Fələstinin radikal HƏMAS hərəkatı saxladığı girovların azad olunması məqsədilə İsrailin təklif etdiyi razılaşmanı müzakirə etmək üçün iyunun 4-də Qahirəyə nümayəndə heyəti göndərəcək.
Bu barədə "Times of Israel" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bu məlumatı nəşrə iki rəsmi şəxs təsdiqləyib.
Qəzetin yazdığına görə, keçən həftə HƏMAS ABŞ Prezidenti Co Baydenin təklif olunan sazişlə bağlı çıxışını müsbət qiymətləndirib, lakin hələ də hərəkatdan heç bir rəsmi cavab gəlməyib.
Bundan əvvəl ABŞ prezidenti üç mərhələdən ibarət yeni sülh sazişi layihəsinin şərtlərini açıqlamışdı. Birincisi altıhəftəlik müddətə nəzərdə tutulub və tam atəşkəs, İsrail qoşunlarının Qəzzanın məskunlaşdığı ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun həbsdən azad edilməsi müqabilində HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutur. Bundan əlavə, bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və atəşkəs qarşılıqlı anlaşma əldə olunana qədər qüvvədə qalacaq.
İkinci mərhələ sağ qalan bütün girovların, o cümlədən hərbi qulluqçuların azad edilməsini nəzərdə tutur. Üçüncü mərhələ Qəzza zolağının yenidən qurulması və ölən israillilərin qalıqlarının yaxınlarına təhvil verilməsidir.
Paylaş: