Mayın 4-də Ukrayna Ali Radasının deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Ankarada keçirilən sammitində Rusiya nümayəndə heyətinin çıxışını pozmağa cəhd ediblər.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Olqa Timofeyeva çıxışı zamanı pencəyinə “Müqəddəs Georgi lenti” sancıb. Ukrayna rəsmiləri onun çıxışına mane olmağa çalışıblar. Onlar rus deputatın arxasında bayraq açıblar, Rusiya nümayəndə heyətinin üzvləri isə ukraynalıların hərəkətlərinin qarşısını almağa cəhd göstərib.
Bundan sonra Türkiyə parlamentinin sədri Mustafa Şentop vəziyyətə müdaxilə edib. Spiker fasilə elan edib, həmçinin tədbirin qaydalarını pozan nümayəndə heyətinin zalı tərk etməsi tələb olunub
“Belə şey ola bilməz. İclasın dincliyini kiminsə pozmasına icazə verməyəcəyəm. Hər kəs öz sözü ilə fikrini bildirə bilər, buna heç bir maneə yoxdur, amma bu cür hərəkətlər edilsə, belə görüşlər parlament iclası olmaqdan çıxacaq və küçə hərəkətinə çevriləcək. Gedin, bunu küçədə edin. Burada icazə vermirəm", - Şentop deyib.
Paylaş: