Xəbər lenti

Azərbaycanla İran arasındakı siyasi gərginliyin azaldılması səyləri ilə bağlı diplomatik kanallar vasitəsilə danışıqlar getdiyini söyləyə bilərik və mümkündür ki, müvəqqəti sakitlik üçün razılıq da əldə olunsun.

Azərbaycanla İranın bir-birinə qarşı kəskin ittihamlarına və Tehranın regional ambisiyalarını reallaşdırmaq üçün proksi qüvvələri bəsləməsinə baxmayaraq, iki ölkə arasındakı iqtisadi münasibətlər sferası zədələnməyib.

Bakı ilə Tehran hərbi-siyasi və təhlükəsizlik mövzularında bir-birindən kəskin fərqlənən strateji prinsiplərə malik olsalar da, onların Şimal-Cənub dəhlizi üzrə müştərək iqtisadi maraqlarına hələ ki xələl gəlməyib.

Bu dəhliz Rusiya üçün nəfəslikdir, xüsusilə Ukraynadakı müharibə səbəbi ilə tədarük zəncirlərindəki qısaqapanmalardan sonra Moskva bu marşrut üzrə natamam işləri tamamlamaq niyyətindədir.

Marşrutun Azərbaycandan keçən və İrana birləşən hissələrində işlər tamamlanıb.

Ancaq İran ərazisində 167 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisi ləngiyir, bu isə Rusiya üçün məqbul variant deyil.

Son zamanlar Azərbaycan-İran arasındakı gərginliyin nisbi durğunluqla əvəzlənməsi, yəqin ki, Moskvanın vasitəçiliyi ilə ortaya qoyulan səylərlə bağlıdır.

Ancaq nə Azərbaycan öz strateji məqsədlərindən geri çəkilib, nə də İran regional siyasətində dəyişiklik edib, mümkün yumşalma prosesi, sadəcə olaraq, iqtisadi layihələrin tam gücü ilə işləməsinə yönəlik səylərin tərkib hissəsidir.

Bu yumşalma baş tutsa, Azərbaycanla İran ikitərəfli münasibətləri bir daha nəzərdən keçirməlidirlər, böyük ehtimalla indi bunun aspektləri barədə intensiv müzakirələr gedir.

İran öz ərazilərində Azərbaycana qarşı fəaliyyət göstərən və Tehranın proksi qüvvəsi kimi böyük təxribatlardan belə çəkinməyən “Huseyniyyun” qruplaşmasının üzvlərinin səsini batırmalıdır.

İran informasiya əməliyyatlarının tərkib hissəsi kimi iradə göstərdiyini nümayiş etdirir, “Hüseyniyyun” rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun İranın Qum şəhərində həbs olunması barədə məlumatlar (artıq təsdiqini tapıb) bu qəbildəndir.

Hərçənd, bu addım İranın daxilindəki radikal hərbi-siyasi dairələrin bağırtılarını yüksəldir və onlar üçün İbrahimbəyli ilə Məmmədovun həbsi qəbuledilməzdir.

Ancaq İranda “Huseyniyyun”un Azərbaycanla bağlı radikal hərəkətlərini tənqid edənlər və onların addımlarının Tehrana qarşı işləmə ehtimalını dilə gətirənlər də var.

Ümumilikdə həbslər görüntü də ola bilər. O mənada ki, Tehran bu görüntü ilə Azərbaycanın saqqızını oğurlayıb “mən münasibətlərin normallaşmasının tərəfdarıyam” mesajından sonrakı məqsədlərinə örtük çəkmək üçün istifadə edə bilər.

Çünki İranın “Huseyniyyun” layihəsi, demək olar ki, fiasko ilə nəticələnib, indi onun əvəzlənməsinə və yeni fiqurlarla boşluqları doldurmasına ehtiyac yaranıb.

Yəni həmin təşkilatın üzvləri Azərbaycana ekstradisiya edilsələr belə, bu, İranın öz məqsədlərindən əl çəkməsi ilə nəticələnməyəcək.

Bununla belə, iki ölkənin sərt küləkləri sakitləşdirmək cəhdi yaxşı haldır, müharibə ritorikasının aradan qalxmasına və regional sabitliyə töhfə verə bilən bir elementə malikdir. 

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 353          Tarix: 29-04-2023, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma