Ermənistanla Azərbaycan arasında aparılan bu danışıqlarda heç bir vasitəçi iştirak etməyib.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində əsirlərin mübadiləsi haqda danışarkən deyib.
Armen Qriqoryan Azərbaycanın niyə 32 əsiri 2 hərbi qulluqçuya dəyişməyə razı olmasına bu cür aydınlıq gətirib:
“Bu, danışıqların və razılaşmanın nəticəsidir. Bilirsiniz ki, iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir və Azərbaycan bu tədbiri özü üçün vacib hesab edir. İrəvan da öz növbəsində bu konfransı Ermənistanda təşkil etmək üçün ərizə vermişdi, lakin danışıqlar davam etdiyindən və Azərbaycan böyük maraq göstərdiyindən Ermənistan güzəştə getməyə razı oldu və Azərbaycanın namizədliyini dəstəklədi. Və bununla da biz razılığa gəldik”.
Qriqoryan bildirib ki, bu, humanitar, eyni zamanda sülh sazişi istiqamətində növbəti müsbət addımdır:
“Bu, (əsirlərin dəyişdirilməsi – red.) ilk növbədə humanitar xarakter daşıyır, lakin bu, həm də razılığın əldə olunmasının mümkünlüyünü göstərdi və hesab edirik ki, sülh sazişinin imzalanması istiqamətində çox müsbət, mühüm addım oldu. Gündəliyimizdə sülh sazişi var, təbii ki, dekabr bir az çətin görünür, lakin biz dekabrın sonuna qədər sülh sazişi imzalamağa hazırıq”.
Paylaş: