Xəbər lenti

 

Bu günlərdə tanınmış şair və araşdırmaçı, Prezident mükafatçısı (2008) Namiq Hacıheydərlinin “Canlı əfsanə” adlı kitabı çap olunub. Poema janrında qələmə alınan bu kitab İsveçdə ilk (quzey) Azərbaycan diaspor təşkilatının qurucusu olan Asif Həziyevin həyat və fəaliyyətindən bəhs edir.

 

Kimdir Asif Həziyev?

 

Asif Həziyev Lerikin Mondigah kəndində doğulub. İngiltərədə dünyaca məşhur olan Oksford Universitetinin Hüquq fakultəsini bitirib. Gərgin zəhməti və fövqəladə çalışqanlığı sayəsində rus, alman, ingilis, isveç, türk, ərəb, talış dillərini mükəmməl öyrənib. Universiteti bitirəndən sonra İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərməyə başlayıb. İsveçdə ilk (quzey) Azərbaycan diaspor təşkilatının əsasını qoyub. Təkcə Azərbaycandan gedənləri deyil, bütövlükdə Qafqazdan gedən insanları (ermənilər istisna olmaqla) burada yaratdığı “Azərbaycan Cəmiyyəti” ətrafında birləşdirib. Skandinaviyada Azərbaycan dövləti və millətimiz adına kifayət qədər təqdirəlayiq layihələr gerçəkləşdirib. Uzaq quzey diyarında ölkəmizin imicinin yüksəlməsi üçün əlindən gələni edib. Bayrağımızı və millətimizi təhqir edən başqa millətin nümayəndələrini ciddi şəkildə cəzalandırdığı üçün illərlə məhbəs həyatı yaşayıb. Sonunda günahsızlığı sübut olunaraq azadlığına qovuşub.

 

Müəllif poemanın qəhrəmanı Asif Həziyevi kitaba yazdığı “Müəllifdən” başlıqlı ön sözdə belə təqdim edir:

“O, mübaliğəsiz deyə bilərəm ki, Lerikin türk dünyasına bəxş etdiyi qəhrəman oğullardan biridir”.

 

Daha sonra qeyd edir ki, “Asif bəy bu gün də Azərbaycan və millətimiz adına dəyərli işlər görür. Bakının Xətayi rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə öz şəxsi vəsaiti hesabına ucaltdığı abidə onun çoxsaylı xeyirxah əməllərindən biridir. Hesab edirəm ki, belə insanların şəxsiyyətinin və dəyərli əməllərinin xalqa tanıdılmasında ciddi fayda var”.

 

“Canlı əfsanə” kitabının redaktoru Filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədli, məsləhətçilər professor Əjdər Ağayev və professor Qurban Bayramovdur.

 

Təhməz Tanrıdağlı

Aziya.info




Ana səhifəyə qayıt        Baxış: 2 108          Tarix: 16-02-2018, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma