Xəbər lenti

“Məhz 15 iyun - Milli Qurtuluş Gününün 30-cu ildönümü ərəfəsində ulu öndərin arzuları, dedikləri həyata keçdi. Böyük Qayıdışın növbəti addımı olaraq, Laçın əhalisinin daha bir qismi öz ata-baba yurduna qayıtdı”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun bütün bölgələrinə qayıdış təmin ediləcək, məcburi köçkünlərin hamısının yurd həsrətinə birdəfəlik son qoyulacaq:

“Əhalinin qayıdışı mərhələsində məhz Laçında işlərin sürətləndirilməsinin xüsusi əhəmiyyəti də var. Bilirsiniz ki, Laçın Ermənistanla sərhəddə yerləşdir və erməni əhali “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Xankəndi ərazisinə gələ bilir. Laçında həyatın yenidən canlanması, torpaqlarımızın təhlükəsizliyinin təmin edilməsi, azərbaycanlıların orada öz doğma yurduna sahiblənməsi önəmli əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə əhalinin yaşaması ordumuza, əsgərlərimizə, xidməti vəzifələrini yerinə yetirən müvafiq qurumların əməkdaşlarına da bir stimuldur.

Laçına köçün növbəti mərhələsinin reallaşması hər birimizin sevincinə səbəb olan məqamdır. Strateji əhəmiyyətli ərazi hesab olunan Laçın rayonuna əhalinin yeni nəfəs gətirməsi ermənilərin torpaqlarımızdan birdəfəlik əl çəkməsinin təminatıdır. Artıq Xankəndidə yaşayan ermənilər də anlayacaqlar ki, Azərbaycan öz əhalisinin rifahına necə diqqət göstərir. Onlar dövlətin xalqa, sakinlərə qayğısını azad olunmuş ərazilərimizə köçürülən əhalinin timsalında bir daha əyani şəkildə görəcəklər. Böyük Qayıdışın həyata keçirilməsi Azərbaycan üçün ciddi əhəmiyyətli məsələdir. İnanıram ki, düşmən tapdağından azad edilmiş, ermənilərin viran qoyduğu torpaqlarımızın hər bir qarışında həyat bərpa ediləcək, Qarabağ yenidən inkişaf edəcək”.

Xatırladaq ki, bu gün Laçın şəhərinə növbəti köç həyata keçirilir. Belə ki, daha 22 ailə (72 nəfər) doğma yurduna geri dönür.

Onu da xatırladaq ki, mayın 27-də Laçın şəhərinə ilk olaraq 20 ailə (97 nəfər) köçürülmüşdü.

Aysel Aslan 




Ana səhifəyə qayıt        Baxış: 2 690          Tarix: 14-06-2023, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma