Xəbər lenti

ABŞ Senatının Kəşfiyyat Komitəsi bildirib ki, ölkə kəşfiyyatının Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi ilə bağlı qiymətləndirməsini qəbul edir.

Qiymətləndirmədə deyilir ki, Rusiya ABŞ seçkisinə demokrat namizəd Hillari Klintona mane olmaq, Donald Trampa dəstək vermək məqsədilə müdaxilə edib.

Komitənin respublikaçı sədri Riçard Bur və demokrat senator Mark Uornerin mayın 16-da açıqlanmış birgə bəyanatında deyilir: “Komitə heyəti 14 ay ərzində mənbələri, casusluq metodlarını nəzərdən keçirib, analitik təhlil aparıb və bu qənaətə gəlib ki, nəticələri şübhə altına almaq üçün heç bir səbəb yoxdur”.

Bəyanatda daha sonra deyilir: “Rusiyanın səyləri geniş olub və Donald Trampa kömək və Hillari Klintona ziyan vurmaq məqsədilə prezident Vladimir Putinin şəxsi göstərişi ilə həyata keçirilib”.

ABŞ kəşfiyyatının 2017-ci ilin yanvarında açıqlanmış nəticələrində deyilirdi ki, Rusiya 2016-cı il seçkisinə təsir etmək üçün hakerlik və təbliğatdan istifadə edib.

Moskva bu iddiaları daim rədd edib.

Burr və Uornerin bu bəyanatından əvvəl, aprelin 17-də Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi də hesabat dərc etmişdi. Həmin hesabatda deyilirdi ki, Rusiya Birləşmiş Ştatlarda nifaq və çaşqınlıq yaratmaq məqsədilə hakerlikdən, kiberhücumlardan və sosial mediadan istifadə edib, lakin Moskva bu işlə çoxdan məşğuldur və onun seçki zamanı fəaliyyəti heç bir namizədin xeyrinə edilməyib.

Nümayəndələr Palatasının hesabatında habelə ölkə kəşfiyyatının zabitləri Moskvanın Trampa kömək etmək istəməsini üzə çıxara bilmədiklərinə görə tənqid olunurdular.

Bundan başqa, həmin hesabatda bildirilirdi ki, Tramp kampaniyasının Rusiya ilə sövdələşməyə girdiyinə dair heç bir dəlil yoxdur.

Hazırda ABŞ Konqresinin hər iki palatasında respublikaçılar çoxluq təşkil edirlər, lakin Nümayəndələr Palatasının hesabatı demokratlar və hətta bəzi respublikaçılar tərəfindən tənqid olunmuşdu.

Senatın hesabatında komitə təhqiqatının davam etdirildiyi bildirlir.

Tramp kampaniyasının Rusiya ilə əlaqələrini Konqres komitələrindən başqa, həm də xüsusi prokuror Robert Müller araşdırır.

Tramp Rusiya ilə hər hansı sövdələşməyə girdiyi barədə iddiaları rədd edir və bu iddiaları özünə qarşı “əcinnə ovu” adlandırır.

Azadlıq Radiosu

 




Ana səhifəyə qayıt        Baxış: 526          Tarix: 17-05-2018, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma