Xəbər lenti

 

“Rəsmi Bağdad Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin İraq vitse-prezidentləri İyad Allavi və Üsamə ən-Nuceyfi ilə görüşündə qəbul olunan qərarları tanımır”.

Ovqat.com xəbər verir ki, bunu İraq Baş nazirinin sözçüsü Səad Hədisi bildirib.

Hədisi öz açıqlamasında qeyd edib ki, vitse-prezidentlərlə imzalanan bu qərarın heç bir legitim hökmü yoxdur.

İraq Baş naziri Heydər əl-İbadi də məsələ ilə bağlı açıqlamasında  Bağdad və Ərbil arasında dialoqun və müzakirələrin ancaq qeyri-qanuni referendumun ləğvindən sonra başlana biləcəyini bildirib.

Xatırladaq ki, dünən vitse-prezidentlər ilə Bərzani arasında keçirilən görüşdə 4 maddədə razılıq əldə olunmuşdu:

  • İraqdakı gərginliyin azaldılması üçün siyasi partiya və tərəflər arasında görüşlər keçirilsin,
  • Görüşlərdə masaya yatırılan məsələlər ictimaiyyətə açıq gündəlik əsasında müəyyənləşdirilsin,
  • Şimali İraqa qarşı tətbiq olunan sanksiyalar ləğv olunsun,
  • Ən yaxın zamanda Ərbillə Bağdad arasında yekun danışıqlara başlansın.

Rəsmi Bağdad isə, göründüyü kimi, bu qərarı tanımadı.

İraq Prezident Administrasiyası ilə hökuməti arasındakı bu ziddiyyətlər ABŞ-ın bu ölkəni işğalından sonra qurduğu Livan modelinə bənzər siyasi idarəetmə sistemindən qaynaqlanır. Bu idarəetmə modelinə əsasən, İraq prezidenti kürd əsilli siyasilər arasından təyin olunmalıdır. İşğalın ilk illərindən sonra Calal Talabani bu posta iki dəfə seçilmiş, 2014-cü ildə isə onu Məhəmməd Fuad Məsum Havravi əvəz etmişdi.

Məhəmməd Fuad da kürd əsilli siyasilərdəndir və 2014-cü ildə İraq parlamentdə 211 deputatın səsini alaraq indiki posta əyləşmişdi. Onun Bərzani ilə danışıqlar aparan köməkçiləri İlad Əllavi və Üsamə Nuceyfi isə ABŞ-a bağlı siyasilər kimi tanınırlar. Təsadüfi deyil ki, hər iki siyasətçi ABŞ işğalının ilk illərində qurulan İraq müvəqqəti hökumətində yüksək vəzifə tutmuşdular.

İngilis vətəndaşı olan İyad Əllavi müvəqqəti işğal hökumətinin baş naziri vəzifəsini icra etmiş, 2004-cü ilin iyununda gətirildiyi bu postu uğursuz 2005-ci ilin may ayında buraxmışdı.

Elə həmin illərdə İraq parlamentinin sədri vəzifəsini Üsamə Nuceyfi icra edirdi. Nuceyfi 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra kreslosunu təhvil verərək, o dövrdə ABŞ tərəfindən İraq prezidentliyinə müvəqqəti təyin olunan Qazi əl-Yavərin köməkliyi ilə Sənaye və Mədən Nazirliyinin başına gətirilmişdi.

Onların dünən atdığı bu addımlar İraq hökumətinin, hələ də, ABŞ-ın işğalından qurtulmadığını, yüksək post tutan siyasilərin istənilən an xəyanətə gedə biləcəyini göstərir.




Ana səhifəyə qayıt        Baxış: 3 944          Tarix: 8-10-2017, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma