Xəbər lenti

“Baxmut üzərində savaş hər iki tərəf üçün ciddi rəmzi məna kəsb etməyə başlamışdı. Bu rəmzdən də başqa, Baxmut Slavyansk şəhərinə doğru və Dnepr çayının şərq sahillərinin gələcək təhlükəsizliyi nöqteyi-nəzərdən önəmli koridor təşkil edirdi. Bu mənada Rusiya 1 il ərzində müstəsna uğurlarla yadda qalmayıb”.

Bunu Musavat.com-a Baxmutdakı durumu şərh edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, Yevgeni Priqojin üzərindən tirajlanan bu ekspansiya nəticəsində hər iki tərəfin ümumi etirafından məlum oldu ki, Baxmut Rusiya tərəfindən işğal olunub və Priqojinin dəstəsi şəhəri orduya təhvil verib, onlar başqa istiqamətlərdə döyüşlərə hazırlaşacaqlar:

“1 il əvvəl mayın 20-də Mariupol da təslim olmuşdu. Tarixlərin təsadüf olması məsələsi xüsusi bir məntiqə söykənmir. Çünki Baxmutu mayın 9-da işğal etmələri nöqteyi-nəzərindən azad etmələri daha rəmzi mənada ola bilərdi, yaxud fevralın 24-də. Amma olmadı. Beynəlxalq xəritələr də göstərir ki, Baxmutda nəzərdə tutulduğu kimi, proseslər indi yekunlaşır. Yayılan hərbi xəritələrdən görürük ki, Priqojinin dəstəsi Baxmutun 99 faizini işğal etməyi bacarıb. Ona görə də Ukraynanın etirafı gözlənilən idi. Lakin Ukraynanın belə bir xətt izlədiyini güman edirlər ki, Ukrayna Baxmutu tamamilə verib, əks-hücum əməliyyatları ilə ruslara böyük bir zərbə vurmağa hazırlaşır.

Bu proseslər digər vacib məlumatlar kontekstində ortaya çıxdı. Ukraynanın müdafiəsi ilə bağlı ABŞ-a məxsus “Patriot” hava hücumundan müdafiə sisteminin Rusiya tərəfindən vurulduğu xəbəri dövriyyəyə çıxdı. Bu, müharibənin gedişini dəyişə bilər. Çünki “Patriot” dünyada raketdən müdafiə sistemləri içərisində ən universalı sayılır. Əgər o, sıradan çıxırsa, onda heç bir administrasiya binasını qorumaq mümkün olmaz. Yeri gəlmişkən, bəzi mənbələr etiraf etdi ki, “Patriot”lar vurulub, lakin işləyir, təmiri qısa müddətdə mümkün olub”.

Ekspertin fikrincə, görünən odur ki, Ukrayna əks-hücum əməliyyatları ilə geniş miqyasda Baxmutu və içərisini alacaq bir əməliyyata hazırlaşır:

“Orada bir növ rusları boğmağı hesablayır. Digər tərəfdən, 100 yaşlı Kissincer 2-3 gün əvvəl açıqlama verdi ki, Rusiya ilə Ukrayna dil tapmalıdır. Hesab edirəm ki, ABŞ-da seçkilərə doğru gedən bir prosesdə dünyanın olduqca böyük şəkildə zərər çəkməsi var. Ərzaq böhranı, iqtisadi tənəzzül ölkələri tamamilə təhdid vəziyyətinə gətirib. Rusiya-Ukrayna müharibəsinin taleyini artıq Ukrayna və Rusiyadakı savaş həll etmir. Biz bunu Rusiya-Ukrayna savaşının taleyini həll edəcək Çində gördük. Müharibə nəticəsində Çin Mərkəzi Asiyanın türk dövlətlərini götürdü, Qərbdə böyük bir üstünlük əldə etdi və əlavə olaraq bir neçə dövlət qazandı. Məsələn, son dəfə Finlandiyanın NATO-ya qəbul edilməsini bu xüsusda görə bilərik.

Rusiyanın isə strateji baxımlı fikirləri daha çox oldu. ABŞ da qazandı, qazanmayan Rusiyadır. Rusiyanın qazancı sadəcə işğal etdiyi ərazilərdir.

Zelenski müharibənin keçid prosesi dönəminin rəhbəri idi. Yaxın vaxtlarda danışıqların başlayacağına dair impulsları hiss etməkdəyik. Hər iki tərəfin böyük ölçüdə razılığı hiss edilməkdədir”.




Ana səhifəyə qayıt        Baxış: 3 259          Tarix: 21-05-2023, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma