Xəbər lenti

  

Yaxın Şərqin xəritəsi yenidən çəkilməyə başlanıb. Şimali İraq regional kürd müxtariyyətinin başçısı Məsud Bərzaninin sentyabrın 25-də müstəqillik haqqında referendumun keçirilməsi barədə qərarı Yaxın Şərqdə çoxları tərəfindən təşvişlə qarşılandı. Nə baş verir?

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, rusiyalı ekspert Stanislav Tarasov Bərzaninin Sevr müqaviləsinin ruhunu diriltdiyini bildirib.

Barzani müstəqillik haqqında referendumun keçirilməsi imkanı haqqında hələ 2014-cü ilin iyulunda – İŞİD-in İraqa müdaxiləsindən sonra danışırdı. Ərbil həmin vaxt Bağdadı fəaliyyətsizlikdə ittiham etdi. Bərzani bir il sonra Vaşinqtonda çıxışı zamanı elan etdi ki, referendum İŞİD-ə qarşı döyüş əməliyyatlarının müvəffəqiyyətlə tamamlanmasından sonra keçiriləcək.

Ərbil hesab edir ki, İŞİD üzərində qələbə qazanılıb və müstəqilliyin əldə edilməsi üzrə layihənin həyata keçirilməsinin vaxtıdır. Niyə məhz indi?

Tarasov diqqəti ABŞ prezidenti Donald Trampın kürəkəni və onun baş məsləhətçisi Cared Kuşnerin aprel ayında bölgəyə səfərinə diqqət çəkir.

O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordu müşayiət edirdi. Kuşnerin İraqda görünməsi ilə təxminən eyni vaxtda “Kürdüstan Demokrat Partiyası” və “Kürdüstanın Vətənpərvərlik İttifaqı”nın birləşmiş nümayəndə heyəti müstəqillik haqqında referendumun keçirilməsi haqqında məsələnin müzakirəsi üçün müxtariyyətin islamçı partiyaları ilə görüş keçirdilər. Bərzani Bağdadla danışıqlar üçün birgə nümayəndə heyətinin formalaşdırılmasına razılıq verdi. Eyni zamanda kürd muxtariyyətində yaşayan başqa etnik və dini qrupların nümayəndələri “mübahisəli rayonlar”ın gələcəyinin müəyyən edilməsi tələbi ilə çıxış etdilər.

Bütün bu hadisələrdən sonra Bağdad Ərbili ittiham etdi ki, o beləliklə diqqəti İŞİD-ə qarşı mübarizədə İraq güclərinin hərbi qələbələrindən yayındırmağa çalışır. Ərbilin addımlarına Ankara da reaksiya verdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kərkük vilayətinin administrasiyasından kürd muxtariyyətinin bayraqlarından istifadədən imtina etməyi tələb etdi. Onun sözlərinə görə, Türkiyə Kərkükün kürdlərə aid olması ilə razı deyil. Türkiyə lideri Kərkükün türkmanlar, ərəblər və kürdlərə aid olduğunu bildirdi.

Aydındır ki, Barzani kənardan müəyyən dəstək olmadan referendumun keçirilməsinin dəqiq tarixini açıqlamağa qərar verməzdi. Stanislav Tarasov bildirir ki, Ərbil referendum qərarının Bağdadın müqaviməti ilə qarşılaşacağını və başqa regional dövlətlərdə kəskin reaksiya doğuracağını təxmin edirdi.

“İraqdakı hadisələr davam edən Suriya böhranı fonunda indi birinci plana çıxa bilər. Ona görə ki, müstəqil İraq Kürdüstanının yaranması “Sevrin ruhu”nu dirildir. Xatırlayaq ki, ilk dəfə müstəqil Kürdüstanın yaradılması haqqında ideya Osmanlı imperiyasının dağılmasından sonra ortaya çıxdı. O müəyyən hüquqi rəsmiləşməni Sevr müqaviləsi ilə 1920-ci ilin avqustunda aldı. Güman edilirdi ki, müstəqil Kürdüstanın sərhədlərini İngiltərə, Fransa və Türkiyə birgə müəyyən edəcək”, - rusiyalı ekspert bildirib.

Qeyd edək ki, Sevr müqaviləsi 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) müttəfiq dövlətlər və Türkiyə arasında imzalanan sülh müqaviləsidir. Müqavilə de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto isə Türkiyənin suverenliyini ləğv etdi.

Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar.

Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində, heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilməmişdir. Bundan başqa, ABŞ və Rusiya bu müqaviləni imzalamayıb. 1923-cü il iyulun 24-də isə Türkiyə ilə Qərb dövlətləri arasında Lozanna müqaviləsi imzalanıb və bununla Sevr müqaviləsinin üstündən xətt çəkilib.

Ekspert xatırladır ki, müstəqil kürd dövlətinin yaradılmasına ikinci cəhdi 1946-cı ildə İranda sovet işğalı zamanı edilib. Lakin 1947-ci ildə sovet qoşunlarının İrandan çıxarılması ilə bu ideya həyata keçməyib: “1970-ci illərin ortalarında İraqın şimal-şərqində üç əyalətin daxil edildiyi Kürd muxtar rayonu yaradılmışdı. Muxtariyyət İraqın kürdlər yaşadıqları ərazinin yarısını əhatə edirdi. Neftlə zəngin Kərkük muxtar rayonuna daxil deyildi. Avtonomizasiya təcrübəsi Səddam Hüseyn tərəfindən dayandırıldı, amma “Kürd muxtar rayonu” qaldı. 2003-cü ildə qərb koalisiyasının müdaxiləsindən sonra kürdlər özlərini amerikalıların aktiv müttəfiqi kimi göstərərək əlavə ərazilər aldılar. Kərkük və Diyal rəsmən hələ kürd muxtyariyyətinin tərkibinə daxil deyil”.

Qərb nə düşünür? Almaniya Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabriel müstəqillik haqqında məsələnin həllində birtərəfli addımların təhlükəli olduğunu bildirdi. Vaşinqton hələ ki bu məsələdə mövqeyini tamamilə müəyyən etməyib. Amma ehtimal edilir ki, yeni Amerika administrasiyası Bərzaninin planını dəstəkləyəcək.

“Ona görə də Yaxın Şərqdə hadisələr xüsusi dramatik xarakter almağa başlayır. Bu hadisələr regionun tarixinə yazılacaq”, - rusiyalı ekspert proqnozlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 203          Tarix: 15-06-2017, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma