söyləyir, şərtilik qəbul etməyən tarixə özünəməxsus yanaşaraq, “əgər filan cür olmasaydı, o cür alınmazdı” və s. kimi qeyri-elmi yanaşma göstərirlər. 

Sülhəddin Əkbərin iddiaları
 
Builki “yubiley” ərəfəsində AXC hakimiyyətində Milli Təhlükəsizlik nazirinin keçmiş birinci müavini, keçmiş millət vəkili Sülhəddin Əkbərin “Azadlıq” radiosuna verdiyi sensasiyalı müsahibə sanki gündəmə bomba kimi düşdü. S.Əkbər nəinki keçmiş iqtidar yoldaşlarını, hətta çox uzağa gedərək prezident Ə.Elçibəyin də MTN-in agenti olduğunu, iqtidar sahibi H.Əliyevdən aldığı hakimiyyəti 1993-cü ildə “8 saatlıq görüş” vaxtı sövdələşərək onun özünə qaytardığını iddia etdi. MTN-ə yüksək vəzifəyə təyin edilən vaxt mayın 16-da möhürlənən MTN arxivinə girə bilməsə də, başqa vasitələrlə məlumat topladığını, bu məlumatlardan iqtidarın bir çox ali vəzifəli şəxslərinin “KQB” agenti olması haqqında məlumat toplayaraq, tam məxfiliyi təmin etmək məqsədi ilə öz xətti ilə siyahı tərtib edib prezident Ə.Elçibəyə təqdim etdiyini, prezidentin isə məsələyə qeyri-adekvat yanaşdığını, yəni onun bu məlumatlarını dəqiqləşdirib təxirəsalınmaz tədbirlər görmək əvəzinə, haqqında əsaslı şübhələr olan şəxslərə məlumat verdiyini və bundan sonra ona qarşı soyuq münasibət göstərdiyini dedi.


 
Keçmiş Baş nazir P.Hüseynin S.Əkbərin məlum müsahibəsindən əvvəl Xural TV-yə verdiyi müsahibəsindən aydın olmuşdu ki, əgər 4 iyun qiyamı olmasaydı, işğal olunmuş Kəlbəcər rayonunun boşaldılması haqqında qrafik tərtib olunubmuş, iyunun ortalarına qədər Kəlbəcər boşaldılacaq və 60 gün ərzində bir çox digər məsələlərlə yanaşı, Dağlıq Qarabağa Muxtar Respublika statusu verilməsini də nəzərdə tutan Sülh Müqaviləsi imzalanacmış. Hətta buna etiraz edən o vaxtkı Dağlıq Qarabağ rəhbərliyini Ermənistan prezidenti L.Ter-Petrosyan çətinliklə də olsa yola gətiribmiş. P.Hüseynin dediyinə görə, bütün bu razılaşmalar o vaxt ABŞ prezidenti B.Kilintonun səyləri, Pusiya rəhbərlərinə təzyiqi ilə başa gəlibmiş. Ermənistanı razı salmaq üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri isə Tbilisidən deyil, İrəvandan keçərək Ceyhana çatmalı imiş. Pənah bəyin də, bizim də təəssüfümüzə rəğmən, S.Hüseynovun başladığı 4 iyun qiyamı bütün bunların qarşısını almış, üstəlik Azərbaycan 6 rayonunu da itirmiş və bugünkü ağır hərbi-siyasi, sosial iqtisadi və duruma düşmüşdür. 

10-15 gün gözləmək olmazdımı?
 
Pənah bəyin bura qədər dedikləri ilə razılaşmaq olar, amma adamda təbii bir sual yaranır: bütün bu həyati əhəmiyyət daşıyan hadisələrin gerçəkləşməsi ərəfəsində, təcili şəkildə S.Hüseynovun üzərinə getmək nə dərəcədə vacib və təxirəsalınmaz idi? Doğrudanmı Sülh Müqaviləsinin bağlanması üçün 2 ay, Kəlbəcərin azad edilməsi üçün heç omasa 10-15 gün gözləmək mümkün deyildi? AMİP sədri E.Məmmədovun qiyamdan cəmi 2 gün əvvəl – iyun ayının 2-də hökumətin belə bir plan hazırlamasından məlumatı olduğunu və bu cür edəcəkləri halda, faciəli nəticələrin baş verəcəyi haqqındakı xəbərdarlığını P.Hüseyn nəyə görə o vaxt qulaqardına vurdu, 4 iyuna planlaşdırdıqları əməliyyata start verildi və məğlub olub hakimiyyəti itirdilər? Kəlbəcəri və Laçını geri ala bilmədik, üstəlik hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyətin vaxtında əlavə olaraq 6 rayon itirdik. 
 
P.Hüseyn və keçmiş iqtidar mənsubları o vaxt AMİP-in və onun sədri E.Məmmədovun da qiyama dəstək verdiyini milli hökumətin yıxılması və avtoritar rejimlə əvəz edilməsi, torpaqların itirilməsinə səbəb olan xəyanət kimi qiymətləndirirlər. Qiyamın hazırlanmasında hansı dərəcədə iştirakı barədə əlimizdə sübut olmasa da, E.Məmmədovun qiyama qarşı çıxmadığı və AXC hökumətini müdafiə etmədiyi, əksinə 4 iyundan sonrakı mürəkkəb günlərdə AMİP Siyasi Şurasının üzvü, Gəncədən millət vəkili olan Ş.Hüseynovu oraya göndərməsi, E.Məmmədovun tapışırığı ilə Ş.Hüseynovun Gəncədə hökumət əleyhinə mitinqlərdə çıxış edərək S.Hüseynovu müdafiə etməsi heç nə ilə təkzib edilməsi mümkün olmayan faktdır. 


 
4 iyuna gətirib çıxaran səbəblərə toxunmazdan əvvəl S.Əkbərin irəli sürdüyü fikirlərə bir daha qayıtmaq lazım gəlir. S.Əkbərin MTN arxivlərinə girmədiyi haqqındakı iddiası həqiqətə uyğun deyil. “Millət” qəzetində Parlament və ideologiya şöbəsinin müdiri olduğum vaxtlar idi (bu vəzifəyə 1992-ci ilin sentyabrında təyin olunmuşdum). Bir MTN əməkdaşının E.Məmməova, onun isə redaksiyaya ötürdüyü son dərəcə mühüm bir məlumat gəldi (yazılı şəkildə). Məlumatda bildirilirdi ki, kommissiya ilə möhürlənməsinə baxmayaraq, MTN-nin arxivinə giriblər. Təbii ki, bunu o vaxtkı nazir F.Təhməzovdan və hakimiyyətə ondan da yaxın olan birinci müavin S.Əkbərdən başqa heç kim edə bilməzdi. 

MTN arxivləri niyə açılmadı?
 
Yazı dərc ediləndən sonra böyük səs qopardı və MTN-nin yüksək rütbəli bir zabiti redaksiyaya gəlib “həqiqətə uyğun olmayan”  bu məlumatı haradan aldığımızı soruşdu. Təbii ki, redaktor bu barədə ona heç nə demədi, hər halda mənim yanımda heç nə demədi. O vaxt E.Məmmədov MTN-dən qovulmuş bir polkovniki AMİP strukturlarında təhlükəsizlik məsələləri üzrə işə götürmüşdü. Düşünmək olar ki, həmin məlumatı da ya o ötürüb, ya da MTN-dəki dostları vasitəsilə əldə edib E.Məmmədova çatdırıb. Mən 1992-ci ilin mayında “Millət” qəzetində işə girəndə parlamentdən reportajlar yazırdım və təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, jurnalist kimi tanınmağımda bu yazıların müstəsna rolu oldu. Həmin qəzetə baş redaktor təyin edildiyim 1996-cı ilin dekabrında Milli Məclisdən yazdığım reportajları “Milli Məclisdən etüdlər” adlı kitab şəklində çap etdirdim və o dövrün salnaməsi adlandırılan həmin kitabda da bu barədə məlumatlar qalır. Həmin kitaba müraciət edirəm.


 
DTK arxivlərinin açılması məsələsini Milli Məclisin gündəliyinə 1992-ci il 13 tarixli iclasında eks-prezident A.Mütəllibova yaxın sayılan millət vəkili C.Nuriyev təklif etmişdi. Məsələnin gündəliyə salınmasının təşəbbüskarı C.Nuriyev parlamentin növbəti iclasında iştirak etmədiyinə görə parlament sədri İ.Qəmbər təklif etdi ki, məsələnin baxılması prosedurası T.Qarayevin rəhbərliyi altında MTN rəhbərliyinin və Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komissiyasının iştirakı ilə razılaşdırılsın. İ.Qəmbərin isə arxivlərin açılıb-açılmaması barədəki mövqeyi belə oldu: “DTK arxivləri açılsa da peşman olacağıq, açılmasa da. Ola bilər ki, onu təkid edənlər peşman olsunlar”.

Bu, açıq-aşkar şantaj idi
 
Bu, aydındır ki, arxivlərin açılmasını istəyənlərin təhdid edilməsi idi. Yəni parlament sədri bu işdə maraqlı tərəf olduğunu nümayiş etdirib işarə verdi ki, arxivləri açmaq olmaz.



 
Milli Məclis 1992-ci ilin oktayabr ayının 21-də T.Qarayevin sədrliyi ilə “DTK (MTN) arxivləri haqqında” məsələnin bir neçə gün əvvəl başlamış müzakirəsini davam etdirdi. S.Əkbər(ov) dedi: “1988-ci ildən DTK-ya cəlb olunanların böyük əksəriyyəti yazılı heç nə qoymayıblar və məlumatlarını şifahi şəkildə ötürüblər. Rəhbər işdə işləyənlərin bu idarə ilə nə dərəcədə əlaqədə olub-olmaması haqqında biz yalnız və yalnız prezidentə xəbər veririk. Əgər agenturanın açılması haqqında qərar qəbul etsəniz, prezidentə müraciət edəcəyəm ki, ona veto qoysun, o da olmasa, istefa verəcəyəm”.
 
T.Qarayev millət vəkillərinin DTK arxivlərinin açılması üçün parlament komissiyası yaratmaq haqqındakı israrlı təklifinə  sərt şəkildə qarşı çıxaraq bildirdi ki, əgər belə bir komissiya yaradılsa belə, Milli Təhlükəsizlik naziri F.Təhməzov onu arxivə  buraxmayacaq, ona görə də komissiya yaratmaq lazım deyil. Bu, açıq-aşkar şantaj idi. Beləliklə, parlament sədrinin birinci müavini  arxivlərin açılmamasında son dərəcə maraqlı olduğunu nümayiş etdirdi. Uzun müzakirələrdən sonra T.Qarayev səsverməyə 2 bənddən ibarət qərar layihəsi çıxartdı. Qərar layihəsinin ikinci bəndində nəzərdə tutulurdu ki, DTK agentləri haqqında məlumat yayan şəxslərin 4 ildən 7 ilədək azadlıqdan məhrum edilməsi haqqında Azərbaycan Cinayət Məcəlləsinə maddə əlavə edilsin. Deputatların təəccüb və narazılığına səbəb olan bu bənd qəbul edilmədi. 
 
İ.Qəmbərin məsələni niyə T.Qarayevə tapşırmasının səbəbi oxucuya aydın olmalıdır. Çox güman ki. S.Əkbərin prezident Ə.Elçibəyə verdiyi siyahıda T.Qarayevin də adı var imiş.


 
DTK arxivlərinin açılmasını təkid edən E.Məmmədovun təklifi cəmi 11 səs aldı və qəbul edilmədi. Sonra E.Məmmədovun sorğusuna cavab verən S.Əkbərov etiraf etdi ki, MTN-in 1992-ci il mayın 16-da komissiya ilə möhürlənmiş arxivi milli təhlükəsizlik naziri F.Təhməzovun əmri və iştirakı ilə açılmış və yenidən möhürlənmişdir. 
 
Milli Məclisin 11 noyabr 1992-ci il tarixli iclasında E.Məmmədov başqa bir mühüm məsələyə toxunmuşdu: “DTK arxivləri haqqında” məsələ müzakirə edilərkən S.Əkbərov məsuliyyətsizcəsinə dedi ki, agentura şəbəkəsi haqqında məlumat toplanmış kompüter disketinin biri E.Məmmədovdadır. Məndə olan məlumata görə, İsa bəy, şəxsən siz və dövlət adamları V.Hüseynova (A.Mütəllibovun dövründə DTK sədri – N.Ə.) təzyiq göstərirsiniz ki, disketin məndə olmasını etiraf etsin. Narahat olmayın, o məndə olsa belə, onu açmaram.
(N.Əhmədli. Milli Məclisdən etüdlər. Bakı: 1996, s.54-69). 
 
AXC-nin onurğasını Polyaniçkonun “Gənc alimlər klibu” təşkil edirdi.
 
Beləliklə, S.Əkbər sensasiyalı müsahibəsində təhriflərə yol vermiş, arxivlərin açılmasını guya təkid etdiyini və möhürlü olduğuna görə ondan istifadə etmədiyini deyərkən, qeyri-səmimi olmuşdur. Buradan da görünür ki, əgər prezident Ə.Elçibəyə doğrudan da siyahı təqdim edibsə, həmin siyahı onun beyninin məhsulu yox, arxiv materiallarına əsaslanan fakt imiş. Siyahını isə doğrudan da Ə.Elçibəyə təqdim edibmiş, çünki Xural TV-yə müsahibəsində P.Hüseyn də bunu etiraf etdi. Onlar S.Əkbəri F.Təhməzovun yerinə milli təhlükəsizlik naziri təyin etməyi prezidentə təklif edəndə Ə.Elçibəy onları qınayıb ki, siz onun haqqında bu cür yüksək fikirdəsiniz, o isə sizi DTK agenti kimi mənə təqdim edib. P.Hüseyn İ.Qəmbərin də adının verildiyini, İ.Qəmbərin otağında hər üçünün bu məsələni müzakirə etdiklərini də bildirdi.

 
 
İndi keçək S.Əkbərin haqqında o vaxt prezident Ə.Elçibəyə verdiyi siyahının həqiqəti əks etdirib-etdirməməsi məsələsinə. Bu siyahıdakı adlar düz ola bilərdimi? Etiraf edək ki, düz ola bilərdi, çünki S.Əkbərin özünün də dediyi kimi, o vaxtkı sovet DTK-sı qarşısını ala bilmədiyi proseslərə öz adamlarını yeridirdi ki, hadisələri nəzarətində saxlaya bilsin, onu lazımi məcraya yönəldə bilsin. Xatırlayıram ki, 1989-cu ildə dövlət qeydiyyatına alınan AXC-nin onurğasını o vaxt Azərb.KP MK-nın 2-ci katibi, vəzifəsi respublikada baş verənləri nəzarətdə saxlamaq və idarə etmək olan V.Polyaniçkonun təşəbbüsü ilə yaradılmış “Gənc alimlər klibu”ndan gələnlər təşkil edirdi. 
 
AXC rəhbərləri DTK-nın əməkdaşları idilərmi?
 
AXC və sonradan hökumət rəhbərliyində təmsil olunan, DTK ilə əməkdaşlığa cəlb edilmiş şəxslərin DTK-nın ayırdığı xətdən çıxa bilmək bacarığı vardımı və onlar vətənpərvər insanlardırmı? Birinci suala cavab verməkdə müəyyən tərəddüdlərim olsa da, həmin şəxslərin doğrudan da vətənpərvər olduğunu təsdiq etməliyik. Polşadakı məşhur “Həmrəylik” həmkarlar İttifaqı təşkilatının rəhbəri, sosializm quruluşunu devirən Lex Valensanın da xüsusi xidmət orqanları ilə əlaqələri indi təsdiq olunmuş faktdır.
 
SSRİ vaxtında şərqşünaslıq fakültəsini bitirərək xarici ölkələrdə “dil təcrübəsi” keçməyə göndərilənlərdən istisnasız olaraq DTK-ya işləmək haqqında iltizam alırdılar. Mərhum Ə.Eçibəy isə  nəinki xaricə işləməyə getmişdi, hətta deyilənə görə, 1962-ci ildə Asuan su bəndinin açılışına gedən SSRİ-nin o vaxtkı rəhbəri N.Xruşşovla Misir prezidenti Camal Əbdül Nasir arasında tərcüməçilik etmişdi. Bu işin təsadüfi adama həvalə edilməsi mümkün görünmür. Amma mərhum Ə.Elçibəyin böyük vətənpərvər olduğunu heç kim dana bilməz və milli şüurun oyanmasındakı fəaliyyətinə görə həbs olunması da (həbsdə bizə az görünə biləcək qədər – 2 il qalsa belə) faktdır. P.Hüseyn müsahibələrinin birində ixtisası olan sosial fəlsəfə elminin bağlı bir sahə, dövlət nəzarətində olduğunu bildirmişdi və bu baxımdan onun da DTK siyahısında olması istisna edilmir. Həmin sözləri İ.Qəmbər haqqında da demək mümkündür. S.Əkbərin özü də etiraf etdi ki, siyahını prezidentə təqdim edəndə ona hirslənib ki, nə olsun ki, DTK ilə əlaqələri olub, bu adamlar vətənini, xalqını sevən adamlardır. Həmin şəxslərin doğrudan da o cür olmasını yuxarıda biz də təsdiqləmişdik. Yadımdadır ki, 1988-ci ildə Dağlıq Qarabağ ətrafında separatçılıq hadisələri başlayanda o vaxt AMEA-nın əməkdaşı olan İ.Qəmbərin Z.Balayana və erməni separatçılarına yazdığı tutarlı cavab onu xeyli məşhurlaşdırmışdı, o cavabı hamı əl-əl gəzirdi, mən də oxumuşdum. Beləliklə, Ə.Elçibəyin arqumentinin 2-ci hissəsi ilə mən də razıyam. 


 
Kim daha təhlükəli idi – Ayaz Mütəllibovçular, yoxsa DTK-çılar?
 
Məsələnin başqa bir tərəfi də var: tutaq ki, DTK ilə əlaqəsi olan bütün məmurlar Ə.Elçibəy başda olmaqla istefaya gedir, bəs ölkəni kim idarə edəcəkdi? Hakimiyyəti A.Mütəllibovun başçılığı ilə kommunistlərə qaytarmaq lazım idi? Təbii ki, yox! Həmin kommunistıər cəmi 2 il əvvəl – 1991-ci ilin martında SSRİ-nin saxlanması haqqında referenduma getmiş və Azərbaycan xalqının adından imperiyanın saxlanmasını dəstəkləmişdilər. Beləliklə, ortada 2 variant qalırdı: imperiyanın açıq əlaltıları və Azərbaycanı imperiya boyunduruğunda saxlayan kommunistlər və bu və ya digər şəkildə imperiya DTK-sı ilə münasibəti olan (felən buna məcbur edilən), amma Azərbaycanın müstəqilliyinə can atan, bütün qüsurları ilə bərabər demokratik cəmiyyət qurmaq istəyən AXC iqtidarı. Məcburi seçim qarşısında qaldıqda ikincilərə üstünlük vermək lazım gəlir.


 
S.Əkbərin müsahibəsində təəccübümə səbəb olan başqa bir ziddiyyətli məqam da var: Ə.Elçibəyə verdiyi siyahısına İ.Qəmbərin də adını saldığı halda, sonradan onunla çox yaxınlaşması, Müsavat partiyasında onun müavini olması, son müsahibəsində sanki həmin siyahıya adını salmayıbmış kimi İ.Qəmbərə isti münasibət göstərməsi çox ziddiyyətli görünür. Görəsən İ.Qəmbər S.Əkbərin mövqeyini dəyişməyə necə nail olub? Onun özünə qarşı hansı kompomatlardan istifadə edib? Bu suallar hələ ki, açıq qalır.
 
Əgər AXC iqtidarının məğlubiyyətə aparan səbəblərdən danışırıqsa, onların DTK ilə əlaqəsinin bu süqutda nə qədər önəmli rol oynadığını deməzdən qabaq 4 iyuna aparan proseslərdən danışmalıyıq.
 
4 iyuna gedən yol
 
Birinci səbəb  AXC-nin həmcins bir təşkilat olmaması idi və bu da təbiidir. Qarabağ hadisələrindən doğan narazılıq ətrafında meydanlara axışan, zorən siyasətə qarışan kütlələr tezliklə parçalandı və meydana çıxan müxtəlif partiyalara üz tutdular. Hətta iqtidardakı AXC-nin içərisindən Müsavat adında yeni partiya ayrıldı. Çox zəif olan bir iqtidarın içərisində vahid mərkəzdən idarəetməni pozan bu cür hala necə yol vermək olardı? Bu arqumentin əleyhinə deyə bilərlər ki, H.Əliyevin Müsavatın başına gətirilməsi planını pozmaq üçün bu iş Ə.Elçibəyin özünün təşəbbüsü ilə olub. Amma bu arqumentə əks arqument də var: Müsavatın başına gəlməzdən qabaq İ.Qəmbər Şimali Azərbaycan Demokrat Partiyası (ŞADP) deyilən siyasi qurum yaratmışdı və onsuz da AXC-dən çıxmışdı.


 
İkincisi, parlament seçkilərinin keçirilməməsi. İqtidar seçkilərə getməzdən əvvəl daha yaxşı təşkilatlanmaq və seçkiləri udmaq üçün bu işi çox ləngitdi. Bunda Müsavatı gücləndirmək istəyən İ.Qəmbər maraqlı idi və parlament seçkilərinin yubadılmasını onun ayağına yazmalıyıq. Potensial çevriliş yuvası olan əvvəlki Ali Soveti   heç cür saxlamaq olmazdı. Səlahiyyətlərini tam itirməyən deputatlar dəfələrlə vəziyyəti gərginləşdirən hərəkətlər etmişdilər, məsələn S.Əkbərin iştirak etdiyi Milli Məclisin 21 oktyabr 1992-ci iclasında parlament sədrindən söz almağa nail olan Maksim Musayev xeyli deputatın imzaladığı müraciəti oxuyub Ali Sovetin sessiyasını çağırmağı tələb edirdi. Sessiyanın baş tutacağı halda hakimiyyətlərini itirmiş partnomenklatura təmsilçilərinin hansı qərarlar qəbul edəcəklərini təxmin etmək olar.
 
Üçüncüsü, hakimiyyət nümayəndələrinin təcrübəsizliyi və başıpozuqluq. Böyük vəzifələrə təyinat alanların əksəriyyəti dövlət ərkanına riayət etmir, hərəkətlərini “demoktatiya” hesab edərək əslində anarxiyaya yuvarlanırdılar və artıq onun bir addımlığında idilər. Ölkə tam idarəolunmaz hala gəlməsə də, ona oxşar bir vəziyyət yaranmışdı. Ölkənin 3 ən mühüm strateji əhəmiyyətli nazirliyinin başında duranlar – Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirləri prezidentə tabe olmurdular. İş o yerə gəlib çatmışdı ki, Daxili İşlər naziri İ.Həmidov başının dəstəsi ilə jurnalistlər C.Hüseynovu, M.İsmayıloğlunu döymüş, tanınmış ictima-siyasi xadim Z.Əlizadəni döyərək maşının baqajına soxmağa cəhd etmiş, gah bir neçə fərarini güllələdiyini, gah da Azərbaycanda 6 atom bombasının olduğunu bəyan etmişdi. Mənim özümün də iştirak etdiyim Az.TV  hadisəsi də yəqin ki tamaşaçıların yadındadır. O vaxt İ.Həmidov studiyaya soxularaq silah çıxartmışdı. Bu cür hallar isə sözsüz ki, hakimiyyətin sürətlə nüfuzunu itirməsinə gətirib çıxarırdı. Hələ o hadisədən 4 ay əvvəl, AXC-nin 1992-ci il dekabrın 4-5-də keçirilən II qurultayında öz kadrlarından narazı olan Ə.Elçibəy qurultay  nümayəndələrinə xəbərdarlıq etdi ki, belə getsə gəncləri başıma toplayıb onlara qarşı yeni inqilab edəcək.


 
Dördüncüsü, imperiyanın parçalanması ilə barışmayan Rusiyanın, eləcə də neft müqaviləsindən daha çox pay qlmaq istəyən iri neft kompaniyaları xaricdən, hakimiyyətə gəlmək istəyən AMİP və YAP-ın, hakimiyyətə qayıtmaq istəyən A.Mütəllibovun daxildən təzyiqləri. Arxasında Rusiyanın durduğu A.Mütəllibov faktoru daha güclü idi. O vaxt YAP hələ tam formalaşmasa da, Türkiyənin baş naziri S.Dəmirəl H.Əliyevi müdafiə edir, ona maddi köməklər edirdi. Naxçıvana 100 milyon dollar kredit ayrılması da bu köməyin mühum faktlarından biri idi. Ölkənin ən güclü müxalifət partiyası, yaxşı təşkilatlanmış AMİP-in də müxalifətdə olması ciddi faktor idi.
 
Beşincisi, istənilən ölkədə müharibənin getməsi hərbi müxalifətin də meydana çıxması və iqtidarı devirmək istəyən xarici və daxili qüvvələrin ondan yararlanmağa can atmaları idi.
 
Elçibəyin çox ciddi qüsuru
 
Altıncı səbəb prezident Ə.Elçibəyin şəxsi keyfiyyətləri, qətiyyətsizliyi ilə bağlı idi ki, bu cəhət dövlət başçısı üçün əsla yolverilməzdir. Ə.Elçibəy vətənini odlu məhəbbətlə sevən, dünya malında heç bir tamahı olmayan, boğazından haram tikə keçməyən, tayfa-klan prinsiplərinin kökünü kəsib Azərbaycanın bütün regionlarını birləşdirməyə, regionçuluğu aradan qaldıran müsbət xarakterlərə malik prezident, ondan daha çox isə məfkurə, fikir adamı idi. Amma lazımi məqamlarda qətiyyətli addımlar atmaması onun dövlət başçısına yaraşmayan çox ciddi qüsuru idi. 1993-cü ilin fevralında Ə.Elçibəylə H.Əliyevin uzun çəkən görüşündə Daxili İşlər naziri İ.Həmidovun söhbət gedən otağa soxulması, bu görüşdə Ə.Elçibəyin hakimiyyəti H.Əliyevə ötürməklə bağlı söhbət etdiklərini düşünərək onların hər ikisinə xəbərdarlıq etməsi haqqında hələ 1993-cü ildən şayiələr gəzirdi. Ə.Elşibəyin o vaxtkı köməkçisi olmuş O.Qasımov son müsahibəsində İ.Həmidovun doğrudan da görüş otağına girməsini, amma bunu yalnız görüşmək üçün etdiyini etiraf etdi. Amma bütün hallarda bu epizod tabeçiliyində olan şəxslərin Ə.Elçibəylə olan anormal münasibətlərinin göstəricidir.

 
 
Pənah Hüseyn – Elçibəyin devrilməsinin əsas baiskarı
 
Oxuculara qəribə gələ bilər, AXC hakimiyyətinin devrilməsinin yeddinci, ayrıca bir səbəbiBaş nazir Pənah Hüseyn idi.  
 
Əvvəlcədən deyim ki, mən P.Hüseyni iti zəka sahibi, parlaq natiq, çox enerjili bir şəxs, polemikada istənilən rəqibini məğlub edə biləcək bir opponent hesab edirəm. Hələ 1993-cü ildə AMİP sədrinin birinci müavini professor N.İmanovla televiziya debatında qalib çıxması onu çox populyarlaşdırmışdı. AXC-nin mitinqlərindəki çıxışları, təşkilatmanın vacibliyi barəsindəki fikirləri yadımdadır.  
 
AXC hakimiyyətə gələndən sonra P.Hüseynin verdiyi bir mühasibə sadəcə olaraq məni heyran qoymuşdu. Müxbirin “Siz dövlət katibi təyin edilməyinizi hansı şəraitdə eşitdiniz və hansı hisslər keçirdiniz?”, - sualına “Nə şərait, nə hiss, mən İsa bəyin başının üstündə durub həmin fərmanı ona öz əlimlə yazdırdım”, - cavabını vermişdi. Açığı, onun cavabı çox xoşuma gəlmişdi. Yəni əsil siyasətçi hadisələri taleyin ümidinə buraxmayıb fürsəti qaçırmamalıdır. Bu baxımdan, P.Hüseynin iki dəfə - 1992-ci ildə özünün də iştitrak etdiyi danışıqlarda və 1993-cü il iyunun 17-də Ə.Elçibəyin ona baş nazir vəzifəsinə təyin edilməsi fürsətini əldən qaçıran E.Məmmədovdan üstünlüyü var.  
 
Pənah Hüseynin üstünlüyü
 
P.Hüseynlə bağlı bəzi epizodları yada salmaq istəyirəm. Onlardan birincisi E.Məmmədovla bağlıdır. Ə.Elçibəyin adından E.Məmmədovla aparılan danışıqlarda baş nazir vəzifəsini təklif edərkən E.Məmmədovun güc nazirliklərini də ona tabe etmək haqqlndakı tələbini bəhanə edərək danışıqları tərk etmiş, məsələni böyütmüş və E.Məmmədovu iqtidardan kənarda qoya bilmişdi. O, bu yaxınlarda Xural TV-yə verdiyi müsahibəsində səmimi şəkildə etiraf etdi ki, 1992-ci il danışıqlarında E.Məmmədov ona təklif olunan Baş nazir postu üçün nə qədər çox səlahiyyət tələb edirdisə, bizə daha şox ləzzət edirdi, çünki danışıqlar pozulacaq və E.Məmmədov Baş nazir təyin edilməyəcəkdi. E.Məmmədov Baş nazir təyin olunsaydı, hadisələr hansı istiqamətdə gedəcəkdi, bunu demək çətindir, çünki daha inzibatçı olması ilə yanaşı, E.Məmmədov hakimiyyətə daha çox həris adam idi və əslində koalisiya hakimiyyəti sayılacaq o hökumətdə daxili çəkişmələrin daha gərgin vəziyyət alacağını da istisna etmək olmazdı. 

 

Bu, P.Hüseynin şəxsi qələbəsi idi, amma onun təmsil edildiyi hakimiyyətin yıxılmasında bu hadisənin ciddi rolu oldu – E.Məmmədov AXC hakimiyyətinə düşmən oldu və 1993-cü ildə qisas aldı, hakimiyyətin devrilməsinə kömək etdi. Bu hadisəni P.Hüseyn üçün Pirr qələbəsi saymaq olar.
 
Pənah Hüseyn – Rəhim Qazıyev ziddiyyəti
 
İkinci epizod o vaxt Müdafiə naziri olmuş R.Qazıyevlə bağlıdır. R.Qazıyevi neytrallaşdırmaq üçün S.Hüseynovu baş nazirin müavini, korpus komandiri vəzifələrinə irəli çəkilməsinin ideya müəllifi və təşəbbüskarı da P.Hüseyndir. Amma P.Hüseynin əsaslandırılmış ideyası, taktiki gedişi bu dəfə də əks effekt verdi. Əgər əvvəl R.Qazıyevin timsalında hakimiyyətə qarşı bir silahlı güc vardısa, indi iki oldular. Hakimiyyətin taktiki gedişini başa düşən R.Qazıyev özünün də etiraf etdiyi kimi S.Hüseynovla birləşdi və daha qorxunc qüvvəyə çevrildilər. Beləliklə, P.Hüseynin ikinci layihəsi də iflasa uğradı.
 
İsa Qəmbər – Pənah Hüseyn – Arif Hacılı triumviratı
 
Üçüncü epizod E.Məmmədov və S.Hüseynovla bağlıdır. 1992-ci ilin sonlarında – noyabr və ya dekabr ayında Ə.Elçibəyin özünün də iştirakı ilə dövlət ərkanı Mərdəkanda süfrə arxasında əyləşirlər, cəbhədəki, ölkədəki vəziyyəti müzakirə edirlər. O vaxt həm korpus komandiri, Milli Qəhrəman və baş nazirin müavini olan S.Hüseynov prezidentə təklif edir ki, bütün siyasi qüvvələri bir yumruq halında birləşdirmək, düşmənlə məsələni bitirmək üçün E.Məmmədovu baş nazir təyin etsin. Əslində burada S.Hüseynov tərəfindən kriminal bir hərəkət edilməmişdi – baş nazirin müavini olaraq prezidentə belə bir təklif vermək normal sayılmalıdır. Məsələn, P.Hüseyn adı çəkilən müsahibəsində S.Əkbərin milli təhlükəsizlik naziri təyin edilməsini prezidentə təklif etdiklərini etiraf etdi. Belə çıxır ki, bu cür səlahiyyətlər ancaq ona və yaxın bildiklərinə aid ola bilərdi, S.Hüseynov ədəb-ərkan qaydalarını pozub prezidentə belə bir təklif verməməli idi. O vaxt prezident Ə.Elçibəyin ətrafında ona kadr təklif edən İ.Qəmbər - P.Hüseyn – A.Hacılı triumviratı yaranmışdı və başqa bir şəxsin Ə.Elçibəyə hər hansı kadr təklif etmək təşəbbüsünü onlara qarşı edilmiş yolverilməz bir cəsarət hesab edirdilər. 
 


Onlar bu dəfə də E.Məmmədovun baş nazirliyə gedən yolunu kəsə bilirlər. Amma bu dəfə məsələ bununla bitmədi – P.Hüseyn R.Qazıyevə qarşı istifadə etmək istədikləri S.Hüseynovu cəzalandırmaq və yerinə oturtmaq qərarına gəlir, fikrini məntiqi və siyasi dəlillərə əsaslanaraq həmin şəxslərin beyninə yeritmək istəyir. Bu dəfə artıq hakimiyyətə qarşı E.Məmmədov, R.Qazıyev və S.Hüseynov triumviratı yaranmışdı.
 
Uğursuz Ağdərə əməliyyatı və Pənah Hüseyn fürsətçiliyi
 
Dörsüncü epizod yenə də S.Hüseynovla bağlıdır. Ağdərə əməliyyatlarında uğrsuzluqlar baş verdiyinə görə S.Hüseynovu vəzifədən kənarlaşdırmaq üçün yaranmış fürsətdən yararlanmaq istəməsi təbii görünməlidir. Fevralın təxminən 10-da və ya 11-də Azərbaycan televiziyasında AXC İcraiyyə komitəsinin bir bəyanatı yayıldı. Həmin bəyanatda korpus komandiri, baş nazirin müavini, Milli Qəhrəman, polkovnik S.Hüseynov dövləti xəyanətdə ittiham olunurdu. Bəyanatda onun hərbi mövqeləri boş qoyaraq geri çəkilməsindən və başqa şeylərdən bəhs edilirdi. Ola bilsin ki, S.Hüseynov doğrudan da belə bir hərəkət etmişdi, amma bu, hərbi tribunalın məsələsi ola bilərdi, prezident onun hərəkətinə qiymət verib tutduğu vəzifədən kənarlaşdıra bilərdi, haqqında başqa intizam və ya hüquqi tədbir görülə bilərdi. Bu iş AXC İcraiyyə Komitəsinin, onun sədri Fərəc Quliyevin vəzifəsi deyildi, onun televiziyada səsləndirilməsi isə dəhşətli bir səhv, siyasi nəticələrə səbəb olan hərəkət idi. Həmin bəyanatı eşidən S.Hüseynov həbs ediləcəyindən qorxub elə o vaxt qiyam qaldıra bilərdi. O vaxt dövlət katibi olan, hakimiyyət yüyənini xeyli dərəcədə öz əlində toplayan, hətta deyilənə görə prezidentlə görüşmək istəyənlərin mütləq onun yanından keçməli olduğu P.Hüseynin xəbəri və razılığı olmadan bu bəyanat televiziyada oxuna bilməzdi. P.Hüseyn əgər bu bəyanatın hazırlanması və televiziyada oxunmasının təşəbbüskarı olmasaydı belə, onun qarşısını ala bilərdi. Bu hadisə S.Hüseynovla hakimiyyət arasındakı son körpüləri də uçurtdu və düşmənçilik açıq müstəviyə keçdi. Bundan sonra onu təcrid etmək əvəzinə, Yevlaxdakı yun zavodunu Konsernə çevirib S.Hüseynovu oraya prezident qoydular. Güman edirəm ki, bu məsələnin də müəllifi P.Hüseyn olub.


 
Pənah Hüseynin yeni planı: Sürət Hüseynovun ya ölüsü, ya dirisi ələ keçirilməli idi
 
Gəncədəki hərbi hissələrdən birinin komandanlığını ələ alıb orada oturan,  hərbi zabitlər birliyi yaradan S.Hüseynovu ya dirisini, ya da ölüsünü ələ keçirib bu kor düyündən xilas olmaq istəyən P.Hüseyn yeni plan hazırladı, plana bilavasitə özü, Daxili İşlər naziri A.Abdullayevin kabinetindən rəhbərlik etmək qərarına gəldi. Plan 1993-cü il iyun ayının 4-ə təyin edilmişdi. Ya hərbi kəşfiyyatdan, ya MTN-dən, ya da hakimiyyətin daxilindən bu barədə məlumat alan AMİP sədri, hadisədən 2 gün əvvəl Milli Məclisin iclasında çıxış edən E.Məmmədov hakimiyyətə xəbərdarlıq etdi ki, bu plandan imtina etsinlər, yoxsa nəticələri ağır ola bilər. Əlbəttə, E.Məmmədovun iqtidarı qorumaq qayğısı, fikri yox idi. Onu ilk növbədə S.Hüseynovun taleyi düşündürürdü ki, iqtidar birdən ona qalib gələ bilər. Bu, iki cəhətdən E.Məmmədova sərfəli deyildi: 
 
Birincisi, onu baş nazir təklif etdiyinə görə hakimiyyətlə arası pozulan S.Hüseynovun iqtidar tərəfindən məhv edilməsinə seyrçi qalmaq xalq adət-ənənələrinə görə namərdlik olardı. 
 
İkincisi isə, S.Hüseynovu qoruyub ondan sonrakı planlarında yararlana bilərdi. 
 
E.Məmmədovun xəbərdarlığına məhəl qoyulmadı. Nəzərə alınmadı ki, əgər bunu E.Məmmədov bilirsə, aydın məsələdir ki, S.Hüseynov da bilir və yəqin ki, müdafiə tədbirləri də görüb. 


 
Digər tərəfdən, əgər indiyə qədər bilməsəydi belə, artıq bilir və onu təxirə salmaq, əlverişli məqamın yaranmasını gözləmək lazımdır. Lakin P.Hüseyn inadından dönmədi, tədbiri təxirə salmadı, Daxili İşlər nazirinin kabinetindən özü rəhbərlik etdi və hakimiyyət qüvvələri məğlub oldu.
 
Bu, P.Hüseynin uğursuzluğa düçar olan beşinci cəhdi, taleyüklü ən böyük səhvi oldu.
 
Etibar Məmmədovla Heydər Əliyev arasına necə inamsızlıq toxumu səpildi? 
 
Hadisənin ertəsi günü, iyunun 5-də ərazi-idarəetmə orqanları üzrə dövlət müşaviri A.Hacıyev AMİP qərargahına, E.Məmmədovun yanına gəlib ondan siyasi dəstək istədi. O vaxt artıq H.Əliyevin Bakıya dəvət ediləcəyi barədə söhbət gəzirdi.  E.Məmmədov dəstək vermək üçün şərt irəli sürdü ki, hakimiyyəti H.Əliyevlə deyil, onunla bölsünlər. Əslində onun şərti hər hansı siyasi qüvvənin irəli sürə biləcəyi normal şərt idi – bir halda ki, bir il əvvəl öz keçmiş cəbhə yoldaşlarına baş nazir vəzifəsini təklif etməyi mümkün sayırdılar, yenidən həmin danışıqları təzələyə bilərdilər. H.Əliyevi E.Məmmədovdan daha uyğun görən P.Hüseyn Milli Məclisdəki çıxışında E.Məmmədovun konfidensial şəkildə söylədiklərini ictimaiyyətə çatdırdı, onunla öz aralarındak sonuncu körpüləri də uçurtdular. Bundan sonra E.Məmmədov iqtidarı yıxmaq yolunu tutub H.Əliyevlə birlikdə hakimiyyətə gəlməyə üstünlük verdi, amma nəzərə almadı ki, P.Hüseyn A.Hacılıya dediklərini faş etməklə H.Əliyevlə onun arasında inamsızlıq toxumu səpib. Hətta bu məsələ olmasaydı belə, H.Əliyevin kiminləsə hakimiyyəti böləcəyini düşünmək sadəlövhlük olardı. Əgər hakimiyyətə təkbaşına yiyələnmək imkanı varsa, siyasətçinin onu əldən qaçırması qüsur sayıla bilər. 
 


Pənah Hüseynin 6-cı inadı: “Hakimiyyət Heydər Əliyevə ötürülsün”
 
P.Hüseynin altıncı ideyası H.Əliyevi inadla hakimiyyətə dəvət etmək idi. C.Həsənlinin bu yaxınlarda verdiyi müsahibəyə görə, hakimiyyəti verməkdə tərəddüd edən Ə.Elçibəyə də, parlament sədrliyindən istefa vermək istəməyən İ.Qəmbərə də ən çox təzyiq və təsir göstərən P.Hüseyn olub. Onun fikrincə, H.Əliyev ölkədə sabitlik yaradacaq, ən azı keçmişdə olduğu kimi başının üstündə imperiya qurumlarının olmasını istəməməsi səbəbindən Azərbaycanın müstəqilliyini qoruyacaq, onları S.Hüseynovun cənginə verməyəcəkdi.  
 
H.Əliyevin 4 iyun hadisələrindən əvvəl S.Hüseynovla əlaqəsi vardımı? 
 
Bu suala müsbət cavab verməliyik. Məsələnin görünən və təkzib edilməz tərəfi odur ki, Nemət Pənahlı 4 iyundan xeyli əvvəl H.Əliyevin emissarı olaraq Gəncədə, S.Hüseynovun yanında idi və H.Əliyevin adından onu təlimatlandırırdı. H.Əliyevin özü də Türkiyənin peyk rabitə vasitələrinin köməyi ilə S.Hüseynovla əlaqə saxlayırdı.
 
AXC hakimiyyətini yıxan sonuncu ağır zərbə
 
4 iyun hadisələrindən bir qədər sonra Gəncə hadisələrini öyrənmək üçün özlərini “komissiya” adlandıran bir neçə adam oraya getdi. Onların arasında akademik İ.Mustafayev, H.Əliyevin ən yaxın adamlarından olan akademik F.Maqsudov, millət vəkili S.Rüstəmxanlı, millət vəkili, bir müddət əvvəl respublika prokurorunun 1-ci müavini vəzifəsindən azad edildiyinə görə o vaxta qədər bir cəbhədə olduğu AXC iqtidarından incik düşən M.Mütəllimli və başqaları da var idi. Özlərini “komissiya” adlandıran bu şəxslər Bakıya qayıdanda parlamentə məlumat vermək üçün Milli Məclisə gəldilər. Onların “hesabatını” dinləmək üçün bir qrup deputatlar – E.Məmmədov və tərəfdarları – Şadman Hüseynov, Tahir Əliyev, H.Əliyevin tərəfdarları – A.Rəhimzadə və başqaları parlamentdən canlı yayın edilməsini tələb etməyə başladılar. Xeyli etirazdan sonra, çox güman ki, prezident Ə.Elçibəyin iradəsi ilə buna razılıq verildi və bu hadisə AXC iqtidarını yıxan sonuncu və ən ağır zərbə oldu. Tribunaya qalxan “komissiya sədri” İ.Mustafayev yaşına uyğun olmayan yalana əl atıb riyakarlıqla bütün ölkəyə bəyan etdi ki, hökumət qüvvələri Gəncədə günahsız insanların qanını töküb, Gəncənin küçələrində qan su yerinə axır. Halbuki S.Hüseynovun adamları prezident qvardiyasının üzvlərini amansızlıqla qətlə yetirmişdilər...
 


Bu transliyasiyadan sonra ölkə əhalisinin iqtidardan üz çevirməsi təbii idi. İyunun 9-da hökumətin əhalini mitinqə çağırması toydan sonra nağara demək idi və buna görə də iqtidar umduğu dəstəyi ala bilmədi.
 
Müdafiə Nazirliyinin  hərbi, Elçibəyin vəzifə cinayəti
 
4 iyundan bir neçə gün sonra E.Məmmədovla R.Qazıyev müdafiə naziri D.Rzayevin yanına gedib yüksək zabit heyəti ilə müşavirə keçirdilər. Müşavirə iştirakçılar – generallar Müdafiə Nazirliyinin ölkədə baş verən siyasi hadisələrə qarışmayacağı barədə bəyanat verdi. Əslində bu hadisənin özü də yeni bir qiyam idi. Əgər iqtidar Ordudan mülki əhaliyə qarşı istifadə etmək istəsəydi, yalnız o halda Müdafiə nazirliyi neytrallıq saxladığını deyə bilərdi. Burada isə qanuni hakimiyyətə qarşı baş qaldıran Müdafiə Nazirliyinin hərbi hissəsi idi – bütün vasitələrdən istifadə etməklə. Hətta silah tətbiq etməklə qiyamçılat nəzarət altına alıb zərərsizləşdirmək bu şəxslərin konstitusion və əsgəri borcu idi. Müdafiə naziri isə iyunun 4-də olduğu kimi öz vəzifə səlahiyyətlərini yerinə yetirməkdən imtina etdi və əslində hərbi cinayət törətdi. Həmin müşavirənin keçirildiyi və məlum qərarın çıxarıldığı gün D.Rzayev başda olmaqla bir sıra generallar dərhal həbs edilməli idi. Prezident Ə.Elçibəyin heç bir tədbir görmədən bütün bu hallara seyrçi qalması, faktiki olaraq dövləti taleyin ümidinə buraxması da vəzifə cinayəti sayılmalıdır.
 
AMİP Siyasi Şuirasının üzvü Ş.Hüseynovun da S.Hüseynova dəstək verdiyi mitinqlərdə S.Hüseynov P.Hüseynlə İ.Qəmbərin istefa verməsini, günahkarların cəzalandırılmasını tələb edirdi. İyunun 9-da P.Hüseyn Baş nazir vəzifəsindən istefa vermiş və H.Əliyev hökumət təyyarəsi ilə Bakıya gəlmişdi. İ.Qəmbər müəyyən qədər dirənsə də, bir neçə gündən sonra o da istefa verdi. Çünki H.Əliyev ona təklif edilən Baş nazir vəzifəsini qəbul etməyib parlament sədrliyini tələb edirdi. O, nə etmək lazım gəldiyini düzgün müəyyənləşdirmişdi.
 
Heydər Əliyevin növbəti gedişi: Gəncəyə getməyə qərar verdi
 
Milli Məclisin iyunun 13-də keçirilən iclasında namizədliyi parlament sədrliyinə təklif edilən H.Əliyev daha bir gediş etdi – Gəncədə baş verənləri öz gözü ilə görmədən bu vəzifəyə seçilməyə razılıq verməsini düzgün hesab etməyib oraya gedəcəyini bildirdi  və oraya getmək istəyən jurnalistləri də dəvət etdi. H.Əliyev bu səfərindən iki məqsəd güdürdü – S.Hüseynovla görüşmədən Milli Məclis sədri seçilsəydi, S.Hüseynovu narazı sala bilərdi, S.Hüseynov düşünə bilərdi ki, H.Əliyev oyun qaydalarını pozub, ona qarşı saymamazlıq edib, onun hesabına hakimiyyətə gəlib. H.Əliyevin birincidən daha mühüm olan ikinci məqsədi isə S.Hüseynovu təlimatlandırıb, məsələni “yarımçıq” qoymamağa – Ə.Elçibəyin özünün də istefasına nail olmaq idi. H.Əliyev bu məsələni də həll etdi – Sürət Hüseynov o vaxta qədər yalnız günahkarların cəzalandırılmasını, İ.Qəmbərlə P.Hüseynin istefasını tələb etdiyi halda, H.Əliyevlə görüşəndən sonra Ə.Elçibəyin də istefasını tələb etməyə başladı. 
 
 
 
Jurnalistlərin Gəncə səfərini, əlbəttə, qaçırmaq olmazdı və mən də bir qrup jurnalistlə Gəncəyə getdim. İyunun 14-də bizi hadisələrin baş verdiyi hərbi hissəyə apardılar, S.Hüseynov oraya gəlmiş H.Əliyevə izahat verirdi, ilk dəfə idi ki, onu yaxından görürdüm. H.Əliyevə yaxın olan adamlardan R.Quliyev və Ə.Ömərov da orada idilər, amma R.Qazıyevin hadisələrin episentrində olması adamda qıcıq yaradırdıbir neçə ay əvvəl istefaya göndərilmiş keçmiş müdafiə nazirinin burda nə gəzirdi? Görünür, onun da proseslərlə birbaşa əlaqəsi vardı və sonradan H.Əliyev ona baş nazirin müavini vəzifəsini təklif etdi. Bu vəzifəyə təyin edilməsi üçün parlamentin razılığı alınmalı idi. R.Qazıyev səlahiyyətlərinin aydın olmadığını bəhanə gətirib namizədliyinin səsə qoyulmasına etiraz etdi. Bu fürsət H.Əliyev üçün göydəndüşmə oldu – ona başağrısı gətirə biləcək şəxslərin birindən xilas olmuşdu. Görünür, R.Qazıyevi bu vəzifəyə S.Hüseynov irəli sürmüş, H.Əliyev isə etiraz edə bilməmiş, çar-naçar razılaşmışdı
 
Sürət Hüseynovun o heyətlə hökuməti devirəcəyi inandırıcı deyildi
 
Biz iyunun 13-də Gəncəyə gedəndə S.Hüseynovun adamlarına Yevlaxda, Kürün üstündə rast gəlmişdik. Orada 2 “BTR” və 5-6 əsgər görmüşdük, dedilər bunlar Surətin adamlarıdır. Doğrusu, S.Hüseynovun bu adamlarla nəyə isə nail olacağı, hökuməti devirəcəyi heç ağlıma batmadı. İyunun 14-də Bakıya qayıdanda artıq Surətin adamları Bakıya doğru 100 km-dən artıq irəliləyərək Nəvahiyə gəlib çıxmışdılar. Onlara müqavimət göstərən, qabaqlarına çıxan yox idi. 10 günə Bakıya doğru cəmi 80 km gələn surətçilər H.Əliyevin Gəncə səfəri zamanı 1 gün ərzində xeyli yol qət etmişdilər...
 
İyunun 14-də Bakıya qayıdanda evə getmədən birbaşa AMİP qərargahına getdim. Gördüklərim barədə üzvü olduğum partiyanın rəhbərliyinə öz təəssüratlarımı bildirmək istəyirdim. Sədrin I müavini professor N.İmanov da E.Məmmədovun yanında idi. N.İmanov qabağa düşüb məndən təəssüratımı soruşdu. S.Hüseynovun məndə yaratdığı təəssüratı qısa sözlərlə ifadə edib bildirdim ki, onu durdurmaq lazımdır, bu adam Napoleon Bonapart olmaq iddiasındadır. Sədr və onun müavini mənim sözlərimə anlaşılmaz ifadələrlə cavab verdikdən sonra öz vicdan borcumu yerinə yetirdiyimi düşünüb evə getdim.
 
Tamerlan Qarayevin anlaşılmaz mövqeyi
 
İyunun 15-də Milli Məclisin iclasına sədrlik edən T.Qarayevin törətdiyi bütün maneələrə baxmayaraq, H.Əliyev Milli Məclisin sədri seçildi. Açığı, nə baş verdiyini anlamaq olmurdu, T.Qarayev kimin mövqeyini ifadə edirdi? Axı ölkə başçısı Ə.Elçibəy H.Əliyevi hələ 2 gün əvvəl həmin vəzifəyə seçdirmək istəyirdi. Belə düşünmək olardı ki, T.Qarayevin mövqeyi istefa verməyə məcbur edilmiş və indi peşman olmuş İ.Qəmbərin iradəsini ifadə edir. Amma onun cəhdləri uğursuzluqla nəticələndi, çünki köhnə partnomenklaturadan Milli Məclisə təyin edilən deputatlar, onu buraya dəvət edən prezidentin tərəfdarları olan deputatlar sayca üstün idilər.


 
İyunun 17-də, gecədən xeyli keçmiş Milli Məclisin yeni sədri H.Əliyev və AMİP sədri E.Məmmədovla görüşdən sonra prezident Ə.Elçibəy istefa vermədən Naxçıvana, müəmmalı şəkildə doğulduğu Ordubad rayonunun Kələki kəndinə getdi və hakimiyyət sükanını H.Əliyevə buraxdı. İyunun 18-də televiziya ilə xalqa müraciət edən Milli Məclis sədri H.Əliyev prezidentin əvvəlki gecə paytaxtı naməlum istiqamətdə tərk etdiyini bildirib, onu ağır yük altda buraxdığına görə məzəmmət məzmunlu bir çıxış etdi. Düşünmək olardı ki, onun Ə.Elçibəyi məzəmməti Bakıdan getməsinə görə deyil, Azərbaycandan çıxmamasına görə idi. Ə.Elçibəy Türkiyə prezidenti, H.Əliyevin dostu və onun hakimiyyətə gəlməsinə kömək edən S.Dəmirəlin məsləhəti ilə Türkiyəyə getməli imiş. Naxçıvana gedən Ə.Elçibəy qeyri-müəyyən bir vəziyyət yaratmış, bəlkə də yenidən hakimiyyətə qayıda biləcəyini düşünərək bu cür qərar vermişdi.
 
Beləliklə, P.Hüseynin sonuncu – hakimiyyətdə təmsil olunacağı halda H.Əliyevin AXC iqtidarına kömək edəcəyi ideyası da fiaskoya uğradı.
 
Ayaz Mütəllibovun son uğursuz cəhdi
1992-ci il fevral ayının 26-da Rusiya silahlı qüvvələrinin 366-cı polkunun köməyi və birbaşa iştirakı ilə ermənilər Xocalıda soyqırım törədəndən 9-10 gün sonra, martın 6-da istefaya getməyə məcbur olan prezident A.Mütəllibov Rusiyanın köməyi ilə  hakimiyyətə qayıtmağa cəhd etdi. Parlament sədri Y.Məmmədovun da iştirakçısı olduğu hadisələrdə Xocalı soyqırımını araşdıran parlament komissiyası yaradıldı, komissiyanın mayın 14-də parlamentə verdiyi hesabatda A.Mütəllibovun Xocalı hadisələrində günahkar olmadığı rəyindən sonra parlament A.Mütəllibovun prezident vəzifəsinə qaytarılması haqqında qərar qəbul etdi. Halbuki, parlamentin belə bir qərar qəbul etməsi hüquqi baxımdan mümkün deyildi, çünki A.Mütəllibov özü istefaya getmişdi və yalnız seçkilərlə yenidən prezident seçilə bilərdi. Həmin vaxt ölkədə ən yaxşı təşkilatlanmış siyasi qüvvə olan AXC ayağa qalxdı və mayın 16-da A.Mütəllibovu yenidən hakimiyyətdən məhrum etdi. A.Mütəllibov himayədarı olan Rusiyaya sığındı. Bu hadisələrdən 1 həftə əvvəl isə Şuşa itirilmişdi. AXC Bakıda hakimiyyət bölgüsü apararkən, ermənilər Laçın rayonunu da işğal edib Dağlıq Qarabağla Ermənistan arasındakı yeganə maneəni aradan qaldırdılar.
 
İyunun 7-ə təyin edilmiş prezident seçkilərində AXC-nin namizədi Ə.Elçibəyin qalib gələcəyi heç bir şübhə doğurmurdu, çünki hakimiyyət artıq AXC-nin əlində idi. Onun nümayəndəsi İ.Qəmbər prezidentlik səalhiyyətlərini Ə.Elçibəyə təhvil verilənə qədər bu vəzifəni müvəqqəti tutmuşdu. Ə.Elçibəyin adından aparılan danışıqlarda E.Məmmədovun nümayəndəsi, Baş nazirin müavini R.Quliyev İ.Qəmbərin parlament sədri, E.Məmmədovun isə Baş nazir təyin edilməsi təklifini irəli sürmüşdü. Təklifin 1-ci hissəsi ilə həvəslə razılaşan triumvirat E.Məmmədovu iddialarına görə hakimiyyətə yaxın qoymadılar. Sonrakı hadisələr məlumdur.
 
Sürət Hüseynovu zərərsizləşdirmək mümkün idimi?
 
1993-cü ilin qışında, fevral hadisələrindən sonra öz yuvasına çəkilən S.Hüseynovun yanına ağsaqqalları barışığa göndərib razılığını almış Ə.Elçibəy Yevlax Yun zavodunu Konsernə çevirmək və S.Hüseynovun ona prezident təyin edilməsi haqqında fərman da vermişdi. Lakin S.Hüseynovun komandanlıq etdiyi hərbi hissənin təhvil-təslimi başa çatdırılmamış, S.Hüseynov oradan kənarlaşdırılmamışdı. 1993-cü ilin aprel ayında S.Hüseynov artıq Gəncə şəhərində yerləşən 709 saylı hərbi hissəni özünün hərbi qərargahına çevirmişdi, oradan çıxmaq və onu təhvil vermək istəmirdi. Hüquqi dillə desək, dövlət hakimiyyətinin qanuni strukturlarına tabe olmurdu, yəni əməllərində cinayət tərkibi vardı. Onu ya zor, ya da xoşla kənarlaşdırıb həmin hərbi hissəni Müdafiə Nazirliyinin strukturuna qaytarmaq lazım idi. P.Hüseynin verdiyi müsahibəsinə inansaq, həmin vaxtlar ABŞ prezidenti B.Klintonun birbaşa iştirakı və Moskvaya təzyiqi nəticəsində 1993-cü ilin aprelində işğal olunmuş Kəlbəcərin qaytarılması üçün artıq qrafik də tərtib edilmişdi və iyunun ortalarında bu iş başa çatdırılacaqdı. Lakin iyun hadisələri ölkədə qarmaqarışıqlıq yaratdığına görə həmin iş nəinki təxirə salındı, üstəlik H.Əliyevin dövründə bir-birinin ardınca 6 rayon da işğal olundu. 
 
S.Hüseynovun tərksilah edilməsini Kəlbəcərin boşaldılmasına qədər təxirə salmaq olardımı? 
 
Yəqin ki, olardı və olduqca vacib idi, üstəlik yuxarıda onların planının artıq deşifrə edilməsini, S.Hüseynovun bu işdən xəbər tutduğunu və ehtiyat tədbirləri də gördüyünü yazmışam. Əgər S.Hüseynovun üzərinə gedilməsəydi, çətin ki o, əmrində olan 709 saylı hərbi hissəni ayağa qaldırıb Bakıya tərəf gələydi. Əgər belə bir cəhd etsəydi, ölkə ictimaiyyətinin gözündə qiyamçı və cinayətkar imicindən onu heç kim xilas edə bilməzdi. 
 
İkincisi isə, S.Hüseynovun tabeliyindəki hərbi qüvvə ilə Bakıya qədər gəlib hakimiyyəti devirməyə gücü çatmazdı. Əməliyyatın niyə təxirə salınmamasını nə ilə izah etmək olar? P.Hüseynin özündən arxayınlığı, yoxsa hadisələrə start verib uduzmaq və hakimiyyəti H.Əliyevə təhvil vermək planı ilə? 


 
S.Əkbərin özü də hakimiyyətin H.Əliyevə ötürülməsinin hələ 1993-cü ilin fevralında, Ə.Elçibəylə H.Əliyev arasındakı çoxsaatlıq görüşdə planlaşdırıldığını deyir. Qəribədir ki, 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin adından onun əleyhinə lazımsız və zərərli bəyanat verildiyi halda, iyun hadisələri zamanı dövlət orqanları bu dəfə haqlı olmalarına baxmayaraq, müəmmalı şəkildə susdular, televiziyanın gücündən istifadə edib ictimaiyyətin dəstəyini almağa cəhd etmədilər. Bəlkə də Gəncənin dinc əhalisini 709-cu hərbi hissənin ətrafına yığıb S.Hüseynovu dinc yolla oradan çıxarmaq da mümkün idi. Amma P.Hüseyn başqa yol seçdi.
 
Pənah Hüseyn – yaxşı düşünülmüş uğursuz ideyalar dühası
 
Bütün nöqsanları ilə bərabər, P.Hüseynin hakimiyyəti H.Əliyevə ötürmək üçün 4 ilun planına start verdiyi qənaəti ilə razılaşmaq olmaz. Bu, sadəcə onun ardıcıl uğursuzluqlar zəncirinin sonuncu həlqəsi idi. P.Hüseynin yaxşı düşünülmüş, əsaslandırılmış, təşkil edilmiş, amma fiaskoya uğramış ideyaları yadıma XX əsrin ən böyük siyasətçisi olan U.Çörçilin belə bir deyimini yada salır: “yaxşı siyasətçi əvvəlcə proqnoz verməli, sonra isə onun niyə həyata keçmədiyini əsaslandırmağı bacarmalıdır”. Pənah bəy də 27 ildir ki, eynilə həmin işi görür.
 
Ə.Elçibəyin Moskvanın A.Mütəllibovu hakimiyyətə qaytarmaq planlarını pozaraq hakimiyyəti H.Əliyevə ötürməsi sözügedən 6 rayonun itirilməsinin əsas səbəbi sayılmalıdır. Ə.Elçibəyə qəzəblənmiş Moskva 6 rayonu ermənilərin əlilə işğal etməklə bir tərəfdən Ə.Elçibəydən qisas almaq, digər tərəfdən isə H.Əliyevi də hakimiyyətdən salıb yarımçıq qalmış işini başa çatdırmaq, A.Mütəllibovu Bakıda hakimiyyətə qaytarmaq istəyirdi. Hətta 1994-cü ilin oktyabrında Baş nazir S.Hüseynov buna daha bir cəhd etdi, lakin məğıub oldu.
 
H.Əliyev hakimiyyətə yiyələnəndən sonra hələ Naxçıvanda Ermənistan hökuməti ilə yaratdığı ünsiyyətdən arxayın olaraq Dağlıq Qarabağda status-kvonun davam edəcəyinə qəti əmin olduğuna görə AXC hakimiyyəti dövründə formaıaşdırılmış 33 özünümüdafiə batalyonunu buraxaraq, siyasətə qarışmayan nizami ordu qurmaq istədi, lakin Dağlıq Qarabağın separatçı rejimi fürsətdən məharətlə yararlandı və həmin rayonlar işğal edildi. Guya AXC hakimiyyətinin Dağlıq Qarabağı azad etməsinə mane olduğunu iddia edən S.Hüseynov isə daha böyük imkanlara malik olduğu Baş nazir vəzifəsini daşıdığı 15 ay ərzində 1 qarış da torpaq azad etmədi.
 
Heydər Əliyevin üsyanları yatırmaq məharəti
 
Ə.Hümbətovun Talış-Muğan Respublikası avantürası 4 iyun hadisələrindən bir qədər sonraya təsadüf etdi, amma əvvəlki hakimiyyətdən fərqli olaraq H.Əliyev onu ustalıqla yatırtdı. Lənkərana təyin etdiyi icra başçısı, keçmiş kadrı, raykom katibi D.Camalovanın əli ilə yerli əhalini Ə.Hümbətova qarşı qaldırdı, televiziyanın gücündən maksimum yararlanaraq Ə.Hümbətovu məğlub etdi. Keçmiş müdafiə naziri R.Qazıyev bu zaman ən fəal şəkildə suyu bulandıranlardan idi. O, gecə-gündüz bilmədən, Bakı-Gəncə-Lənkəran üçbucağında vurnuxur, təhrikçilik edirdi. Amma H.Əliyev onu da zərərsizləşdirə bildi.


 
1993-cü ilin avqust ayının ortalarında Milli Məclisdə Ə.Hümbətovla bağlı məsələ müzakirə olunurdu. Məclisin sədri müzakirələri ustalıqla idarə edərək, Ə.Hümbətovu aradan qaldırmaq üçün ideoloji baza hazırlayır, millət vəkillərinin dili ilə onu pisləyib ideoloji dayaqlardan məhrum edirdi. O vaxt kuluarlarda belə bir söhbət gəzirdi ki, Baş nazir S.Hüseynov onu  arxada dəstəkləyir, hətta görüşmək üçün Lənkərana gedəndə ona deyib ki, mən H.Əliyevin dilinə uyaraq onunla bir yerdə işləməyə razılıq verməklə uduzdum, sən uduzma, H.Əliyevlə barışma. Doğrusu, onsuz da ölkədəki hadisələri həmin vəziyyətə gətirib çıxarmasına görə ona qəzəbli idim. Fasilə vaxtı Milli Məclisin foyesində tarixçi alim, AMEA-nın aspiranturasından tanıdığım, S.Hüseynovun əsas ideoloqlarından olan Aypara Əliyevlə qarşılaşıdım. Ölkədəki sabitliyi yenidən pozmaqla S.Hüseynovun nəyə nail olmaq istədiyini, Baş nazir postundan yüksək daha nə istədiyini soruşdum. Mərhum A.Əliyev əlbəttə, S.Hüseynovun vəziyyəti qarışdırmadığını bildirdi. Ətrafımıza xeyli deputat toplaşmışdı. Mən A.Əliyevə S.Hüseynovun həbs olunacağını deyəndə ətrafımızdakı çoxu köhnə partnomenklaturadan olan deputatlar dediklərimdən dəhşətə gəlib, eşitməyin belə təhlükəli olduğunu düşünərək tez-tələsik oradan uzaqlaşdılar.
 
Etibar Məmmədovun qaçırdığı üçüncü fürsət
 
Məlum olduğu kimi, 1993-cü il iyun ayının son günlərində - 28-30-da H.Əliyev Milli Məclisdəki kabinetində  S.Hüseynovla  3 günlük danışıqlardan sonra onu Baş nazir təyin etmiş və yalnız 3-5 gün keçəndən də sonra E.Məmmədovu hakimiyyətdə təmsil edilməsi üçün dəvət etmişdi. H.Əliyevin bütün davranışları dəqiq hesablanmışdı. S.Hüseynovla uzun sürən danışıqlar imitasiyası yaratmaqla E.Məmmədova demək istəyirdi ki, S.Hüseynovu Baş nazir vəzifəsinə güclə razı salıb, o daha böyük iddiadadır və ona görə də E.Məmmədovu Baş nazir təyin etmək mümkün deyil. Məntiqlə düşünəndə H.Əliyev əslində haqlı idi – hakimiyyəti devirən S.Hüseynov olduğuna görə ilk növbədə onu qane edən qərar qəbul edilməli idi.


 
H.Əliyev AXC triumviratının E.Məmmədovla tutduğu mövqedən daha acımasız və aşağılayıcı mövqe tutmaqla E.Məmmədova Baş nazirin, yəni S.Hüseynovun, ya da razı deyilsə, Milli Məclis sədrinin müavini vəzifəsini təklif etmişdi. E.Məmmədovun bu vəzifələrin hər ikisindən də imtina etməsi təəccüb doğurmamalıdır. H.Əliyev bir neçə gün sonra televiziyaya verdiyi müsahibəsində E.Məmmədovla olan söhbətləri barədə, E.Məmmədovun ölkənin neft strategiyasını idarə etmək hüquqlarının, bir sıra digər səlahiyyətlər, Bakı şəhərinin idarəçiliyinin də ona verilməsi tələbindən danışaraq, onun reputasiyasına güclü zərbə vurdu, AMİP-də parçalanma yarandı, partiya üzvlərinin yarıdan çoxu partiyadan getdi, bir çoxları vəzifələr aldı. Özünə dost saydığı şəxslər, o cümlədən R.Quliyev H.Əliyevin tərəfini saxlayıb E.Məmmədova qarşı çıxdılar.
 
Bu, E.Məmmədovun qaçırdığı üçüncü şans idi. Çünki Kələkiyə getmək ərəfəsində Ə.Elçibəy yenidən ona Baş nazir vəzifəsini təklif etmiş, o isə özünün dediyinə görə, H.Əliyevin “Ə.Elçibəyi yola salaq, sonra bu məsələni özümüz həll edərik” təklifini qəbul etmiş və Ə.Elçibəyin təklifindən imtina etmişdi.
 
Rayonlar isə bir-birinin ardınca işğal olunurdu
 
E.Məmmədov AXC-nin hakimiyyətə gəldiyi ilk vaxtlarda Milli Məclisin sədrliyindən də imtina etmişdi. Bu barədə mənə baş redaktoru olduğum “Xəbər” qəzetinə 1999-cu ildə ondan götürdüyüm müsahibədə demişdi. Bütün bu epizodlar E.Məmmədovun dövlət adamı üçün lazım olan uzaqgörənliyinin olmadığını göstərir. Maddiyyata həssaslığı səbəbindən Baş nazir vəzifəsinə olan qarşısıalınmaz istəyi, bununla yanaşı həddindən artıq səlahiyyətlər tələb etməsi, həlledici anlarda fürsəti əldən verməsi dediklərimə əyani sübutdur.
 
1993-cü ilin yayında (səhv etmirəmsə, iyul ayı idi) AMİP Mərkəzi Şurasının iclasında iyun hadisələrində tutduğu mövqeyinə görə E.Məmmədovu sərt tənqid edib bildirdim ki, o, AXC hakimiyyətinin S.Hüseynovun əli ilə yıxılmasına yol verməməli idi. 1917-ci ilin iyulunda bolşeviklərin Peterburqda baş vermiş Kornilov qiyamına qarşı çıxdıqlarını, 3 aydan sonra özlərinin hakimiyyətə gəldiklərini misal çəkdim. E.Məmmədov məni partiyanın mövqeyini təftiş etməkdə ittiham etdi. Aradan keçən 27 ildən sonra da həmin fikrimdə qalıram.
 
Ə.Elçibəy Kələkiyə getidikdən bir neçə gün sonra, iyun ayının 21-də AMİP-dən MSK üzvü olan savadlı hüquqşünas F.Ağayevin hazırladığı qərar layihəsi Milli Məclisdə səs çoxluğu ilə qəbul edildi. Həmin qərara görə Ə.Elşibəyin paytaxtda olmaması səbəbindən səlahiyyətlərini icra etmək imkanında olmadığına görə prezident səlahiyyətləri Milli Məclisin sədri H.Əliyevə verilirdi. Beləliklə, ölkədəki bütün hakimiyyət tam həcmdə H.Əliyevin əlində cəmləşmiş oldu. O, yeni prezident seçkiləri təyin etməzdən əvvəl başqa bir hüquqi addım atdı - avqustun 28-də ölkədə Ə.Elçibəyə etimad referendumu keçirtdi, onu prezident vəzifəsindən kənarlaşdırdı və oktyabrın 3-də  prezident seçildi.
 
Rayonlar isə bir-birinin ardınca iğal olunurdu: iyunun 27-də Ağdərəni, iyulun 23-də Ağdamı, avqustun 23-də Füzulini və Cəbrayılı, avqustun 31-də Qubadlını, oktyabrın 28-də Zəngilanı itirdik...


 
Növbəti qiyam cəhdləri
 
1994-cü ilin mayında atəşkəs haqqında Bişkek Protokolu imzalandı, 4 aydan sonra Qərb şirkətləri ilə çox ümid bəslədiyimiz neft müqaviləsi bağlandı, ondan bir neçə həftə sonra S.Hüseynov yarımçıq qalmış işini davam etdirmək qərarına gəlib yenidən qiyam qaldırmağa cəhd etdi və vəzifəsini itirdi, daha 5 ay sonra R.Cavadovun qiyam cəhdi onun ölümü ilə nəticələndi.
 
H.Əliyev prezident seçiləndən sonra R.Quliyevi Milli Məclis sədri seçdirdi, “Şahdəniz” qaz yatağından pay istədiyinə görə təxminən 3 ildən sonra onu istefaya göndərdi. 1998-ci ildə prezident seçkilərində H.Əliyevə ciddi problem yaradan E.Məmmədov və ABŞ-da olan R.Quliyev hakimiyyət uğrunda mübarizənin perspektivsizliyini başa düşüb fidyə alaraq kənara çəkildilər... 
 
Və SON

Ə.Elçibəy 2000-ci, H.Əliyev 2003-cü ildə vəfat etdilər, A.Mütəllibov qocalmış və heç bir vəzifədə gözü olmayacaq vəziyyətdə Bakıya qayıtdı, Azərbaycanda seçki sistemi tamamilə öz funksiyasını itirdi. Müxtəlif partiya adları ilə parlamentə YAP-dan daha artıq YAP-çı olan xeyli sayda “partiya” nümayəndələri düşdü...  


 
Neft çıxarıldı, qiyməti rekord həddə - 1 barreli 150 dollara satıldı, neft hasilatı ildə 50 milyon tona çatdı, sonra istehsal da azaldı, qiyməti də... Neft Fonduna yığılan pullar mənasız işlərə xərcləndi, onlardan biri də 10 milyard dolların xərcləndiyi Avropa Oyunları idi... Pul tükəndi, iqtisadiyyat çökdü.
 
Sonra koronavirus gəldi, ermənilər Şuşanı Dağlıq Qarabağın paytaxtı elan etdilər, Azərbaycanla İran arasında 2016-cı ildə bağlanmış və Milli Məclisin təsdiq etdiyi müqaviləyə görə Cəbrayıl rayonunun ərazisində İranla müştərək 2 su-elektrik stansiyası və su anbarı tikildi, hazırda Azərbaycanın payından Dağlıq Qarabağın işğalçı rejimi istifadə edir. Ermənilər fəal surətdə Dağlıq Qarabağ ətrafında işğal etdikləri rayonları məskunlaşdırır, İrana və Ermənistana yeni yollar çəkir, hətta kilsələr tikirlər.
 
Deyilənə görə, hakimiyyətin bir ailə üzvündən digərinə ötürülməsinə hazırlıq gedir. 1993-cü ildə baş verən hadisələrin aktyorları – R.Qazıyev, P.Hüseyn, S.Əkbər və başqaları, ən qəribəsi isə uzun müddət sükutunu qoruyan   S.Hüseynov yenidən fəallaşıblar...
 
Qarşıda bizi nələrin gözlədiyini isə bir Allah bilir...
4-15 iyun 2020-ci il.
Bakı şəhəri.


Ana səhifəyə qayıt        Baxış: 10 291          Tarix: 18-06-2020, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma