Xəbər lenti

 

“Prezidentin ətrafında ona səhv məsləhət verən insanlar var”

Bir neçə gündür ki, Avropda siyasi mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atası İsgəndər İsgəndərovun qəbrinin təhqir olunması Azərbaycan mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İstisna olunmur ki, məzarın insanlığa sığmayan iyrənc bir şəkildə təhqir edilməsi və bu biabırçılığın internetə yerləşdirilməsi sifarişlə yerinə yetirilib. Bu, mediada və sosial şəbəkələrdə gedən müzakirələrdən də aydın görünür.

 “Prezidentin və ailəsinin təhqir olunmasında kim maraqlı ola bilər” sualına cavab verən tanınmış vəkil Quban Məmmədov Ovqat.com-a dedi ki, o, bu barədə dəqiq bir söz deyə bilməz:

“Amma prezidentin  köməkçisi Əli Həsənovun jurnalistləri iki gün bundan əvvəl Vidadi İsgəndərliyə qarşı söyüş kompaniyasına dəvət etməsi, səfərbəlik elan etməsi göstərir ki, Prezidentə ətrafında səhv məsləhət verən və onu səhv yönəldən insanlar var”.

“Cinayət Məcəlləsinin 345-ci maddəsində Vidadi İsgəndərli adı yoxdur”.

Q. Məmmədovun fikrincə, Xəzər TV-də Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunması ilə bağlı kadrların tez-tez yayımlanması bir daha sübut edir ki, həmin telekanalda işləyən kimdirsə, Vidadi İsgəndərlini sakitləşməyə qoymurlar: “Məqsədləri Vidadi İsgəndərlini tez-tez qıcıqlandırıb, Prezidenti və onun ailəsini söymyə yönəltməkdir. Sonradan isə, guya, Prezidenti müdafiə edirləmiş kimi özlərini “şirin” salmaq siyasəti aparırlar. Amma bu məsələyə Vidadi İsgəndərlinin ailəsinin şəxsi problem kimi baxmaq, məncə, kökündən yanlışdır. Söhbət Vidadi İsgəndərlinin atasının qəbrindən getmir, söhbət qəbrdən gedir. Cinayət Məcəlləsinin 345-ci maddəsində Vidadi İsgəndərli adı yoxdur. Orada yazılıb ki, qəbrin üstündə təhqiramiz hərəkətlər edənlər 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Söhbət Azərbaycan xalqının milli adət, ənənəsindən, İslam dininin dəyərlərindən, qanunlardan gedir. Erməni qəbri olsa belə, Azərbaycan ərazisində təhqir olunan istənilən qəbrə görə bunu edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Mən məsələnin Vidadi İsgəndərli, İsgəndərlilər ailəsinin problem kimi təqdim olunmasının qəti əleyihinəyəm və Xəzər TV-də də bu kardrların te-tez yayımlanması, bir daha deyirəm, Vidadi İsgəndərlini yalnız qıcıqlandırmaq, qızışdırb kimlərisə söydürmək məqsədi daşıyır, əks təqdirdə, belə əxlaqsız hərəkəti cəzalandırmaq, dərhal tədbir görmək, tədbir haqqında kadrları yaymaq əvəzinə, təzədən bir qəbrin üzərinə “işəmək” kimi əxlaqsız bir hərəkəti dönə-dönə təkrarlamaq onu göstərir ki, Prezidentin ətrafında çox ləyaqətsiz və səviyyəsiz bəzi adamlar var ki, millətin hissləri ilə oynayır, adamları qıcıqlandırır”.

Qurban Məmmədov bu işlərin arxasında konkret kimin dayandığı məsələsinə aydınlıq gətirib və konkret ad da çəkib:

 “Əli Həsənov ekrana çıxır, açıq şəkildə jurnalistləri çağırır ki, siz niyə susursunuz, söyün. Hətta neçə vaxtdır çox təəccüblənirdim ki, bu övladlıqdan məhrum etmək, oğulluqdan imtina etmək ideyasını ortalığa kim atıb? - sən demə, bu, Əli Həsənovun ideyası imiş. Adam özü etiraf edir və hətta uzağa gedərək  deyir ki, Azərbaycan ondan imtina etməlidir. Bu imtina nə deməkdir?! Ananın oğuldan, bacının qardaşdan imtina etməsi nə deməkdir?! Bunun hüquqi nəticələri nədir? Azərbaycan xalqı öz vətəndaşından necə imtina edə bilər?

 Əli Həsənovla vaxtilə yaxın münasibətlərdə olub, çörək kəsdiyini gizlətməyən Qurban Məmmədov indi “köhnə dostunun” əməllərini görüb dəhşətə gəldiyini bildirir, amma bəzilərinin dediyi kimi, onun FETÖ-yla əlaqəsi olmadığına da inanmır:

“Bu adamla xeyli yaxşı münasibətimiz olub. Amma indi onun davranışlarını görüb dəhşətə gəlirəm ki, Moskvada ali təhsil alan, adının qabağında elmlər doktoru titulu yazılan bir adamın səviyyəsi budur? Bu adam çıxıb jurnalistləri çağırır ki, siz Vidadi İsgəndərlini söyün, bura Gülənin nə dəxli var? Bu, Gülən hərəkatı deyil. Bu, Əli Həsənov hərəkatınn birbaşa metodlarıdır. Ölkədə daha ciddi məsələlərdən, seçki saxtakarlağından diqqəti yayındırmaq üçün belə axmaq, süni gündəm yaradırlar”,-deyə vəkil vurğulayıb.

 “Bu, Prezidentə və ailəsinə xəyanətdən başqa bir şey deyil”

Q. Məmmədov onu da nəzərə çatdırdı ki, o şəxsən son vaxtlar hakimiyyətdə təmsil olunan bir çox adamların müraciətlərindən, çıxışlarından bir şey başa düşub ki, bu qəbrin təhqir olunması məsələsi çox yüksək səviyyədə rəsmi vəzifəli şəxslərin ideyasdır, təşklatçılığıdır: “Ona görə də onlar maraqlı deyillər ki, cinayətkarı tapsınlar, cəzalandırsınlar. Çünki elədiklərinin üstü açılacaqdır. Bu da dolayısı ilə Prezidentə və ailəsinə xəyanətdən başqa bir şey deyil, hələ Azərbaycan xalqının heyisyyət və ləyaqətinə “tüpürməyi” demirəm.

Tanınmış vəkilin fikrincə, söyüş kampaniyasının son məqsədlərindən biri də Azərbaycanı terroru müdafiə edən dövlət kimi dünyaya tanıtmaqdır. Vəkil bu fikrini belə əsaslandırıb:

“İlham Əliyevi söyənlərdən Mikayıl adlı birini (Ağdamlıdır) Avropada 3-4 gün bundan əvvəl oğurlayıb, aparıblar. Məcbur ediblər müsahibə versin. Onu da almanlar görüb polisə xəbər veriblər, polislər onu xilas ediblər. Bununla Avropada Azərbaycanı terrorçu dövlət kimi müzakirə etməyə başlayıblar. Almanlar həmin adamları tutsa, onlar da desə ki, sifariş bizə Azərbaycandan gəlib, onda ölkəmizi terrorçu bir dövlət kimi ittiham edə bilərlər. Ola bilsin ki, bu, Azərbaycana qarşı bir təxribatdır. Yəni bütün versiyaları araşdırmaq lazımdır”.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 896          Tarix: 15-03-2018, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma