Xəbər lenti

 

Bir müddət əvvəl Afrinə girməyə çalışan Əsəd ordusuna aid hərbi maşın karvanı şəhərin 10 km-liyində Türk artelleriyasının və təyyarələrinin açdığı atəşlə qarşılanıb. Türk mətbuatının bildirdiyinə görə, yan-yörələrinə top mərmiləri yağan həmin könüllülər dərhal geri qayıtmağa məcbur olublar.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da bu faktı təsdiqləmiş və artıq bu kitabın bağlanlandığını xəbər vermişdi.

Ovqat.com bildirdirir ki, istər Rusiya, istərsə də kürd mətbuatı isə tamamilə fərqli xəbərlər yayırlar.

Rusiya mətbuatına görə, kitab heç də bağlanmayıbmış. Sən demə, Bəşər Əsədə bağlı könüllülər Türkiyənin bombardımanına baxmayaraq, Afrinə girməyi bacarıblar. Onların Xalq Qüvvələri qrupuna daxil olduqları və “legitim silahlı dəstə” kimi fəaliyyət göstərdikləri bildirilir.

Kürd mətbuatı da Bəşər Əsədə bağlı Xalq Qüvvələrinin Afrinə getdiklərini və artıq 3-cü dəstənin döyüş zonasında olduğunu təsdiqləyir. Məlumata görə, onların sayı yüzlərlədir.

Maraqlıdır ki, bu gün TSQ Afrinə gedən PKK/PYD dəstələrini top atışları ilə zərərsizləşdiyini bəyan edib. Məlumata görə, bu dəstədə 30-40 ədəd arasında maşın bulunurmuş və hamısı da vurulub.

  

İnformasiyaların ümumi analizindən belə çıxır ki, Türk topçuları özləri bilərəkdən “Xalq Qüvvələri” adlı dəstəni zərərsizləşdirmək istəməyiblər. Əks təqdirdə, eynilə PKK-çılar kimi, onlar da başına mərmilər yağdırılıb zərərsizləşdirilərdilər.

Sual yaranır: Suriya ordusuna bağlı Xalq Qüvvələri nədir? Niyə Türk ordusu top mərmilərini onların başına yox, yan-yörələrinə yağdırır? Xalq Qüvvələrinin legitimlik əsasları nədən qaynaqlanır?

Xalq Qüvvələrinin kimliyi haqqında Rûdaw-a danışan və adının açıqlanmasını istəməyən qaynağın fikrincə, Afrinə gedən bu silahlılar Təhlükəsizlik qalxanı Güclərinə bağlı Nəbil və Zəhra qruplarıdır. Bu qüvvələr könüllülərdən təşəkkül tapsa da, orduya tabedirlər.

Mənbə həmçinin həmin qüvvələrin arasında ərəb tayfalarından formalaşan “Qatırçı” birliklərinin də olduğu ifadə edib.

YPG-yə yaxın başqa bir media orqanına açıqlama verən Xalq Qüvvələri birliyinin komandiri Məhəmməd Fərəc bu səfərlərinin məqsədini belə ifadə edib:

"Afrindəki qardaşlarımıza kömək etmək və Türkiyənin Suriya sərhədi üzərindəki hücumlarına cavab vermək üçün gəlmişik. Buradan Türkiyə və Ərdoğana 'Suriya xalqı birdir' mesajını vermək istəyirik".

Afrinin Suriyanın tərkib hissəsi olduğunu vurğulayan YPG sözçüsü Brusk Haseki isə "Suriya dövlətinin sərhədlərini qorumaq məqsədiylə orduya bağlı birliklərin Afrinə gəlməsini biz istədik" deyib. Onun fikrincə, Suriya ordusuna bağlı bu güclər YPG / YPG ilə birlikdə Türkiyənin hücumlarına cavab verəcəklər.

 

Xalq Qüvvələrinin Suriya ümumilikdə 25 min üzvünün olduğu ifadə edilir. Bəs, indiyə qədər Afrinə nə qədər Xalq Qüvvələri üzvü gedib?

Bu barədə dəqiq məlumat verilməsə də, yalnız ilk dəstədə 200 könüllü olduğu bildirilir. Digər qruplarda daha artıq döyüşçülərin yer aldığı da gələn xəbərlər arasındadır.

Göründüyü kimi, istər Xalq Gücləri dəstəsi, istərsə də PKK/PYD qüvvələri Afrinə göndərilən qüvvələrin Türkiyəyə qarşı savaşmaq məqsədi daşıdıqlarını gizlətmirlər. O halda, sualın ikinci hissəsi maraq doğurur: “Türkiyə niyə bu təhlükəni beşikdəykən boğmur, onları sərhəddi keçərkən sıradan çıxarmır?

Zənnimizcə, bunun ən başlıca səbəbi informsiyalarda xüsusilə vurğulanan “legitim əsaslar”dan qaynaqlanır. Belə ki, həmin Xalq Qüvvələrinin Suriya ordusunun tərkib hissəsi kimi təqdim edilməsi Türkiyənin onları hədəf almasını çətinləşdirir. Nədən ki, Afrin, Suriyaya aid torpaq sahəsidir. Afrini qorumaq və dövlət ərazilərində hərəkət etmək istənilən ordunun ən təbii hüquqlarındandır. Bu, kiminsə bəyənmədiyi Suriya olsa belə... Belə vəziyyətdə Türkiyənin Suriya ordusuna aid silahlı qüvvələri vurması beynəlxalq hüquqdan doğan bir çox müddəaları pozması mənasına gələ və Ankaranın terrorizmə qarşı mübarizə niyyətinə kölgə sala bilər. Ankara isə məhz bu beynəlxalq hüquqların verdiyi legitim əsasları əldə bayraq tutaraq, “Zeytun Budağı” əməliyyatına başlayıb. Əməliyyata verdiyi ad da onun sülhsevər niyyətinin ifadəsidir. Nədən ki, zeytun budağı Türk və beynlxalq ictimai rəydə sülhü təcəssüm etdirir.

Qarşısına sülhpərvər missiya qoyan bir ordunun və ya dövlətin terrorçu qruplarla yanaşı, Suriya ordu birliklərini də vurması situasiyanı kökündən dəyişdirə və Türkiyəni terrorizmə qarşı mübarizə aparan dövlətdən qonşu ölkənin ərazisini ələ keçirməyə çalışan işğalçı dövlətə çevirə, daha doğrusu, bu cür assosasiya yarada bilər. Bu da öz növbəsində düşmənlərin əlində ittiham vasitəsinə çevrilər. Ankara isə beynəlxalq arenada onsuz da dörd tərəfdən sıxışırıldığı bir zamanda əlavə problemlərə yol vermədən Afrinə doğru irəliləməyə çalışır.

 

Digər bir səbəb Suriya ordusunun regional maraqlardan doğan missiyası ilə bağlıdır. Ankara nə qədə etiraf etməsə də, Bəşər Əsəd rejimi ilə onu bəzi maraqlar birləşdirir. Bu da Suriyanın torpaq bütünlüyüdür.

AKP hakimiyyətinin ilk başda sərgilədiyi Əsədə qarşı mövqeyinin nə qədər səhv olduğu Suriyanın parçalanma ehtimalı  yarandığı zaman ortaya çıxdı. Bu isə Suriya ilə yanaşı Türkiyəni də təhdid edir. Belə bir vəziyyətdə regionun Suriya ordusuna bağlı qüvvələrin əlində olması problemin həlli deməkdir.

Di gəl ki, səhvini etiraf etməkdən çox xoşlanmayan və bu günə qədər cızdığı profilə haqlı olaraq yaraşdırmayan Ərdoğan indiyə qədər Bəşər Əsəd düşmənçiliyindən vaz keçdiyini ortaya qoymağa həvəssiz yanaşır. Məhz bu iki ziddiyyətli durum arasındakı çıxış yolu sözdə Əsədə barmaq silkələmək, həqiqətdə isə ona bağlı qüvvələrin başına yox, ətrafına atəş atmaqdır. Necə ki, öz şuluqçu uşaqlarını cəzalandırdığını qonşuya göstərmək istəyən valideynlər övladlarının başına yox, yanlarına vurmağı tərcih edərlər.

Bəşər Əsədə bağlı Xalq Qüvvələri ilə PKK/PYD qüvvələri arasında əldə olunan razılıq da, prinsip etibarilə, Türkiyənin maraqlarına cavab verir. İddialara görə, kürd separatçıları bir çox mübahisəli yerlərdə nəzarəti rejim qüvvələrinə təhvil verib geriyə çəkilməlidirlər. Artıq Hələbin bir neçə məhəlləsində bu təhvil-təslim prosesinin tamamlandığı da gələn xəbərlər arasındadır. Bildirilir ki, bu zamana qədər Hələbin PYD/PKK-ın əlində olan Xüluq, Heydəriyyə, Bəni Zed, Bustan Paşa məhəllələri dünən rejim ordusuna təhvil  verildi. Təhvil verilməsi nəzərdə tutulan yerlər arasında Afrinin də adı çəkilir. Türkiyə ordusunun PKK/PYD-çiləri sıxışdırıb Xalq Qüvvələrinin Afrinə girməsinə şərait yaratması da bu zərurətlə əsaslandırıla bilər.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 741          Tarix: 23-02-2018, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma