Baydenin düşmən olduğu Rusiyaya səfir təyinatı üç ay, Ermənistana isə 6 ay çəkib, Azərbaycana isə diplomat hələ də göndərilmir; erməni lobbisinin senatorlar üzərində ciddi təsiri var
Bu ilin iyul ayında artıq 1 ildir ki, ABŞ-ın Azərbaycanda səfir postu boş qalıb. “Yeni Müsavat” yada salır ki, sabiq prezident Donald Tramp tərəfindən 2019-cu ildə təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyulunda bitib. 2022-ci ilin mayının 25-də ABŞ Prezidenti Co Bayden Mark Libbi adlı diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin iyun ayının 22-də Bayden Kristin Kvinin Ermənistana səfir təyin olunmasını təklif edib, 6 ay keçməmiş Senat onun namizədliyinə razılıq verib və bu ilin fevralında xanım Kvin etimadnaməsini Ermənistan prezidentinə təqdim edib. Bayden administrasiyasının Rusiyaya sonuncu səfir təyinatı prosesi isə cəmi 3 ay çəkdi. Lin Treysi Rusiyadakı səfir postuna sentyabrın 20-də namizəd kimi göstərilib, dekabrın 21-də Senat onun səfir təyinatına razılıq verdi.
Qeyd edək ki, bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını gecikdirib. Buna səbəb kimi Senatda olduqca güclü təsirləri olan erməni lobbisinin fəaliyyəti göstərilir. 2009-cu ilin yanvarında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatdı. Növbəti səfir Riçar Morninqstarın təyinatı bundan 3 il sonra təsdiqləndi. Bu müddət ərzində Prezident Barak Obama Metyu Brayzanı Senatın icazəsi olmadan təyin etdi və bir ildən sonra Senat onun müddətinin uzadılmasına icazə vermədi. Erməni lobbisinin təsiri altında olan senatorlar Azərbaycan və Türkiyə ilə yaxın əlaqələri olduğu üçün Brayzanın səfir təyin edilməsinə razılıq vermədi. Erməni lobbisi ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri olan Brayzanın həyat yoldaşının türk olmasını əsas gətirərək onun fövqəladə və səlahiyyətli səfir təyin edilməsinə imkan vermədi.
İddialara görə, səfir təyinatının gecikməsində ermənipərəst qüvvələrin rolu olduğu bildirilir. Amerika Birləşmiş Ştatlarının Konqresində, o cümlədən Senatda ermənipərəst qüvvələrin anti-Azərbaycan mövqeyi sirr deyil. ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri Menendes Azərbaycana qarşı qüvvələrin əsas ruporudur. Səfirlərin təyin olunması komitələrdən də keçməsi vacibdir və həmin qruplaşmalar Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirmək istəyirlər. Bu təyinatın yubadılması hər şeydən öncə Amerikan siyasətində erməni lobbisinin necə güclü mövqedə olduğunu göstərir. Bu isə Amerikanın regiondakı milli maraqlarına zərbə vurur.
Bəs ABŞ-ın Azərbaycana səfir təyinatını gecikdirməsi Bakını narahat edirmi? Proses hələ nə qədər uzanacaq?
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın səfir təyinatı proseduru zaman alan məsələdir. “Əvvəlcə, Prezident namizəd irəli sürür, sonra senatda müzakirələr gedir, əgər senat təsdiqləsə, prezidentə göndərilir, dövlət başçısı da fərman imzalayır. Azərbaycanla da bağlı proses eynidir. Görünür ki, uyğun namizəd yoxdur, konkret razılıq olmayıb. Amma bu müddətdə səfirlik Bakıda işini əvvəlki səviyyədə davam etdirir. Müvəqqəti işlə vəkili səfirin fəaliyyətini normal formada yerinə yetirir”. N.Cəfərli qeyd etdi ki, səflirliyin fəaliyyəti haqda hansısa iradlara rast gəlməyib: “Yəqin ki, namizəd seçimində yekun mövqe yoxdur. Azərbaycanla ABŞ əlaqələrində artan xətt üzrə inkişaf gedir. Bayden bir ayda iki dəfə azərbaycanlı həmkarına məktub yazıb. Sadəcə, namizədin axtarılıb tapılması üçün zaman lazım olur. Hər halda yaxında bu qərar veriləcək. Çünki gələn il Amerikada seçkidir və gecikdirməzlər. Erməni lobbisinin təsirinə gəlincə, istisna deyil, amma həlledici gücə malik deyillər. Təsir edib nə edəcəklər ki? Səfirin təyinatına mane olacaqlar? Əvvəl-axır səfir təyin ediləcək”.
Paylaş: