Xəbər lenti


Mayın 6-7-də Bakı şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib. Azərbaycan XİN-in dünən yaydığı məlumatdan belə anlaşlır ki, iclasda Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri – xarici işlər nazinin müavini Samir Şərifov, İran İslam Respublikası nümayəndə heyətinin rəhbəri – A.Cahangiri, Qazaxıstan Respublikası nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova, Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri – M.Petrakov və Türkmənistanın nümayəndə heyətinin rəhbəri – M.Atacanov nümayəndə heyətləri iştirak edib.

Xarici İşlər nazirinin müavini Samir Şərifovun sədrlik etdiyi iclasda tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər. YSİQ-in növbəti iclası 24-27 iyun 2024-cü il tarixlərində İran İslam Respublikasında keçiriləcək. Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası nə deməkdir? Ümumiyyətlə Xəzərsahili ölkə nümayəndələri nəyi və niyə müzakirə ediblər?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bildirib ki, sahilyanı dövlətlərin illərdir “üzərində baş sındırdıqları” məsələ Xəzərin hüquqi statusunun mürəkkəbliyindən irəli gəlir:


“Bilirsiniz ki, Xəzərin statusu 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət liderlərinin V Zirvə toplantısında imzalanmış Konvensiya ilə müəyyən olunub. Konvensiyada Xəzərin səthi dəniz, dibi isə göl hüququna əsasən bölünüb. Yəni dənizin su səthi hər bir dövlətin 15 mil məsafədə milli zonasına, 10 mil məsafədə balıqçılıq zonasına ayrılıb. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə nəzərdə tutulub. Bir növ gölün ortası beynəlxalq sular statusu alıb. Bununla yanaşı, Xəzər qapalı su hövzəsi olduğundan orda yalnız 5 sahil dövlətinin gəmilərinin faəliyyət göstərməsinə izn verilib. Xəzərin dibinə gəldikdə isə o, tamamilə üzbəüz və yanakı dövlətlərin sektorlarına ayrılıb. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmayıb. Boru kəmərlərinin və trans xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit edilib.

Konvensiyaya görə, dənizlərin sektorlara bölünməsi materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə tutulmaqla aparılmalıdır. Görünür, Xəzəryanı dövlət nümayəndələri də bunu müəyyənləşdirmək üçün 6 ildir müzakirə edirlər”.

Siyasi şərhçinin iddiasına görə, Xəzərin sektorlara bölünməsi müzakirələrinin indiyədək tamamlanmamasının əsas səbəbkarı İrandır:


“İran nə zamansa SSRİ ilə bağladığı müqaviləni əsas gətirərək Xəzərin yalnız iki dövlət – Rusiya və İran arasında bölünməsi təklifini irəli sürürdü. Başqa sözlə desək, Türk və müsəlman respublikalarının suveren hüquqlarını tanımaq istəmirdi. Sonunda Xəzərin statusunun qeyri-müəyyən qalmasının ABŞ və digər Qərb ölkələrinin də bu su hövzəsinə iddialarının doğacağını anlayıb, sahilyanı ölkələrlər razılaşmaq xəttini tutdu. Beləcə, Xəzərin statusu barədə məşhur Konvensiya imzalandı. Buna baxmayaraq, İran hələ də bu Konvensiyanı ratifikasiya etmək istəmir. Əsas problemini də, görünür, adaların materik hissələrə aid edilməsi məsələsində çıxarır”.

Xəzərin sektorlara bölünməsinin tamamlanmamasının bir çox beynəlxalq layihələrin həyata keçirilməsini əngələdiyini vurğulayan Heydər Oğuz İranın oyunpozanlığı nəticəsində xüsusilə “Bir Yol, Bir Kəmər” projesinin “Orta dəhliz” marşrutunun qeyri-müəyyən vəziyyətə salındığını düşünür:

“Azərbaycan nümayəndə heyətinə Samir Şərifovun rəhbərlik etməsi də bu ehtimaldan xəbər verir. Məlumdur ki, Samir Şərifov son zamanlar “Orta dəhliz”lə bağlı keçirilən bir çox beynəlxalq sammitdə ölkəmizi təmsil edib. O, bir müddət əvvəl ABŞ-da Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun təşəbbüsü ilə keçirilən sammitdə iştirak etmiş və çıxışında Azərbaycanın bu layihə çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini bildirmişdi. Ondan sonra Tbilisidə keçirilən digər bir sammitdə yenə Azərbaycanı Samir Şərifovun təmsil etdiyini görmüşdük. Fikrimcə, bu toplantılardan dərhal sonra Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun Bakıda toplanması da təsadüfi deyil”.


Həmsöhbətimiz “Orta dəhliz”in tam gücü ilə işləməsinin qarşısında başqa problemlərin də dayandığını qeyd edib:

“Məsələn, Ermənistanın hələ də Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyən mövqeyi bu layihənin reallaşdırılmasını əngəlləyir. Hətta bu sahədə belə, İranın “xidmətləri” gözlərdən yayınmır. Bildiyimiz kimi, 44 günlük müharibədən sonra “şir quyruğunu” gözə soxan molla rejimi açıq şəkildə ermənilərin tərəfini tutmuşdu. Zəngəzur dəhlizini özünün “qırmızı xətti” olduğunu iddia edib proseslərin normal istiqamətdə getməsini əngəlləmişdi”.

Digər əngəlləyici faktorlardan birinin Mərkəzi Asiyada yaşandığını iddia edən Heydər Oğuzun fikrincə, əsasən Qırğızıstanın dəmir yolları şəbəkəsinin hələ də hazır olmaması Orta dəhlizin qarşısında ciddi problem kimi dayanır:


“Qırğızıstan digər post-sovet ölkələrindən fərqli olaraq mərkəzləşdirilmiş dəmiryol xətlərinə malik deyil. 200 min kvadrat km-lik geniş sahəyə malik olan bu dövlət Tyanşan (Tanrı dağı), Türküstan, Talas, Qırğız kimi uca dağların ətəklərində yerləşən bu ölkədə cəmi-cümlətanı 400 km-lik dəmir yolu xətti var. Ölkədə min kvadrat kilometrə düşən dəmir yollarının uzunluğu 2,1 km-dir ki, bu da MDB-də ən aşağı göstərici hesab olunur. Üstəlik bu xətlər şəbəkə xarakterli deyil. Bəziləri ölkənin bir tərəfindən Özbəkistana, Qazaxıstana və ya digər qonşu dövlətlərə uzanır. Nəticədə Qırğızıstanın şərqini qərbinə bağlayan dəmir yolu əlaqəsi yoxdur. Çinin “Bir Kəmər, Bir Yol” layihəsi ortaya atılanda ən önəmli yollardan birinin Qırğızıstan ərazisindən keçməsi planlaşdırıldı. Bunun üçün isə Torugart - Arpa - Makmal - Cəlalabad xəttinin çəkilməsi üzərində dayanıldı. Uzunluğu 280-300 km olması planlaşdırılan bu marşrutun uca dağ silsiləsindən keçməsi nəzərdə tutulur. Bunun üçün isə xeyli sayda uzun köprülər, tunellər salınmalıdır. Hardasa 5 milyard dollara başa gələcəyi düşünülən bu xəttin insasına tələb olunan vəsaiti tapmaq isə müşkülə çevrilmişdi. Qırğızıstanın o pulu yoxdur, Çin isə bu qədər vəsaiti baş tutacağı tam bəlli olmayan layihəyə yatırmaq istəmirdi. Çünki onun qarşısında Transsibir, Transkaz kimi alternativlər də vardı. Rusiya Ukrayna ilə müharibəyə başlayandan sonra Transsibir layihəsi şübhə altına düşdü. Çin-Qırğızıstan-Özbəkistan və ya Çin-Qırğızıstan-Türkmənistan xətti vazkeçilməz alternativə çevrildi”.


Son zamanlar Qırğız hökumətinin bu dəmir yolu xətti barədə daha optimist danışdığının şahidi olduğumuzu vurğulayan Heydər Oğuz bildirdi ki, mayın 6-da Oş şəhərinə gedən Prezident Sadır Japarov oktyabr ayında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin çəkilməyə başlayacağını müjdələyib:

“Görünür, bu layihəyə pul tapılıb. Böyük ehtimalla investisiyanı Çin qoyacaq. Belə olacağı təqdirdə dəmir yolundan əldə edilən vəsaitin böyük hissəsi də Çinə qalacaq. Bütün hallarda Qırğızıstanın dəmir yoluna qovuşması Orta dəhlizin gələcəyi ilə bağlı böyük ümidlər yaradır”.

Heydər Oğuzun fikrincə, digər əngəlləyici amil Xəzərlə bağlıdır: “Faktiki olaraq, Xəzərin səthinin dəniz hüququna görə bölünməsi istər-istəməz bu su hövzəsindən keçən tranzit xəttinə Rusiya və İranın da iddialarının ortaya çıxmasına zəmin hazırlayır. Böyük ehtimalla, dünən başa çatan Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclasında bu məsələ də masaya yatırılıb”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 .




Ana səhifəyə qayıt        Baxış: 6 255          Tarix: 9-05-2024, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma