"Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC World-ə müsahibəsində deyib.
"Hərbi qarşıdurma başa çatıb. Həqiqətən də Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Azərbaycan hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Buna görə də Azərbaycan sülh müqaviləsinin fundamental prinsiplərini və mətnini təklif edib. Hazırda tərəflər - Ermənistanla Azərbaycan arasında da diplomatik danışıqlar aparılır. Bunlar birbaşa danışıqlardır", - H.Hacıyev bildirib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb:
"Bu yaxınlarda, dekabrın 7-də, iki ölkə - Prezident Administrasiyası və Baş nazirin Aparatı vasitəsilə - sülh gündəmini irəli aparmaq niyyəti, həmçinin etimad quruculuğu tədbirləri haqqında birgə bəyanat verib. Bu arada, son üç ay Ermənistan-Azərbaycan münasibətləri iki ölkənin müstəqilliyi tarixində ən sakit və ən dinc dövrlərdən biri hesab oluna bilər. Müharibə yoxdur, vəhşiliklər yoxdur, qarşıdurma yoxdur və əsgərlər kazarmalarına qayıdıblar. Nisbi sülh təmin olunub, indi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsinin imzalanmağın vaxtıdır. Azərbaycan regionda sülh gündəmini dəstəkləyir".
H.Hacıyev xatırladıb ki, Ermənistan işğal illərində azərbaycanlılara qarşı bədnam etnik təmizləmə aparıb: "Humanitar məsələlərdə ayrı-seçkilik olmamalıdır. Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünü öz evlərinə qaytarmaq prosesindədir. Onlar 30 ildən artıqdır ki, bu hüquqdan məhrum ediliblər. Amma bu arada Qarabağda ermənilər yaşayırdı. Onlara qalmaq çağırışı etsək də, bəziləri Ermənistan Respublikasına getməyə qərar verdilər. Amma Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, həmçinin təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlıq müraciəti üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazasını müəyyən etməliyik. Burada əsas ilkin şərtlərdən biri Azərbaycan vətəndaşlığını qəbul etmək və Azərbaycanın qanun və qaydalarına uyğun yaşamaqdır. Bu xüsusda, biz müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə hazırıq".
"Ermənistan özü azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, bu, real faktdır. Ermənistan 30 ildən artıq işğalçı ölkə olub. Ermənistan Azərbaycanın işğal altında olan ərazilərini dağıdıb. Bu, bir reallıqdır. Ermənistan Azərbaycanın suveren ərazilərində separatçı quruma dəstək verib. Azərbaycan separatçı qurumun mövcudluğuna və onun hərbi komponentinə son qoymağa məcbur idi. Amma indi buna son qoyulub. İndi regionun sülh haqqında haqqında düşünməsinin vaxtıdır. Azərbaycan birbaşa sülh danışıqlarının tərəfdarıdır. Bu arada biz digər vasitəçilik səylərindən və ya təklif edilən müsbət konsepsiyalardan qaçmırıq. Amma vacib olan odur ki, Ermənistan və Azərbaycan bir araya gələrək sülh bağlamalıdır. Sülh əldə edildikdən sonra hesab edirəm ki, digər ölkələr və tərəfdaşlar da bunu dəstəkləyə bilər", - Prezidentin köməkçisi qeyd edib.
Paylaş: