Xəbər lenti

ABŞ-ın Yaxın Şərqdə kürd siyasəti 1991-ci ildən geniş vüsət alıb. Səddam Hüseynin Küveyti işğal etməsi və Vaşinqtonun cavab tədbirlərindən sonra kürd məsələsi dünya siyasətinin gündəminə çıxıb. Burda da ABŞ və İsrailin maraqları üst-üstə düşür. Sonda onlar bölgədə kürd varlığının olmasının tərəfidir. Məsələn, İsrail Yaxın Şərqdə ərəb dövlətləri arasında bir kürd dövlətinin olmasına etiraz etməz. ABŞ tərəfi də bu yanaşmanı dəstəkləyir.

Ovqat.com xəbər verir ki, bunu Teleqraf.com-a Türkiyə və ABŞ arasında kürd probleminə dair yaşanan kritik durumu şərh edən konfliktoloq Elxan Mehtiyev deyib.

O bildirib ki, vaxtında İraqın şimalında Kürd Regional Dövləti qurulub: "Bu qurum bölgə idarəçiliyi statusunda olsa da, artıq az qala müstəqil dövlət halına gəlib. Özünün hərbi qüvvələri, parlamenti, əraziləri və xarici iqtisadi əlaqələri bunu deməyə əsas verir. II İraq savaşından sonra Ankaranın Bərzani ilə bağlı tutduğu mövqe yanlış oldu. İndi Türkiyə ilə Şimali İraq Kürd Muxtariyyəti arasında münasibətlər ən yüksək həddədir. Faktiki olaraq Türkiyə Şimali İraq Kürd Muxtariyyətinin ən böyük iqtisadi yatırımçısıdır. Elə Türkiyənin Yaxın Şərqdə ən yaxın dostu və müttəfiqi də Bərzanidir".

Elxan Mehtiyev qeyd edib ki, II İraq savaşından sonra Türkiyə tərəfindən həyata keçirilən kürd siyasəti indi Suriyada davam etdirilir: "YPG lideri Saleh Müslüm 2 il əvvəLə qədər Ankaraya gəlirdi, onunla hər cür əlaqə qurulmuşdu, indi Ankara onu terrorçu adlandırır, PKK-nın bir qanadının təmsilçisi hesab edir. Amerikanın PYD-yə baxışı isə fərqlidir. Çünki ABŞ Suriyada İŞİD-i məhv etmək üçün daxili qüvvələrə üstünlük verir. Amerika əsgərlərinin Suriyada iştirakına isti yanaşmır. Suriyada da ən koordinasiyalı, döyüşən qüvvələr də
Saleh Müslümün rəhbəri olduğu PYD qüvvələridir. PYD həm də Rusiya ilə tarixi əməkdaşlıq içindədir. Gördüyünüz kimi bəzən ABŞ və Rusiyanın kürd qüvvələri məsələsində mövqeyi eyni olur. Sözsüz ki, bu ölkələr Suriyada kürdlərin öz qurumunu yaratmasının tərəfdarıdır. Lakin PYD-nin PKK ilə birgə hərəkət etdiyini nəzərə alsaq, bu faktiki olaraq gələcəkdə Türkiyənin təhlükəsizliyi baxımından ciddi təhlükədir. Başqa sözlə, bu faktiki olaraq Türkiyənin sərhəddində hərbi terror qüvvələrinin mövcud olması deməkdir.
Kənardan baxanda bu məsələ çox mürəkkəb görünür və aydınlaşma tələb edir".

Konfliktoloq hesab edir ki, əslində rəsmi Ankaranın ABŞ-ın Suriya kürdlərini silahlandırmasının qarşısını almaq imkanı var: "Amma bu imkanları qarşıdurma müstəvisində deyil, Amerika ilə müttəfiqlik çərçivəsində həll etmək lazımdır. ABŞ siyasi dairələri məsələyə bölgədə kürd varlığının olması prizmasından baxır. Əslində Türkiyədə orada kürd varlığının olmasına qarşı deyil. Amma bu işdə YPG-nin irəlidə getməsindən, proseslərə rəhbərlik etməsindən narahatdır. Səbəb də odur ki, YPG PKK ilə birgə hərəkət edən qüvvədir. Onu da unutmayaq ki, Türkiyənin özü həm Şimali İraqda, həm də Suriyada Azad Suriya Ordusunda olan kürdlərə hərbi təlim keçərək Əl-Bab əməliyyatına aparıb. Lakin Ankara YPG-nin bu işdə aparıcı rol almasını istəmir. Reallıqda isə Suriyada ən böyük güclərdən biri YPG-dir".

Elxan Mehdiyev ehtimal edir ki, kürdlərin Suriyada müstəqil olmasa da, muxtar qurumu yarana bilər: "Necə ki, Şimali İraqda Bərzaninin rəhbəri olduğu kürd muxtariyyəti quruldu".

 




Ana səhifəyə qayıt        Baxış: 1 331          Tarix: 13-05-2017, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma