Xəbər lenti

ABŞ Konqresinə 2018-ci il ara seçkilər xarici müdaxilə ilə bağlı narahatlıqlara baxmayaraq, çərşənbə axşamı günü insidentsiz başlayıb və rəsmilər səsverməyə müdaxilə cəhdlərinin qeydə alınmadığını bildirib.

Növbəti iki il ərzində ölkənin siyasi kursunu müəyyənləşdirə biləcək səsvermə yeni başlayıb, lakin Rusiya, ya da başqa xarici oyunçular tərəfindən ABŞ-ın seçki sisteminə böyük narahatlığa səbəb olan kiber müdaxilə ilə bağlı heç bir məlumat yoxdur. Verilən məlumatlara görə, ölkənin 170 min səsermə məntəqəsində səsvermə xarici müdaxilə olmadan keçir.

“Biz monitorinq etməyə davam edirik, amma hələlik məlumat vermək üçün əhəmiyyətli heç bir şey yoxdur. Biz indiyə kimi mütəşəkkil kampaniya kimi heç bir şey müşahidə etməmişik, amma bu, baş versə, biz buna hazırıq”-deyə Daxili Təhlükəsizlik Nazirliyinin rəsmisi müxbirlərə bildirib.

Seçki gününə qədər Moskvanın, ya da ABŞ-ın digər rəqiblərinin 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləyə bənzər bir müdaxilənin ola biləcəyi ilə bağlı narahatlıqlar mövcud idi. Avqust ayında ABŞ-ın Milli Kəşfiyyat direktoru Dan Koats Rusiyanın müdaxiləsinin “real” və “davamlı” olduğu ilə bağlı xəbərdarlıq edib.

Lakin genişmiqyaslı müdaxilə ilə bağlı qorxular özünü döğrultmayıb. ABŞ-ın agentliklərinin Dan Koatsın xəbərdarlığından sonra şübhəli xarici müdaxilə ilə bağlı təxminən 160 hal qeyd edildiyini bildirməsinə və sosial media şəbəkələrinin yüzlərlə şübhəli hesabları bağlamasına baxmayaraq, müdaxilə cəhdlərinin sayı 2016-cı ildəki səviyyəyə çatmayıb. Kremllə əlaqədar olan kiber istifadəçilər ABŞ-ın 21 ştatında səsvermə sisteminə müdaxilə edərək, tarixdə səsvermənin nəticələrinə təsir göstərə biləcək ən böyük əməliyyat keçirmişdi.​

Birləşmiş Ştatlarda seçki sistemi mərkəzləşdirilmiş deyil və bütün seçkilər ştat və yerli hökumətlər tərəfindən idarə edilir. Lakin Rusiyanın seçkilərə müdaxiləsindən keçən iki il ərzində ABŞ-ın ştatları kiber müdafiə səahəsini gücləndirmək və seçki prosesinin toxunulmazlığını təmin etmək üçün Daxili Təhlükəsizlik Nazirliyi, Federal Təhqiqat Bürosu, Milli Kəşfiyyat agentliyi və digər federal agentliklərlə iş aparır.

Bununla belə, ABŞ rəsmiləri xəbərdarlıq edir ki, “amerikalılar xarici subyektlər və xüsusilə də Rusiyanın ictimai rəyə və seçicilərin fikirlərinə təsir göstərmək cəhdlərini davam etdirdiyi ilə bağlı ayıq olmalıdır”.

(Amerikanın səsi)

 




Ana səhifəyə qayıt        Baxış: 293          Tarix: 7-11-2018, 15:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma