Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev ilə İranın Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında iyunun 5-də telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı əsnasında dövlətlər arasında tarixi dostluq, qonşuluq və xalqlar arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.

Söhbət zamanı Prezident İlham Əliyev ilə İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlət başçısı bildirib ki, ölkəsi onların icrası istiqamətində İran İslam Respublikası ilə birlikdə fəaliyyətini davam etdirəcək.

Azərbaycan Prezidenti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə bağlı İran dövlətinə və xalqına bir daha başsağlığı verib.

Başsağlığına görə təşəkkürünü bildirən Məhəmməd Moxber də öz növbəsində İran tərəfindən Prezident İlham Əliyev ilə İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin görüşü zamanı əldə edilmiş razılaşmaların ölkələrin maraqlarına uyğun olaraq həyata keçiriləcəyini qeyd edib.

Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.




Ana səhifəyə qayıt        Baxış: 3 006          Tarix: 5-06-2024, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma