Xəbər lenti

Sentyabrın 25-də referendumun keçirilməsi ilə bağlı Bərzaninin açıqlamaları kürd muxtar idarəetməsini pis vəziyyətdə qoya bilər.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik hesab edir ki, sözügüdən referendum istər İranın təsiri altında olan rəsmi Bağdada, istərsə də son zamanlar Qərblə münasibətlərində ciddi fikir ayrılıqları yaşayan rəsmi Ankaraya təzyiq hesab oluna bilər:
“Referendum aktının gerçəkləşməsi onsuz da hazırda son dərəcə mürəkkəb dönəmə qədəm qoyan regionda daha ciddi proseslərə səbəb olacaq. Sentyabrın 25-də referendum keçirilsə belə, bu, bölgə dövlətləri tərəfindən qəbul edilməyəcək, əksinə, Bərzaniyə münasibəti kifayət qədər isti olan rəsmi Ankaranın da ona qarşı cəbhədə yer almasına təkan verəcək. Kürdüstan ideyası Osmanlını parçalamaq və çökdürmək məqsədilə Qərb tərəfindən 1920-ci il Sevr müqaviləsində öz əksini tapıb. Lakin unudulur ki, 21-ci əsrin əvvəllərində şərtlər dəyişib və hər hansı bir kürd dövlətinin yaranması bölgə dövlətlərinin heç birinin maraqlarına cavab vermir. Heç şübhəsiz ki, belə bir addımın atılması yeni, uzunmüddətli və daha ciddi münaqişə ocağının yaranmasına gətirib çıxardacaq”.
Qeyd edək ki, İraq Kürd Regional Muxtariyyəti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirmək niyyətini ortaya qoyub. Bu qərara Türkiyə, İran, Almaniya və s. dövlətlər etiraz edib və İraqın ərazi bütövlüyünü dəstəkləyib.

  




Ana səhifəyə qayıt        Baxış: 1 012          Tarix: 17-06-2017, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma