Xəbər lenti

“Düşməni sayca ən azı iki-üç dəfə üstələmirsənsə, o zaman hücum etmək çətindir”.

Bu sözləri ukraynalı politoloq, “Üçüncü sektor” Analitik Mərkəzinin rəhbəri Andrey Zolotaryov Oxu.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, siyasi məqsədəuyğunluq hərbi məntiqlə toqquşduqda yaxşı nəsə gözləmək mümkün deyil.

“Odlu silahlarla da bağlı əhəmiyyətli dərəcədə üstünlüyə sahib olmaq lazımdır ki, bu da Ukrayna Silahlı Qüvvələrində yoxdur. Bəli, Qərbin tədarük etdiyi hərbi texnikanın bir hissəsi əldə edilib, lakin aviasiya olmadan uzunmüddətli müdafiəni üç xətt üzrə yarmaq asan deyil. Lakin buna baxmayaraq, “Leopard” tankları və “Bradley” piyada döyüş maşınlarının yandırıldığı döyüşdə briqada bölmələrimizdən birinin uğursuz cəhdindən sonra Ukrayna Silahlı Qüvvələri düşmənin müdafiəsini qırmağa müvəffəq oldu. İlk hücumumuz zamanı Rusiya ordusu yeni raketlərlə təchiz olunmuş “Ka-52” helikopterlərindən istifadə etdi ki, bu da onlara kifayət qədər uzaq məsafədən (14 km-ə qədər) minalanmış sahədə ilişib qalmış müəyyən sayda texnikanı vurmağa imkan verdi.

İndi, görünür, taktika dəyişdirilib və burada baş komandan Valeri Zalujnı, eləcə də əməliyyatın digər rəhbərlərinin əməyi vurğulanmalıdır. Ukrayna Silahlı Qüvvələri artıq müdafiəni yarmaq üçün xeyli sayda zirehli texnikadan istifadə etmir. Müdafiənin tədricən piyadalar tərəfindən yarılmasına cəhd edilir, təbii ki, motorlu bölmələrin də dəstəyindən istifadə olunur. Taktiki uğur əldə edilməsinə nail oluruq. Tələsik şəkildə hücum həyata keçirməklə macəraya atılmırıq. Bu, düzgün addımdır, çünki ilk növbədə ordunu - əsgərləri və texnikanı qorumaq lazımdır. Əlbəttə ki, əraziləri geri qazanmaq olar, lakin bu, ən yaxşı briqadaların itirilməsi ilə nəticələnə bilər. Bax o zaman fəlakət ola bilər, çünki Rusiya ordusunun əks-hücumunu da istisna etmək olmaz. Və mənim, eləcə də ukraynalıların əksəriyyətinin hərbi baxımdan hər mənada doğru qərarlar verən orduya daş atmaq üçün əlimiz qalxmaz”, - deyə o bildirib.

“Aydındır ki, müttəfiqlər bizi hücuma sövq edirlər, onlar istəyirlər ki, Ukrayna payıza qədər ən yaxşı mövqelərdə bifurkasiya (sistemin sabit iş rejiminin dəyişməsi - red.) nöqtəsinə gəlsin, Krıma quru dəhlizi açılsın, Berdyanska və ya Melitopola çıxış təmin edilsin. Lakin müharibə mümkün olan şeylərin sənətidir, bəzən isə qeyri-mümkünlər də ola bilir. Yalnız sadəlövhlər Xarkov vilayətində ötənilki vəziyyətin təkrarlanacağına inana bilərdilər.

Tərəfdaşlarımızın məntiqi bundan ibarət idi ki, bizi davam gətirməyə ehtiyacımız olduğu sayda silahla təmin etsinlər, amma qələbə qazanmağımız üçün lazım olan sayda deyil”, - deyə politoloq qeyd edib.

“İkinci Qarabağ müharibəsi nümunəsini xatırlayın. Azərbaycan ordusunun düşmənin uzunmüddətli müdafiə xəttini qırmağa nail olması necə və hansı vasitələrlə təmin edilirdi? Bu artıq Azərbaycan Silahlı Qüvvələrinin həm qurudan, həm də havadan birlikdə fəaliyyəti idi.

O da aydındır ki, ABŞ Prezidenti Co Bayden və Demokratlar Partiyası üçün Ukrayna müharibəsi və müvafiq olaraq da seçki ili (2024-cü ilin noyabrında ABŞ-də prezident seçkisi keçiriləcək - red.) ərzində ölkəmizə maliyyə və hərbi dəstəyin davam etdirilməsi siyasi həssaslıqdır. Və müxtəlif qüvvələr bundan istifadə edə bilərlər. Kimlərsə deyəcəklər ki, dəstək kifayət deyil, kimlərsə də əksinə, çox böyük olduğunu bildirəcəklər.

Buna görə də indi Ukraynanın payızda danışıqlara sövq ediləcəyi ilə bağlı müzakirələr artıb. Ukrayna bir neçə aydır ki, bu mövzu ilə bağlı danışmaq belə istəmirdi. Lakin ötən gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan etdi ki, Belarus Prezidenti Aleksandr Lukaşenko hətta vasitəçi kimi də çıxış edə bilər. Bu o deməkdir ki, bu məsələ artıq gündəmə gəlməyə başlayır”, - deyə Andrey Zolotaryov əlavə edib.

Nair Əliyev




Ana səhifəyə qayıt        Baxış: 4 403          Tarix: 29-06-2023, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma