ABŞ prokuroru Prezident Donald Trampın “seçkilərdə rus barmağı” işinin istintaqına son vermək tələbini rədd edib.
Ovqat.com CNN International-a istinadən xəbər verir ki, istintaqı aparan xüsusi məsələlər üzrə prokuror Robert Müller Trampı şəxsən mühakimə etmək istəyini bildirib.
Qeyd edək ki, Trampın vəkilləri bir müddət əvvəl onun suallara yazılı cavab verə biləcəyini elan etmişdilər. Vəkillər, həmçinin istintaqın yalnız seçki dövrünü əhatə etməsini istədiklərini dilə gətirmişdilər. Müllerin açıqlamasından isə belə anlaşılır ki, o, Trampı şəxsən dindirməkdə maraqlıdır.
Müllerin bu açıqlamanı Trampın Ədliyyə Naziri Cef Sessionsu Rusiya istintaqını bitirməsini istəməsindən bir neçə saat sonra verməsi prezidentin Twitter paylaşımına cavab kimi qiymətləndirilir. Sözügedən paylaşımında Tramp yazmışdı:
"Ədliyyə Naziri Cef Sessions bu məkrli ifritə ovuna dərhal indi, ölkəmizin imicinə daha çox ləkə salmadan son qoymalıdır".
Prezident kürsüsündə oturduğu 20 Yanvar 2017 tarixindən bu yana Rusiya kölgəsindən xilas olmağa çalışan, amma bunu heç cür bacarmayan Donald Tramp keçmiş kampaniya meneceri Pol Manafortun ifadələri ilə başının dərdə girəcəyindən ehtiyatlanır. İstintaqa verdiyi ifadələrinə keçmiş menecer, Tramp və komandasının Rusiya ilə əlaqələrini etiraf etmişdi. ABŞ prezidenti isə bu iddianı yaxına buraxmayaraq, Manafortun çox qısa zaman ərzində onunla birgə işlədiyini etiraf etmişdi.
Paylaş: