Xəbər lenti

 

Məlum olduğu kimi, sentyabrın 7-də Tehran sammitində Türkiyə prezidenti ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında mübahisəyə varan polemika olmuşdu. Ərdoğanın atəşkəs təklifinə qarşı çıxan Putinin bu davranışı Yaxın Şərqd yaranmaqda olan Türkiyə-İran-Rusiya ittifaqı ehtimalı ətrafında böyük bir sual işarəsi yaratmışdı.

Maraqlıdır ki, Rusiya digər müttəfiqi İranı da heçə sayan siyasətilə Astana razılaşmalarını pozmaq ərəfəsindədir. Hər halda İran rəsmilərinin açıqlamaları bu versiyanı ağla gətirir.

 

***

“Rusiya və Səudiyyə Ərəbistanı neft bazarını tarazlaşdırma bəhanəsi ilə İranın payını ələ keçirməyə çalışır”.

Ovqat.com xəbər verir ki, bu iddianı İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili irəli sürüb.

İranın SHANA xəbər agentliyinə verdiyi açıqlamasında ABŞ-ın İrana qarşı sanksiyalarının dünya neft bazarını Rusiya və Səudiyyə Ərəbistanının girovu halına gətirdiyini deyən Ərdəbili bəzi OPEK üzvlərini ABŞ-la qol-boyun olmaqda və təşkilatın təsisçilərinə zərbə vurmaqda ittiham edib. Onun fikrincə, Səudiyyə Ərəbistanı OPEK-in müəyyən etdiyi miqdarın üzərində neft hasil edir və Birləşmiş Ərəb Əmirlikləri də (BƏƏ) özünü rəsmi Riyadla birlikdə ABŞ-ın OPEK-dəki vasitəçisi kimi aparır.

 “Halbuki, OPEK nizamnamənin ikinci maddəsi üzv ölkələrin maraqlarının qorunmasını tələb edir. Bu qurum qanunsuz və birtərəfli sanksiyalara məruz qalan üzvlərini qorumağa məsuldur" – Ərdəbili belə deyib.

 ABŞ-ın 5 noyabrda start verəcəyi ikinci sanksiya paketi İranın neft ixracatını sıfırlamağı hədəflədiyini bildirən Ərdəbili bunun xam xəyal olduğunu deyib:

“Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatlarını ən yüksək səviyyəyə çıxarsalar belə, İranın neft ixracını tamamilə kompensasiya edə bilməzlər”.

Qeyd edək ki, ABŞ-ın 5 noyabrda tətbiq edəcəyi ikinci sanksiya paketində  İranın Milli Neft, Neft Ticarəti və Milli Tanker şirkətlərinə məhdudiyyətlər gətiriləcəyi, iqtisadiyyatı böyük ölçüdə neftə asıl olan İrandan neft məhsullarının alışına qadağalar qoyulacağı gözlənilir. Ölkənin neft ticarətini tamamilə hədəfə alan ikinci sanksiyalar mərhələsinin həyata keçirilməsinə iki aydan az vaxt qalsa da, onun ixracatı apreldən bu yana 28 faiz azalıb.

Belə bir şəraitdə Ərdəbilinin narahatlığının digər əsasları da var. Zira beynəlxalq enerji analitiklərinin hesabatlarına görə, İranın Avropadakı neft itkilərini bu aydan etibarən Rusiya qarşılayacaq. Bildirilir ki, Moskva Avropa neft şirkətlərinin İrandan idxalı dayandırmasından faydalanmaq niyyətindədir. O, Avropa İttifaqı ölkələrinin İrandan aldıqları neft və qazı öz enerji resursları ilə qarşılamağa çalışacaq və beləcə, İranın qlobal enerji bazarındakı payını ələ keçirəcək.

OPEK ölkələrinin tarixi təcrübəsi də İranın narahatlığının əsaslı olduğunu göstərir. Tarixi təcrübələr sübut edir ki, OPEK ölkələri, nə qədər bir-birinin maraqlarını qorumaq üçün yaradılsa da, bir ölkənin bazar sıxıntısından istifadə edən digər hasilatçılar həmişə onun bazarını ələ keçirməyə çalışırlar. Vaxtilə Səudiyyə Ərəbistanı İsrail-ərəb savaşlarında neftdən strateji silah kimi istifadə etməyə çalışarkən, onun bazar payını digər hasilatçılar ələ keçirmişdi. ABŞ-ın İrana qarşı tətbiq etdiyi əvvəlki sanksiyalarda da Tehran öz payının yarısını itirmişdi. Bu itkini yenə digər hasilatçılar doldurmuşdular.

İrana qarşı ən böyük sanksiyaların tətbiq olunması gözlənilən son böhran zamanı o, keyfiyyətcə bənzər, kəmiyyətcə daha ciddi itkilərlə üzləşə bilər. Maraqlıdır ki, İranın yerini doldurmağa çalışanlardan biri onun Yaxın Şərqdəki əsas müttəfiqi Rusiya olacaq.

Rusiyanın üz-üzə qaldığı indiki çətin vəziyyətdə “dosta xəyanət” bayrağını qaldırması başadüşüləndir. ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanı da xeyli çətin vəziyyətə salıb və özünü qorumaq üçün müttəfiqinə arxadan zərbə endirmək məcburiyyətində qoyub. Necə ki, meymun boğulanda öz balasını ayaqları altına alır.

Başqa sözlə desək, ABŞ-ın asi dövlətlər üçün hazırladığı sanksiyalar taktikası regional müttəfiqləri yavaş-yavaş düşmənə çevirir. Rusiya-Türkiyə münasibətlərindəki gərginliklər ölkə liderlərinin Tehran sammitində ortaya çıxdığı kimi, Rusiya-İran konfliktləri də qlobal neft bazarına asılılıqda özünü büruzə verir. Belə görünür ki, ABŞ Yaxın Şərq üçlüyünü bir-birindən ayırmaq üçün mürəkkəb kompozisiyalı gedişlər fikirləşib və öz bu gedişlərlə öz istəyinə də nail olur.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 439          Tarix: 17-09-2018, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma