"Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasıdır".
Bu fikirləri "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri cəmi 1 gün ərzində öz nəticələrini verib və separatçılar ağ bayraq qaldıraraq təslim olublar: "Onların silah-sursatları təhvil alınır və Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçir. Bu, 2020-ci ilin 10 noyabr razılaşmasından sonra Azərbaycanın əldə etdiyi növbəti böyük qələbədir. Ermənistan 10 noyabr bəyanatının bəndlərindən irəli gələn öhdəlikləri vaxtında yerinə yetirsəydi, antiterror tədbirlərinə ehtiyac qalmazdı. Ermənistan rəhbərliyinin və erməni diasporunun, eləcə də xarici havadarların təsirləri nəticəsində məsələ bu qədər uzandı. BMT-nin müvafiq qətnamələrini özü icra edən Azərbaycan Ordusu indi də üçtərəfli bəyanatın icrasız qalmış bəndlərini icra etmiş oldu".
Deputat bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində bundan sonrakı fəaliyyətimizin əsas cizgiləri də öz əksini tapdı: "Hesab edirəm ki, bununla regionda yeni dövr başlayır. Qarabağda qalıb yaşayacaq erməni sakinlərin inteqrasiyası, köçəcək ermənilərin yola salınması və Qarabağdakı ermənilərin sosial müdafiəsi, həmçinin bir sıra məsələlərlə bağlı tədbirlərin həyata keçirilməsi olduqca ciddi işlərdir. Çünki bu insanların beyni 30 ildən çox müddətdə Azərbaycan haqqında tamamilə zərərli fikirlərlə doldurulub. Anti-Azərbaycan ruhunda formalaşanların bir çoxları isə daşnak ideologiyasının təsiri altındadır. Onların və ailələrinin taleyi də vacib məqamlardandır".
"Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində qeyd edib ki, Azərbaycan tərəfindən öz vətəndaşlarının bütün hüquqlarının təmin olunması beynəlxalq hüquq normalarına, Azərbaycanın qanunlarına, ədalətə söykənəcək. Bundan sonrakı mərhələdə addım-addım bir sıra proseslərin şahidi olacağıq. Yevlaxda Azərbaycan Prezidentinin nümayəndəsi Ramin Məmmədovla erməni icmasının görüşü həyata keçirilib. Təbii ki, həmin görüşdə də müəyyən mesajlar verilib. Hesab etmirəm ki, bundan sonra Qarabağda qeyri-qanuni silahlı dəstələr qalacaq. Burada əsas məsələ Ermənistan tərəfi ilə münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin bağlanmasıdır",- o vurğulayıb.
M.Quliyev əlavə edib ki, Prezident İlham Əliyevin də dediyi kimi, əgər Ermənistan rəhbərliyi son günlər nümayiş etdirdiyi adekvat davranışı davam etdirərsə, qısa müddətdə sülh müqaviləsi də imzalanacaq.
Paylaş: