Ermənilərin azlıqda olanda nəyə çevrildiyi, çoxluqda və nəzarətsiz qalanda isə hansı sərsəm iddialara düşüb necə qəddarlaşdıqlarını hamı bilir. Tək səbəb də odur ki, bu toplum başına gələnlərdən, haqq elədiyi faciələrdən dərs götürməyi sevməz. Keşkə bu dəfə yanılaydıq. Amma və lakin...
Məsələ ondadır ki, sentyabrın 28-da həmişəlik dəfn elədiyimiz oyuncaq “artsax”ın axırıncı, 19 günlük “prezident”i Samvel Şahramanyan Azərbaycana təslim olub mifik qurumu buraxsa da, Ermənistana getdikdən sonra başqa havaya kökləndiyi haqda xəbərlər yayılıb. Millətimizə qarşı cinayətlər törətmiş separatçı “liderlər” qandallanıb Bakıya gətirilsə də, Samvelin İrəvana gedə bildiyi haqda məlumatlar var.
Siyasi müşahidəçilərə görə, istisna deyil ki, “qılıncını boynuna salıb” Azərbaycan dövlətinə təslim olan Şahramanyan “bağışlananlar siyahısına” düşə, canını satın ala bilib. Lakin əsas məsələ onun Ermənistanda nə işlə məşğul olmasıdır. Ermənistan mediası yazır ki, bu zat artıq mövcud olmayan oyuncaq “artsax”ın İrəvandakı “nümayəndəliyi”ndə başının dəstəsi ilə müzakirələr keçirir.
Bildirilir ki, o, iki məsələni prioritet elan edib və bununla bağlı “tapşırıqlar” verib: biri xunta rejiminin tutuqlanan başçılarının azad olunması, digəri isə Qarabağdan Ermənistana köç edən ermənilərin problemlərinin həllidir. Yəni əslində söhbət onun İrəvana ayaq basar-basmaz, separatizmi indi də orada davam etdirəcəyinin anonsundan gedir.
Belə cəhdlər, ələlxüsus erməni köçkünlərinin durumu ilə Azərbaycan əleyhinə manipulyasiyalar iflasa məhkum olsa da, bölgədə sülh prosesinə müəyyən əngəllər yarada bilər. O səbəbə harda, hansı formada baş qaldırmasına rəğmən, erməni separatçılığı dərhal önlənməlidir. Nikol Paşinyan hakimiyyəti də anlamalıdır ki, “artsax” oyununun qonşu ölkə ərazisində davamı, hansısa “mühacir” s”arsaq” hökumətinin elan edilməsi yenə ən çox erməni xalqına ziyan vuracaq, onun normal inkişaf yoluna çıxmasına imkan verməyəcək...
Vəziyyətin absurdluğu həm də ondadır ki, keçmiş DQMV hələ 95-ci ildən Ermənistana “birləşdirilib”: Ermənistanın hazırkı konstitusiyasına əsasən, ayrıca heç bir “artsax” formal subyekt kimi belə mövcud ola bilməz. Amma işə bax ki, İrəvanda hələ də “dqr nümayəndəliyi” var. Erməni məntiqi.
Başqa sözlə, hətta mifik “mühacirət hökuməti” qurmaq naminə Ermənistan gərək öz konstitusiyasını dəyişə. Onsuz da ən uzağı, Azərbaycanla sülh müqaviləsindən sonra dəyişiklik qaçılmaza çevriləcək. Paşinyanın boş danışığına nə düşər. Əgər o, sözünün ağasıdırsa, gerçəkdən Azərbaycanı 86.6 min kv km-lik ərazidə tanıyırsa, buyursun, bunu əməldə isbatlasın. Yəni “A”dan sonra “B” desin – Bakı ilə məlum 5 prinsip əsasında sülh sənədi imzalasın.
Gedib Qranadada Makronla birgə ərazi bütövlüyümüzü tanıyan bəyannaməyə qol çəkməklə iş bitmir. Yüz belə bəyannamə Azərbaycanla sülh müqaviləsini əvəzləyə, Ermənistanın konstitusiyanı dəyişmək zərurətini aradan qaldıra bilməz!..
Konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmaqla yanaşı, Nikol Ermənistanda Azərbaycana qarşı separatizmin ayaqlanmasını da önləməlidir. İrəvandakı “dqr nümayəndəliyi”ni bağlamalıdır. Yoxsa yenə qeyri-ciddi duruma düşəcək. Azərbaycan və Türkiyə ilə əlaqələri tam həcmdə qaydaya salmaq arzusu əlçatmaz olaraq qalacaq.
Qısası, əgər Paşinyan “A” söyləyibsə, ardınca “B” deyəcəksə, daha sonra “C” deməyə də özündə güc-cəsarət tapmalıdır. Gözləyirik...
Müsavat.com
Paylaş: