Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin “NBC News” kanalının aparıcısı Meqan Kelliyə müsahibə verib

Vladimir Putin deyib ki, Birləşmiş Ştatlarda bu ölkənin seçkisinə müdaxiləyə görə barələrində cinayət işi qaldırılmış Rusiya vətəndaşları hökumətin adından hərəkət etməyiblər. Amma Moskva onların heç birini “heç vaxt” ekstradisiya etməyəcək.

Putinin “NBC News” kanalına müsahibəsi martın 4-də qismən efirə verilib. Ötən ay ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ilin ABŞ seçkisinə müdaxiləyə görə 13 rusiyalıya və bir neçə Rusiya şirkətinıə qarşı rəsmi ittiham irəli sürüb.

Üç Konqres komitəsi və xüsusi prokuror Robert Mueller Rusiyanın seçkiyə müdaxiləsinə dair iddiaları və Rusiya ilə prezident Trampın adamları arasında mümkün əlaqələri araşdırır. Putin ABŞ seçkisinə öz hökumətinin müdaxiləsinə dair iddiaları daim rədd edib. Tramp bildirir ki, onunla Rusiya rəsmiləri arasında heç bir sövdələşmə olmayıb. “NBC News” kanalına müsahibəsində Putin deyib ki, ABŞ onun hökumətinə “bəzi materialları, spesifikaları və məlumatları” təqdim etməyincə bu məsələ barədə rəsmi cavab verilə bilməz.

O bildirib ki, Rusiya “bu materiallara baxmağa və onlar barəsində danışmağa hazırdır”. Amma o yenə də israr edib ki, Kreml Birləşmiş Ştatalara qarşı fəaliyyət göstərən əməliyyatçıları yönləndirməyib. Putin deyib: “Mən bilirəm ki, onlar Rusiya dövlətini, Rusiya hakimiyyətini təmsil etmirlər. Onların konkret olaraq nə etdikləri barədə mənim anlayışım yoxdur”.

İttiham olunan rusiyalıların Birləşmiş Ştatlara ekstradisiyasının mümkünlüyü barədə suala Putin “heç vaxt” cavabını verib. O bildirib ki, Rusiya da artıq ABŞ kimi öz vətəndaşlarını heç kimə ekstradisiya etmir. İki ölkə arasında qarşılıqlı ejskstradisiyaya dair müqavilə yoxdur.

ABŞ Ədliyyə Nazirliyinin ittihamnaməsində iddia olunur ki, Putinə yaxınlığı ilə tanınan zəngin biznesmen Yevgeni Priqojin Birləşmiş Ştatlara casuslar göndərən “troll fabrikini” təsis edib. Sözü gedən casuslar izi itirmək üçün ABŞ-da saxta sosial media hesabları açaraq bu hesablardan ABŞ cəmiyyətinə ixtilaf yaradan mesajlar göndəriblər.

Ədliyyə Nazirliyi bildirir ki, bu əməliyyatçıların məqsədi ABŞ demokratiyasına inamı sarsıtmaq, Klintonu gözdən salmaq, Trampa kömək etmək idi. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov deyib: “Rusiya dövlətinin bu məsələyə müdaxiləsini göstərən əlamətlər yoxdur. Yoxdur və ola da bilməz”.

2017-ci ilin yanvarında ABŞ-ın kəşfiyyat agentlikləri belə bir nəticəyə gəlmişdi ki, “2016-cı ilin seçkisini təsirləndirmək kampaniyasına göstərişi şəxsən prezident Putinin özü verib”. (Azadlıq Radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 5-03-2018, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma