Bu hakimiyyətdən az-çox zərər görənlərdən biri də mənəm. Qarşımda nə qədər əngəllər yaradıldığından danışıb nə köhnə palan içi eşmək istəyirəm, nə də “ağlamağı” özümə yaraşdırıram. Sadəcə onu demək istəyirəm ki, indiki hakimiyyətə qarşı ən kəskin fikirləri səsləndirənlərdən biri olmuşam və bunun bədəlini ödəmişəm, indi də ödəməkdəyəm. Amma heç vaxt mübarizəmi ailə-məişət müstəvisinə endirib söyüş-təhqirə varmamışam. Açığı, indiki söyüş kampaniyasını da bəyənmirəm.
Fəqət təhqir kampaniyasına girişənləri də birtətəfli olaraq günahlandırmıram. Mənim fikrimcə, bu kampaniyanın əsas günahkarlarından biri onlardırsa, digəri iqtidar ideoloqlarıdır. Təkcə ona görə yox, onlar da zaman-zaman müxalifləri eyni qaydada təhqir edir və indiki ürəkbulandıran durum da əslində bu təhqirlərə cavab xarakteri daşıyır.
Həm də ona görə ki, bu kampaniyaya qoşulanlar mövcud hakimiyyətin ancaq təhqirdən anladığı və tərbiyyəsizləri sevdiyini görürlər. Şəxsən mən jurnalistika fəaliyyətində bunu dəfələrlə müşahidə etmişəm. Hakimiyyət tənqid edənləri ən sərt şəkildə cəzalandırdığı halda, təhqir edənləri həmişə mükafatlandırıb; özü də müxalifəti və ya iqtidarı söymələrindən asılı olmayaraq. Hətta bir çox hallarda hakimiyyəti, özəlliklə də İlham Əliyevi söyənlər daha böyük mükafata layiq görülüblər və “islah” olunandan sonra media patronlarına çevriliblər. Sanki Azərbaycan hakimiyyətinin media siyasətini idarə edənlər qəsdən ölkə rəhbərini söydürmək istəyirlər.
Mənim beynimdə uzun illərdən bəri formalaşan bu qənaəti Vidadi İsgəndərlinin atasının məzarına qarşı törədilmiş tərbiyyəsizlik daha da qüvvətləndirdi.
Düzünü desəm, hakimiyyətdəki bəzi söyüşçü dəstənin qəsdən bu təxribatı törətdiklərinə inanıram. YAP idarəçilərindən birinin sözügedən vəhşiliyin məsuliyyətini üstlənməsi, hadisənin partiya gəncləri tərəfindən törədildiyini açıq-açığına etiraf etməsi də iddiamı təsdiqləyir.
Fikrimcə, ölülərin ruhunu incidən YAP ideoloqlarının məqsəd söyüş kampaniyasını qızışdırmaq və bir növ, özlərinə süni şəkildə ehtiyac yaratmaqdır. Çünki söyüşdən başqa əllərindən heç nə gəlməyən bu adamlar ancaq qarşılıqlı təhqirlərin meydanda at oynatdığı zaman bir işə yaraya və prezident seçkilərindən sonra aparılması gözlənən kadr islahatlatlarından özlərini sığortalaya bilərlər. Daha başqa təbirlə desək, “Hüseynova bacıları” üçün prezidentin söyülməsi lazımdır ki, onlar da öz məharətlərini göstərsinlər və gözlənilən islahatların qarşısını alsınlar.
Paylaş: