İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın seçimi yoludur. Yəni yerlərdəki əhali bələdiyyə seçkilərinə gedər və bir çox alternativlər arasında ən yaxşı hesab etdiyi namizədi idarəçi olaraq seçər. Buna demokratik üsulla hakimiyyətin formalaşdırılması da demək olar.
Digər bir üsul isə mərkəzi hakimiyyətin yerli icra orqanlarının rəhbərini təyin etməsidir. Məntiqlə, bu metodda da yerli rəhbəri mərkəzi hakimiyyət seçir. Bu mənada “aristokratik seçim” üsulu adlandıra biləcəyimiz bu metodda üzərində dayanılan namizədin təcrübəsi, idarəetmə qabiliyyəti əsas götürülərək vəzifəyə gətirilir. Demokratik seçim üsulunda da əhali əsasən namizədlərin təcrübəsinə, inandırıcılıq qabiliyyətinə söykənib qərar verdiklərindən nəticə eyni qapıya çıxır: hakimiyyət orqanlarına təcrübəli və bu işi layiqincə başaranlar yiyələnir. Başqa sözlə, kadr seçimində ləyaqət (layiqlik) və təcrübə namizədlərin ən mühüm məziyyətləri kimi ön plana çıxır.
Naxçıvan MR-da isə dünya idarəetmə tarixinə yeni bir “seçim” üsulu gətirilib. Bu diyarda kadrların özlərinin yox, valideynlərinin təcrübəsi və ləyaqəti əsas götürülür. Kadr seçiminin bu qaydasını şərti olaraq “irsi üsul” da adlandırmaq mümkündür. Hər halda Naxçıvan mer əvəzinin təyinatında irsi məziyyətin nəzərə alındığını bu diyarın ziyalıları etiraf edirlər. Zira bizim Naxçıvan mer əvəzi Əhməd Vəliyevin heç bir inzibati idarəçilik sistemində təcrübə qazanmadan, sadəcə, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında əslində nazirliklə yaxından-uzaqdan əlaqəsi olmayan bir qurumdan gətirilib indiki postuna qoyulduğu barədə statusumuza Muxtar Respublika ziyalılarının yazdığı rəylərdən bu nəticə hasil olur. İstərsəniz, gəlin, bu iddiaya əyani olaraq nəzər salaq.
Facebook statusumuz:
“Naxçıvan rekord qırır
Vasif Talıbovun zamanında 5000 illik şəhər mədəniyyətinə iddia edən Naxçıvan şəhəri hazırda bu gənc tərəfindən idarə olunur. Bundan əvvəl isə Əhməd Vəliyev Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyi yanında Regionlar şöbəsində Abşeron üzrə Satış müdürü işləyib (Nə vəzifədirsə artıq).
Bəs deyirdiniz, ölkədə gənclər qabağa çəkilmir? Bundan artıq nə qabaq? “Canişin” həzrətlərinin sayəsində Naxçıvan gəncləşmə sahəsində rekord qırır”.
Naxçıvanın tanınmış ziyalılarının statusumuzun altına yazdıqları rəylər:
Sura Seyid (Naxçıvan Dövlət Universitetinin dosenti): “Gəncə gəldikdə isə atasını bütün muxtar respublika tanıyır, ən ədalətli, savadlı, ziyalı, şəxs kimi..,Mən Zöhrab müəllimi abırlı və həyalı, hər şeyin yerini bilən, çox ağır təbiətli, elmə dəyərli töhfələr verən ziyalı kimi xayırlayıram...oğlunu isə şəxsən tanımıram deyə heç nə deyə bilmərəm...hər halda ot kökü üstdə bitər deyiblər”.
Süleyman Cabbarov (Naxçıvanın ən tanınmış həkimlərindən biri): “Bu gəncin atası Zöhrab Vəliyev, Azad Mirzəcanzadənin fikrincə Azərbaycanda ən güclü Fizik olub. Çox təəssüf ki, çox gənc yaşında ürək tutmasından vəfat edib”.
Rəna Hüseynova: (Naxçıvan Konservatoriyasında ingilis dili müəlliməsi, təcrübəli pedaqoq): “Kaş ki her bir gənc Əhməd Vəliyevin tərbiyəsində və savadinda ola. Allah atasına rəhmət ələsin. Gənc yaşda Amerikada akademiya üzvü idi. Fizika sahəsinin birincisi idi. Əhməd mənim övladımla eyni orta məktəbdə təhsil alıb.Hələ məktəb illərindən savadına göre seçilən gənc idi. Yüksək balla da universitetə qəbul olmuşdu. Kaş ki belə gənclər çox ola və belə gəncləri idarə etmədə görmək çox sevindiricidir”.
Bir sözlə, Naxçıvan ziyalıları hesab edirlər ki, bu şəhərə mer əvəzi qoyulan və böyük ehtimalla yaxınlarda mer vəzifəsinə təyin olunacaq (sözügedən vəzifəyə təyinat Prezidentin səlahiyyətindədir və yəqin ki, məhz bu səbəbdən də yerli rəhbərlik haqqında danışdığımız gənci mer əvəzi edə bilib) Əhməd Vəliyev 3 əsas məziyyətinə malikdir:
1) savadlıdır,
2) tərbiyəlidir,
3) akademik Zöhrab Vəliyevin oğludur.
Naxçıvanda yüzlərlə savadlı və tərbiyəli gənclərin olduğunu nəzərə alsaq, məntiqlə ortada Əhməd Vəliyevi digərlərindən fərqləndirən yalnız bir məziyyət qalır: akademik Zöhrab Vəliyevin oğlu olması. Bəs kimdir ünü Amerika Milli Akademiyasına qədər gedib çıxan Zöhrab Vəliyev və o, Naxçıvanın taleyində hansı əvəzedilməz rol oynayıb?
Naxçıvan ziyalılarının bu suala cavabı artıq sizə bəllidir: Zöhrab Vəliyev Azərbaycanın ən güclü fiziki olub. Allah qəni-qəni rəhmət eləsin, vaxtsız dünyasını dəyişib. Gənc yaşda Amerika Akademiyasının üzvü olub və s. Əlbəttə ki, ziyalı yalan söz deməz və biz də bu səbəbdən onların təqdimatına şübhə etmirik. İnsafən, Neft Kimya Prosesləri İnstitutunun rəsmi saytında dərc olunan tanıtım məqaləsi də Naxçıvan ziyalılarının bir çox fikirlərini təsdiqləyir. Məqalədə deyilir:
“Vəliyev Zöhrab Əhməd oğlu 1953-cü il iyunun 4-də Naxçıvan şəhərində anadan olmuşdur.
M.V.Lomonosov adma Moskva Dövlət Universitetini fizika ixtisası üzrə bitirmişdir. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Z.Vəliyev Naxçıvan Dövlət Universitetində dekan, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır.
Z.Vəliyevin əsas elmi tədqiqatları xarici elektrik, klassik və kvantlayıcı maqnit sahələrində qıraq yüklü dislokasiyalı yarımkeçiricilərin elektrik, fotoelektrik və optik xassələrinin ardıcıl nəzəriyyəsinin qurulması; elektron və deşik keçiriciliyinə malik yarımkeçirici kristallarda hərəkət edən yüklü dislokasiya- Iarm modelinin verilməsi və onun əsasında deformasiya lüminesensiya hadisəsinin, elektronların dinamik həyəcanlaşma effektinin, dislokasiya xarakterli sövq cərəyanlarının araşdırılması; parçalanmış dislokasiyalar sisteminin tədqiqi və alınan nəticələr arasında yarımkeçirici birləşmələrdə dislokasiyaların tipinin təyini üçün yeni rezonans üsulunun verilməsi; qıraq dislokasiyalarda elektronların Viqner kristallaşmasının tədqiqi və bu kristallaşmanı müşahidə etmək üçün yeni rezonans üsulunun təklifi; qıraq dislokasiyalı yarımkeçirici- lərdə rekombinasiya dalğalarının yayılmasının tədqiqi; yarımkeçirici kristallarda istiqamətlənmiş qıraq yüklü dislokasiyalar sisteminin əmələ gətirdiyi yəhərvari nöqtəyə malik potensial çəpərin elektrofiziki parametrlərinin tədqiqi, bu tip kristallarda Volt-amper və Volt-farad xarakteristikalarının təyini və cərəyanın keçmə məsələsinin nəzəriyyəsinin verilməsi; həm akustik fononlar- dan elastik səpilmə zamanı, həm də optik fononlardan qeyri-elastik səpilmə zamanı elektron keçiriciliyinə malik qıraq yüklü dislokasiyaları yarımkeçirici kristallarda qeyri-əsas yükdaşıyıcıların xarici sahə olmadıqda, xarici elektrik sahəsində, xarici klassik və kvantlayıcı maqnit sahələrində, xarici elektromaqnit sahəsində və eyni zamanda, onların müxtəlif kombinasiyalarında rekombinasiya hadisəsinin nəzəriyyəsinin işlənilməsidir.
Z.Vəliyev 93 (onlardan 24-ü xaricdə) elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 1 fəlsəfə doktoru dissertasiya müdafiə edilmişdir.
AMEA-nın müxbir üzvü Zöhrab Vəliyev 2003-cü ildə vəfat etmişdir”.
Maraqlıdır ki, Neft Kimya Prosesləri İnstitutu mərhum akademikin gənc yaşda Amerika Akademiyasının üzvü olduğunu yazmağı unudub. Görünür, bu da qısqanclıqdan irəli gəlir.
Onu yaxından tanıyan naxçıvanlı alim Nizami Rzayev də müsbət xarakterizə edib. Bununla yanaşı bəzi ilginc məlumatları da gizlətməyib. Nizami bəy ilk növbədə akademikin elmi dərəcəsinə də aydınlıq gətirərək yazıb:
“Rəhmətlik akademik yox, muxbir üzv idi. 2003-də Bölmə (söhbət, yəqin ki, AMEA-nın Naxçıvan bölməsindən gedir) yaranandan sonra m.ü. (müxbir üzv) seçilmişdi. 1997-də Naxçıvanda özünü maliyyələşdirən Elm və texnika komitəsi yaratmışdı”.
Nizami Rzayevin bu məlumatları işığında mərhum Zöhrab Vəliyevin yaratdığı Elm və Texnika Komitəsi ilə maraqlandıq. Məlum oldu ki, komitə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 22 yanvar tarixli qərarı ilə yaradılıb və 2003-cü ildə birdən-birə ləğv edilib. Komitənin yaradılmasının məqsədi isə belə izah olunur: “muxtar respublikanın təbii sərvətlərinin tədqiqi və onların emalı üçün yeni texnologiyaların işlənib hazırlanması”.
Fəaliyyət göstərdiyi 4 il ərzində komitə bir çox nailiyyətlərə imza atıb. Naxçıvanın dərman bitkilərinin, yabanı otlarının toplanması, öyrənilməsi, yayılması və tədarükü sahəsində geniş tədqiqatlar aparıb, 50-dən çox dərman bitkisinin xüsusiyyətlərini, ayrı-ayrı xəstəliklərin müalicəsində istifadə yollarını (dəmləyib çay içmək və vanna qəbul etməklə) müəyyənləşdirib. Komitənin bəzi dərman bitkilərindən cövhər, krem və yağlar hazırlamağın yollarını tapıb, aparılan tədqiqatlar nəticəsində onlardan 14 adda cövhər alınıb, bölgənin xammalı ehtiyatlarından kimyəvi emal yolu ilə 8 adda duz, Darıdağ termal suyunun (DTS) quru qalığı, natrium xlorid duzu alınmasının yeni istehsal texnologiyası və s. işlənib hazırlanıb.
Bəs bu qədər rentabelli iş sahəsi birdən-birə niyə bağlanıb?
Nizami Rzayev bu suala da aydınlıq gətirib:
“Bu təşkilat Naxçıvanın təbii sərvətləri olan dərman bitkilərini yığıb xaricə satmaqla məşğul olurdu. Həmin təşkilatda bioloqlar bitkiləri və tarixçilər xalça, palaz, qədim əşyaları elmi şəkildə əsaslandırıb xaricə satırdılar. 30 000 dollarlıq qablaşdırıcı aparat dövlət hesabına almışdılar. V.Talıbov pulu geri tələb edirdi. H.Əliyevin (gömrük) sərəncamları xaricə qədim əşya və bitki məhsullarını satmaq qadağa olunmuşdu (1991)” .
Görünür, komitənin bağlanmasının altında yatan əsl həqiqət də bu məqamla əlaqədardır. Azərbaycanın təbii sərvətlərinin, tarixi əsərlərinin dəyər-dəyməzə xaricə satılmasını istəməyən Heydər Əliyevin israrlı tələbi ilə bu komitə tarixə qovuşur. Maraqlıdır ki, Zöhrab Vəliyevin dünyasını dəyişməsi də məhz komitənin ləğv edilməsi ilə eyni dövrə təsadüf edir. Görünür, ona edilən xəbərdarlıq o qədər güclü olub ki, Zöhrab Vəliyevin ürəyi buna tap gətirməyib və 50 yaşında qəfil ürəktutmasından vəfat edib. Böyük ehtimalla, onu Heydər Əliyevin qəzəbinə səbəb olacaq müəmmalı işə qarışdıranlar da elə yanında işlətdikləri “çoxbilmişlər” olub. Nizami Rzayevin sözlərindən də bu anlaşılır: “Rəhmətlik yaxşı alim olsa da, onu əhatə edənlər onu əsəbləşdirib, ölümünə səbəb oldular. Bölmənin sədri olmalı idi. Allah rəhmət eləsin!”.
Təsadüfi deyil ki, Zöhrab Vəliyevin Nizami Rzayevə son ismarışı da Naxçıvanın çirkab mühitindən dərhal uzaqlaşması olub. “Mənə sifarişi : Mən özümü qoruya bilmədim, nə qədər gec deyil Naxçıvandan uzaqlaşsın. Növbədə odur”, - Nizami Rzayev bunları xatırlayır.
Bir sözlə, Naxçıvan işbazları Zöhrab Vəliyevin nüfuzundan istifadə edib onun qurduğu komitədə qaz vurub qazan doldurduqdan sonra mərhum alimi güdaza veriblər. Nəticədə bu hoqqalar onun həyatı bahasına başa gəlib. Üzərindən 20 il keçəndən sonra isə onun təcrübəsiz oğlunu Naxçıvanın yeni hakimiyyəti olduqca məsul vəzifəyə təyin etdirmək istəyir. Məqsəd yenə də “qaz vurub qazan doldurmaq” və sonunda məsuliyyəti bir başqa günahsızın boynuna qoymaq ola bilər. Hər halda Əhməd Vəliyev mərhum atasının başına gətirilənləri bir an belə yaddan çıxarmamalı, ehtiyatı əldən verməməlidir.
Paylaş: