Xəbər lenti

ABŞ-ın Baş prokuroru Cef Sessions “prezident Donald Trampın ricası ilə istefa verib. Təhlilçilərin fikrincə, bu, Rusiya təhqiqatının gələcəyini qeyri-müəyyənliyə atmış olur. Ağ Ev bildirir ki, Sessions istefa məktubunu noyabrın 7-də Trampa təqdim edib və prezident bu istefanı qəbul edib.

Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini, habelə Tramp kampaniyasının Rusiya ilə mümkün bağlarını araşdıran xüsusi prokuror Robert Müllerin apardığı təhqiqat tamamilə Ədliyyə Nazirliyinin nəzarətindədir.

Respublikaçı və keçmiş Alabama qubernatoru olan Sessions özünü Rusiya təhqiqatından araladığına görə Tramp tərəfindən açıq şəkildə tənqid olunurdu. Sessions bu təhqiqatdan aralandığını onunla əsaslandırmışdı ki, onun özü də Trampın seçki kampaniyasının üzvü olub.

Bu barədə yazdığı tvitdə Tramp bildirib ki, Sessionsın administrasiya rəhbəri Mat Vaytiker Baş prokuror əvəzi kimi fəaliyyət göstərəcək.

Nümayəndələr Palatasında demokratların lideri Nensi Polesi bu istefanı Rusiya istintaqını əngəlləməyə yönəlik “abırsız cəhd” adlandlrıb. Senatda demokratların lideri Çuk Skumer isə tvitində yazıb ki, aydındır ki, prezident nəyisə gizlədir. Çoxsaylı media orqanlarının yazmasına görə, Sessionsun müavini Rob Rosenstein Müllerin apardığı istintaqa nəzarətdən kənarlaşdırılıb.
Nümayəndələr palatasının demokrat üzvü Cerri Nadler Sessionsun istefasına izahat tələb edib. Onun palatanın ədliyyə komitəsinə rəhbərlik edəcəyi gözlənir və Müllerin istintaqına konqresdən bu komitə nəzarət edir.

“Amerikalılar Trampın Sessionsu kənarlaşdırmaq addımının arxasında nə durması barədə suallara cavab almalıdırlar”, – Nadler deyib. “Prezident bu dəyişikliyi niyə edir və indi Xüsusi Prokuror Müllerin istintaqına kim nəzarət edir? Buna görə adamları məsuliyyətə cəlb edəcəyik”, – o, tivitində yazıb.
Skumer isə deyib ki, Müllerin statusunun yeni baş prokuror tərəfindən qorunması vacibdir. O, Vaytkeri özünü Rusiya istintaqından kənar tutmağa çağırıb, çünki əvvəllər bu istintaqla bağlı mənfi şərhləri olub.

Qeyd edək ki, Müller Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsi, Rusiya rəsmiləri ilə Trampın seçki kampaniyası arasında iddia olunan əlaqələri araşdırırdı. Rusiya seçkiyə hər hansı müdaxilə etmədiyini deyir, Tramp isə Rusiyayla istənilən əlbirliyi danır.

Ədliyyə Departamenti sözçüsünün deməsinə görə, baş prokuror əvəzi, yəni Vaytker Rusiya istintaqı daxil olmaqla, departament daxilindəki bütün məsələlərə, nəzarət edir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 371          Tarix: 8-11-2018, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma