Şimali İraq Kürd Muxtariyyəti ilə mərkəzi hökumət arasında ilk danışıqlar başlayıb.
Ovqat.com İraq mediasına istinadən xəbər verir ki, danışıqlar Şimali İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzani ilə İraq vitse-prezidentləri İyad Əllavi və Üsamə Nuceyfi arasında Süleymaniyə şəhərində baş tutub.
Məlumata görə, tərəflər 4 məsələdə fikir birliyinə gəliblər:
- İraqdakı gərginliyin azaldılması üçün siyasi partiya və tərəflər arasında görüşlər keçirilsin,
- Görüşlərdə masaya yatırılan məsələlər ictimaiyyətə açıq gündəlik əsasında müəyyənləşdirilsin,
- Şimali İraqa qarşı tətbiq olunan sanksiyalar ləğv olunsun,
- Ən yaxın zamanda Ərbillə Bağdad arasında yekun danışıqlara başlansın.
Şimali İraqda keçirilən referendumdan sonra mərkəzi Bağdad hakimiyyətinin və regional ölkələrin sanksiyalarına, bir sıra dünya dövlətlərinin, o cümlədən, ABŞ-ın sərt tənqidlərinə məruz qalan Ərbilin, nəhayət, Bağdadla danışıqlara başlaması təsadüfi deyil. Əks halda, dünya ilə tam izolyasiya vəziyyətinə düşən Şimali İraqın qarşılaşacağı iqtisadi böhran nəticəsində özünü qorumaq şansı yox idi. Rəsmi Bağdadla ilkin danışıqlarda başlıca şərtlərdən biri kimi sanksiyaların ləğv edilməsinin irəli sürülməsi də Şimali İraq Kürd Muxtariyyətinin bu təzyiqlərdən nə qədər təsirləndiyini gözlər önünə sərir.
Bununla belə, Bağdad-Ərbil xəttində dialoqun siyasi partiya və quruluşlarla başladılması problemin həllini uzun zamana yayılmasına yol açır ki, bu, həm Şimali İraq Kürd Muxtariyyətinin maraqlarına cavab verir, həm də ABŞ-ın müstəqillik referendumuna baxışıyla üst-üstə düşür. Belə ki, Ərbil xalq diplomatiyası adıyla danışıqları bir neçə il uzada və özünə qarşı tətbiq olunan sanksiyaları yumşalda biləcək. Bir neçə ildən sonra isə beynəlxalq dəstəyi öz arxasına alaraq, müstəqilliyini qəbul etdirəcək.
Bu da əslində ABŞ-ın referendumla bağlı mövqeyinə uyğundur. Zira Vaşinqton Ərbilə “müstəqil olmayın” demir, sadəcə, “ İŞİD-lə mübarizəyə mane olmamaq üçün prosesi 3 il uzadın” mesajları verirdi. Görünən budur ki, tərəflər arasındakı ilk görüşdə əldə olunan razılıq ABŞ-ın bu planının həyata keçirilməsinə şərait yaradacaq. Faktiki olaraq, Şimali İraq Kürd dövləti tanınmamış halıyla öz mövcudluğunu 3 il sürdürəcək və nəhayət, Vaşinqtonun planlaşdırdığı bir zamanda “Bağdadla danışıqlarımız baş tutmadı” deyərək, müzakirələrdən çəkiləcək. Rəsmi Bağdada İŞİD-lə mübarizə üçün verilmiş möhlət başa çatdığından Vaşinqton da Şimali İraqı dövlət kimi tanıyacaq.
“Kürdüstan” dövlətinin tanınmasının 3 il təxirə salınmasının və ya Ərbilin planlaşdırılandan xeyli əvvəl bu addımı atması təsadüfi deyil. ABŞ baxımından, bu müddət növbəti prezident seçkiləri dövrünə düşür. Görünür, Tramp hökuməti özünün növbəti və son hakimiyyət şansına iki böyük hədiyyə ilə getmək istəyir: Yaxın Şərqin İŞİD adlı kabusdan qurtarılması və bölgənin igid və məzlum xalqlarından birinin öz siyasi iradəsinin ifadəsi olan dövlətini qurması.
Sözsüz ki, özünü məzlum xalqların himayəçisi qismində görən ABŞ vətəndaşlarına bu iki hədiyyə indi verilsə, növbəti prezident seçkilərinə qədər Trampın “xidmətləri” unudular və ya öz effektini itirər. Həmin uğurun növbəti prezident seçkiləri ərəfəsində qazanılması isə Tramp iqtidarına siyasi divident gətirər, xarici siyasət sahəsində keçmiş hökumətlərin əldə edə bilmədiyi nailiyyət kimi indiki komandanın aktivinə yazılar və ona səs qazandırar. Görünür, Tramp iqtidarının başbilənləri əllərindəki siyasi kapitallarını tam zamanında xərcləmək niyyətindədirlər.
Şimali İraq Kürd Muxtariyyətinin 3 il tələsməsi də sırf seçki marafonunda qazanılacaq siyasi dividentə hesablanıb. Məlum olduğu kimi, Şimali İraqda növbəti prezident seçkiləri 2013-cü ildə keçirilməli idi. Həmin ilin avqust ayında muxtariyyətin parlamenti seçkiləri müxtəlif bəhanələrlə 2 il təxirə salındı. 2015-ci ildə yenidən seçki dövrü yaxınlaşanda da yenə iqtisadi çətinliklər, seçki keçirmək üçün maliyyə çatışmazlığı bəhanə edilərək bənzər qərar verildi. Nəhayət, 4 illik geçikmədən sonra keçirilən referendumun ardından Bərzani hökuməti növbəti seçkilərin zamanı açıqladı: 2017-ci ilin noyabrı, yəni gələn ay. 4 il müxtəlif bəhanələrlə təxirə salınan seçkilərin referendumdan 2 ay sonra tələm-tələsik keçirilməsi mövcud kürd hakimiyyətinin ona siyasi divident mənbəyi kimi baxdığını bir daha təsdiqləyir.
Referendum qərarının Bərzaninin ən ciddi rəqibi Calal Təlabaninin ikinci dəfə ağır xəstələnməsi dövrünə düşməsi isə Bərzaninin nə qədər fürsətcil olduğunu göstərir. Nədən ki, bir neçə il əvvəl beyninə qan sızan Təlabani Almaniya həkimlərinin səyləri nəticəsində həyata qaytarılsa da, onun ömür estafetinin artıq tamamlandığı və son günlərini yaşadığı bəlli idi. Təlabaninin ikinci dəfə sağlamlıq problemləriylə bağlı Almaniyaya səfər etməsi Bərzani üçün rəqabətsiz seçki marafonu vəd edirdi və o, öz hesabında yanılmamışdı. Referendum bitər-bitməz Təlabaninin ölüm xəbərinin yayılması hesablamanın zərgər dəqiqliyi ilə aparıldığından xəbər verir.
Başqa sözlə desək, Bərzaninin siyasi gücündən istifadə edərək, seçkiləri 4 il təxirə salmasının iki mühüm səbəbi vardı. Əvvəla, 2013-cü ildə Bərzaninin ikinci dəfə prezidentlik müddəti başa çatmışdı və müxalifləri onun növbəti seçkidə namizədliyinin irəli sürülməsinə kəskin qarşı çıxırdılar. İnsafən, Bərzani də Konstitusiyaya sayqısını nümayiş etdirərək, növbəti dəfə namizədliyini irəli sürməyəcəyini açıqlayırdı. Müstəqillik referendumundan sonra bu fikrini yenidən təkrarlayan prezidentin İstiqlal Şurası yaradıb bu qurumun başına keçəcəyi, postunu isə özünə yaxın birinə ötürməyə çalışdığı bildirilir. Görünən budur ki, adı açıqlanmasa da, həmin namizəd artıq tapılıb və Şimali İraq Kürd Muxtariyyətinin MSK-sı seçkilərin gələn ay keçiriləcəyini rəsmən bəyan edib.
Şimali İraqda prezident seçkilərini 4 il əngəlləyən önəmli səbəblərdən biri də Bərzaninin ən ciddi rəqibi, sonralar isə ABŞ və İngiltərənin vasitəçiliyi ilə müttəfiqinə çevrilən Calal Təlabaninin 2013-2014-cü illərdə İraq prezidenti kimi son səlahiyyət müddətinin başa çatması idi. 2006-cı ildə ABŞ işğalı altındakı İraqın ilk prezidenti təyin edilən Təlabani 2009-cu ildə Şimali İraq liderliyinə iddiası olmadığına görə əzəli rəqibini dəstəkləsə də və Bərzani bunun sayəsində 70% səs toplasa da, 2013-də KYB liderindən eyni addımı gözləməyə dəyməzdi. Uzun illərdən bəri hakimiyyət koalisiyası yaratmalarına baxmayaraq, Şimali İraqda ciddi siyasi nüfuzu olan Təlabani əşirəti 2013-cü ildən sonra post dəyişikliyi iddia edə bilərdi və bu, Bərzaninin məğlubiyyətilə nəticələnərdi. Təsadüfi deyil ki, Calal Təlabaninin Bərzaniylə ittifaq qurmasına xəyanət kimi baxıb onun müavinliyindən ayrılan Nuşirəvan Mustafanın qurduğu Dəyişim Hərəkatı 2009-cü ildə keçirilən keçirilən parlament seçkilərində təkbaşına 25%-ə qədər səs toplaya bilmiş, 2013-cü ildə reytinqini xeyli artırmışdı. Calal Təlabaninin bu yarışa rəqib statusunda qoşulması isə Bərzani üçün daha ciddi itkilərə səbəb olardı. Odur ki, Təlabaninin 2012-ci ildə xəstələnməsiylə seçkilərin zamanını uzatmaq yolunu tutan Bərzani uyğun bir vaxtda ortaya çıxmağa qərar vermişdi.
30 ildən artıq ciddi rəqabətin əks qütbündə dayanan Təlabaninin səhhətinin bu ilin başlarında daha da ağırlaşması həmin uyğun zamanı, nəhayət, gətirdi. Bərzani vəziyyətdən istifadə edib 4 ildən bəri təxirə salınan prezident seçkilərinə müstəqillik ərmağanı ilə getmək qərarına gəldi. Haqsız da deyildi. Yalnız bu ərmağan ona bütün kürd əşirətlərinin dəstəyini qazandıra bilərdi.
Zənnimizcə, onun 3 il tələsməsinin başlıca səbəbi də bundan qaynaqlanırdı. Mərkəzi Bağdad hakimiyyəti ilə rəsmi Ərbilin Süleymaniyədə ilkin danışıqlar zamanı əldə etdiyi razılaşma isə bu tələsik qərarın buraxdığı boşluğu rahatlıqla doldurur.
Heydər Oğuz
Ovqat.com
Paylaş: