ABŞ-ın Rusiya və Çinə qarşı yürütdüyü siyasətin mərkəzində dollar savaşı dayanır.
Ovqat.com xəbər verir ki, bu iddianı rus iqtisadçısı Ronan Manli irəli sürüb.
İqtisadçının fikrincə, hər iki ölkə öz dollar rezervini qızıla çevirərək, ABŞ-ın dünya iqtisadiyyatı üzərindəki hakimiyyətini sarsıtmağa çalışırlar: “10-15 il əvvələ qədər iki ölkənin qızıl ehtiyyatı 400 ton idisə, indi bu rəqəm 3670 tona yüksəlib”.
Ronan Manliye görə, Rusiya və Çin birlikdə ABŞ-dan daha çox qızıl ehtiyatına malik olacağı təqdirdə, onun qlobal iqtisadiyyatdakı mövqeyinə zərbə endirmiş olacaqlar.
Maraqlıdır ki, bənzər iddianı Türk iqtisadçıları da irəli sürürlər. Adı açıqlanmayan “Halkbank” bankının sabiq yetkililərindən biri mətbuata açıqlamasında ABŞ-da keçirilən Zarrab məhkəməsinin başlıca səbəbini Türkiyənin dollara ehtiyacının azalmasıyla əsaslandırıb. Onun fikrincə, Türkiyə ABŞ-ın İrana qarşı tətbiq etdiyi heç bir sanksiyanı pozmayıb. Sadəcə, sanksiyaların əhatə dairəsinə daxil olmayan yollardan istifadə edərək, İranla ticari əlaqələrini sürdürüb: İrandan aldığı neft və qaz məhsullarının əvəzinə Türk istehsalı olan, yaxud xaricdən idxal edilən mallar verib. Nəticədə iki dövlət arasında ticari əlaqələr dollarsız həyata keçirilib.
Maraqlıdır ki, Türkiyə-İran ticari əlaqələri də bir müddət eynilə Rusiya və Çində olduğu kimi qızıl üzərindən aparılıb. Yəni İrandan alınan malların qiyməti xaricdən idxal edilən qızılla ödənilib.
2013-cü ilə qədər İrana qarşı sanksiyalarda qızıl ticarətinə qadağa qoyulması nəzərdə tutulmadığından bu ödəniş şəkli rahatlıqla yürüyüb. 2013-cü ildə isə ABŞ Türkiyədən dollar tələbinin xeyli azaldığını hiss edib və öz nümayəndələrini bu məsələni araşdırmaq üçün qardaş ölkəyə göndərib. Sanksiya şərtlərini pozmadığına görə Türkiyə heç nəyi ABŞ müfəttişindən gizləməyib. Müfəttiş ölkəsinə geri döndükdən sonra İrana qızıl ixracatı da qadağalar siyahısına salınıb. Türkiyə və İran bundan sonra ödəmə vastəsi olaraq ərzaq məhsullarına yönəliblər. Yəni alınan malların əvəzinə ərzaq məhsulları ixrac olunub.
Ovqat.com
Paylaş: