Xəbər lenti

“Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.

 “Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan eləcə də iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir”, - o bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan bundan sonra da bu məsələdə öz rolunu oynamağa davam edəcək: “Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər”. Bakının yeni əməkdaşlıq formatının yeni dünya düzənində əhəmiyyəti nədir? Ankara-Təl-Əviv arasında zaman-zaman yaşanan gərginliklər fonunda bu cür üçlü format hansı üstünlüklər yarada bilər?

Professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, türk-yəhudi dostluğunun tarixi çox qədimdir. Hələ yüz illər öncə İspaniya və Portuqaliyadan qovulan yəhudilər Osmanlı dövlətinin rəsmi dəvəti ilə imperatorluqda məskunlaşaraq xilas ola bilmişdilər. Belə hadisələrin üzərindən nə qədər uzun zaman keçsə də bir millətin tarixi keçmişində yaşanmış olay kimi heç vaxt unudulmur. Zaman-zaman Türkiyə dövləti İsrail dövləti arasında müəyyən anlaşılmaz məqamlar yaransa da iki xalqın kökü çox dərinlərə gedən dostluq telləri qorunub saxlanıb: “Azərbaycan bu gün artıq dünya siyasət meydanında istənilən məsələlərin həllində söz sahibi ola bilmək qədər qüdrətli bir dövlətə çevrilib. İsraillə Türkiyə kimi iki qüdrətli dövlətin arasında müəyyən hadisələr fonunda yaranmış soyuqluğun aradan qaldırılmasında dövlətimizin rolu göz qabağındadır. Azərbaycan bu iki dövlətin münasibətlərində yaranmış soyuqluğun aradan qaldırılmasına öz töhfəsini verərkən ”dostumun dostu mənim dostumdur" formulunu rəhbər tutub. Türkiyə bizə qardaş ölkə, İsrail isə ən yaxın dostumuzdur və bu səbəbdən onların öz aralarında dost olması gərəkdir. Bu dostluq artıq 2020-ci ildə ikinci Qarabağ savaşında öz sözünü dedi və o, 30 illik ədalətsizliyə son verilməsində rol oynadı. Nədən indi bu dostluq regionda mövcud olan ciddi problemlərin həllində öz sözünü deməsin?

Türkiyə, İsrail və Azərbaycan birliyi bu böyük regionda irili, xardalı bütün problemləri həll edə biləcək hərbi-siyasi güc deməkdir. Azərbaycan artıq illərdir bu birliyi yaratmaq üçün səylər göstərir. Artıq nəticə hasil olunub. Mənfur işğalçı qonşularımızın və onların havadarlarının da qorxduğu elə bu idi.

Azərbaycanın xarici siyasətini bəyənməyən “sapı özümüzdən olan” diletantlar görəsən indi nə deyəcəklər? Bu birlik Azərbaycan diplomatiyasının uğurudur. Bu birlikdə olmaq regionda ən ciddi sayılan problemləri çözmək imkanına yiyələnmək deməkdir".

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Hikmət Hacıyevin İsrailə səfəri zamanı yerli televiziya kanalına müsahibəsində Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli formatın təsis edilməsində maraqlı olduğunu bildirməsi əhəmiyyətli təklifdir. Ancaq rəsmi Bakının dəstəklədiyi üçtərəfli formatın yaradılması üçün Türkiyə-İsrail münasibətlərinin tərəfdaşlıq səviyyəsinə qalxması vacibdir: “Doğrudur, iki ölkə arasında münasibətlərdəki gərginlik arxada qalıb, ancaq əlaqələrin keçmiş illərdəki tərəfdaşlıq səviyyəsinə gəlib çatdığını söyləmək hələ mümkün deyil. Misal üçün Fələstin lideri Mahmud Abbasın Türkiyəyə səfərindən sonra İsrailin baş naziri Benyamin Netanyahunun da Ankaraya gedəcəyi bildirilirdi. Bu səfər hələ baş tutmayıb. Halbuki, həqiqətən Azərbaycan-Türkiyə-İsrail üçlü formatı bölgədə yeni əməkdaşlıq imkanları aça bilər. İsraildə kəşf edilən qaz resurslarının da Azərbaycan və Türkiyəni birleştiren boru xetleriyle Avropaya nəqli hər 3 ölkənin xeyrinə olardı”.

Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, Azərbaycan, Türkiyə və İsrailin strateji əməkdaşlıq səviyyəsində blok və ya ittifaq yaratması ilə bağlı perspektivlər artıq özünü büruzə verir. Türkiyə-İsrail-Azərbaycan strateji ittifaqının qurulması bölgənin gələcək təhlükəsizlik arxitekturasının inşasında ciddi rol oynaya bilər: “Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə İsrail arasında münasibətlərin genişlənməsi bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Türkiyə-İsrail-Azərbaycan əlaqələrinin inkişafı və üçlü əməkdaşlıq formatına çevrilməsi regional sabitlik və sülh üçün böyük əhəmiyyət daşıya bilər. Belə bir əməkdaşlıq formatı bölgədə çox güclü hərbi ittifaqın meydana gəlməsinə də səbəb olar. Hazırda qlobal siyasətdə olduqca ciddi proseslər getməkdədir. Yeni dünya nizamının formalaşması prosesi gedir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə bizə dost ölkədir. Onların arasında isti münasibətlərin formalaşması regional əməkdaşlığın inkişafına töhfə verər. Azərbaycanın irəli sürdüyü əməkdaşlıq formatı müsbət müsbət dəyərləndirilməlidir. Azərbaycana yaxın olan və regionun aparıcı dövlətlərindən olan İsrail ilə Türkiyə arasında dostluq münasibətlərinin qurulması üçlü əməkdaşlıq formatının reallaşmasına gətirib çıxarar. Müasir çağırışlar çoxtərəfli və çoxşaxəli əməkdaşlıqların inkişafını tələb edir”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 123          Tarix: 9-09-2023, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma