Xəbər lenti

Fransa Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə regionda yaranan yeni reallıqları qəbul etmək istəmir. Bu ölkənin Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibədən sonra yeritdiyi siyasət də bunu sübut edir. Son vaxtlar baş verən proseslər, xüsusən də Azərbaycanla Ermənistan arasında sülh danışıqları, sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar Parisi hərəkətə keçirib.

Fransa Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinə reaksiya vermək qərarına gəlib. Bu ölkənin Xarici İşlər Nazirliyi mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirilməsini alqışladığını bəyan edib. XİN-in bəyanatında deyilir ki, Paris 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, onların ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarının hər iki tərəfin təsdiqləməsinin vacibliyini vurğulayır. “XİN bu kontekstdə 19 aprel 2024-cü il tarixli razılaşdırılmış prinsiplər əsasında və yerlərdə aparılan ilk demarkasiya işlərinin davamı olaraq prosesi davam etdirməyə, eyni zamanda iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır. Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına yardım etmək təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”, - deyə bildirilib.

Qeyd edək ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqların yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Göründüyü kimi, Emmanuel Makron hökuməti ilk dəfə olaraq iki ölkə arasında gedən sülh danışıqlarını alqışladığını bildirib və bu istiqamətdə gedən prosesə müsbət mövqe sərgiləyib. Bəs Yelisey sarayını bu addımı atmağa, müvafiq bəyanat səsləndirməyə nə vadar edib?

Müxtəlif ehtimal və proqnozlar səsləndirmək olar. Əsas olan odur ki, Fransa ilk dəfə olaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək nümayiş etdirən bəyanatla çıxış edir, prosesi müdafiə etdiyini bəyan edir. Yelisey sarayı mövqeyində nə qədər səmimidir, bunu zaman göstərəcək.

Fakt odur ki, Azərbaycanla Fransa arasında ikitərəfli siyasi-diplomatik münasibətlərdəki kəskinləşmə birmənalı şəkildə rəsmi Parisin müxtəlif müstəvilərdə Azərbaycana qarşı hibrid müharibə xarakteri alan addımları ilə bağlı olub. İkinci Qarabağ müharibəsindən sonra Fransanın bölgədəki strateji maraqları, neoimperialist gündəliyi və ölkə daxilində köklü erməni diaspor şəbəkələrinin təsiri rəsmi Parisi açıq şəkildə erməni mərkəzli mövqe tutmağa vadar edib.

Birincisi, bəllidir ki, Fransa BMT, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, NATO, Beynəlxalq Frankofoniya Təşkilatı, UNESCO kimi təşkilatlar çərçivəsində Azərbaycan əleyhinə atdığı konkret addım və təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslərin də əksəriyyəti uğursuz olub. Ola bilsin ki Yelisey sarayı aparılan qərəzli və ikili siyasətin heç bir müsbət nəticəyə gətirib çıxarmadığına əmin olub. Bu səbəbdən də analoji bəyanatla çıxış edib.

İkincisi, ehtimal etmək olar ki, rəsmi Bakının neokolonializmə qarşı apardığı beynəlxalq kampaniya, Bakı Təşəbbüs qrupunun effektiv fəaliyyəti Parisi hərəkətə keçirib. Təsadüfi deyil ki, bu kimi beynəlxalq təşəbbüslər Fransanın keçmiş müstəmləkələrindən qovulması ilə nəticələnib.

Üçüncüsü, Azərbaycan Prezidenti İlham Əliyev hər çıxışında Ermənistanla sülh üçün çalışdığını, sülh müqaviləsinin imzalanmasının Cənubi Qafqazın tərəqqisinə səbəb olacağını bəyan edir. Beynəlxalq birlik də bunu izləyir və qiymətləndirir. Təsadüfi deyil ki, ATƏT-in keçmiş Minsk qrupunun iki üzvü – ABŞ və Rusiya Azərbaycanla Ermənistan arasında keçirilən bundan əvvəlki sülh danışıqlarını alqışlayıb. Fransa isə hərzamankı kimi susub. Görünür, indi Yelisey sarayı sadəcə proseslərdən kənarda qalmaq istəmir.

Dördüncüsü, dövlət başçısının çıxışlarında Fransanın Ermənistanı silahlandırmasını sərt tənqid etməsi də ola bilsin Parisi narahat etməyə başlayıb. Azərbaycan Prezidenti dəfələrlə Fransanı Cənubi Qafqazda sülh və əmin-amanlığa əngəl olmaqda, birtərəfli qaydada İrəvanı dəstəkləməkdə ittiham edib. Bəlkə Makron hökuməti bundan da bir nəticə çıxarıb.

Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq da iki ölkə arasında sabit və hərtərəfli sülhə nail olmağın onlar üçün prioritet təşkil etdiyini bəyan edib: “Dialoq və diplomatiya yeganə yoldur. Biz əminik ki, hərtərəfli nizamlanmaya nail olmaq üçün konstruktiv dialoq lazımdır. Sərhədlər məsələsində əldə olunan irəliləyiş, şübhəsiz ki, bu yolda dəyərli addımdır. Mən sabah Bakıda azərbaycanlı həmsöhbətlərimi danışıqlara etibarlı və sabit sadiqlik nümayiş etdirməyə çağıracağam”.

Sirr deyil ki, Ermənistanda artan etiraz aksiyaları, Nikol Paşinyanın istefası tələbi Fransaya sərf etmir. Yelisey sarayı başa düşür ki, bu etirazların arxasında Rusiya dayanır. Kremlin Ermənistandakı təsir gücü isə heç bir halda Parisə sərf etmir. Azərbaycanla Ermənistan arasında danışıqlarla bağlı Fransanın yumşaq mövqe nümayiş etdirməsinin ən əsas səbəblərindən biri bu məqam hesab oluna bilər. Çünki Ermənistanda hakimiyyət dəyişikliyi Fransanı heç cür qane edə bilməz.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 4 776          Tarix: 13-05-2024, 17:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma